Heç kim kredit götürmək istəmir

Çünki iqtisadiyyatın qan damarı olan bank sistemində böyük durğunluq yaranıb



Milli Məclisin iclasında iqtisadçı millət vəkili Vahid Əhmədov bank sektorundakı problemlərdən söz açıb. O qeyd edib ki, bank sektorunda çox ciddi problem yaranıb. Deputatın sözlərinə görə, bu problemlərin həll edilməsi üçün ölkədəki bank rəhbərləri Milli Məclisə çağırılmalıdır:

"Hazırda banklarda likvidlik problemi var. Kredit portfelində göstəricilər qənaətbəxş deyil. Azərbaycanda əmanətlərin 83 faizi dollarla saxlanılır. "Əmanətlərin sığortalanması haqqında” qanun qəbul etsək də, manatda olan əmanətlərin həcminin artmasını müşahidə etmədik. Mən əvvəllər də təklif etmişdim, indi də deyirəm ki, bu məsələ ilə əlaqədar bankların rəhbərlərini parlamentə dəvət edək. Problemləri müzakirə edək. Çünki yaranmış vəziyyəti aradan qaldırmaq üçün çox ciddi addımlara ehtiyac var. Qısa müddətdə bu istiqamətdə addımlar atılmasa, Azərbaycan iqtisadiyyatında çox ciddi problemlər yaranacaq. Azərbaycan Prezidenti iqtisadiyyatın müxtəlif sahələri - tütünçülük, pambıqçılıq və sair sahələrin inkişafı ilə bağlı göstərişlər verib. Bu göstərişlərin yerinə yetirilməsi üçün bank sistemi çevik işləməlidir. Bir daha müraciət edirəm ki, bank rəhbərləri Milli Məclisə dəvət olunsun və problemlər birgə müzakirə olunsun”.

Millət vəkilinin açıqlamasını şərh edən tanınmış iqtisadçı Natiq Cəfərli "Şərq”ə söyləyib ki, bu müzakirələrin aparılması yaxşı haldı. Ən azından bankların mövqeyini bilmək lazımdır: "Bank sistemində ağır vəziyyətin yaranmasının səbəbləri öyrənilməlidir. Amma müzakirələrdən sonra ortaya mütləq bir plan qoyulmalıdır. Boş-boşuna müzakirələr bir effekt verməyəcək. Əhalinin də, bank sektorunun da gözləntiləri var. Bank sistemi hər hansı bir ölkə iqtisadiyyatının qan damar sistemidir. Orda problemlər yaşananda bütün iqtisadiyyat çökür. Müzakirələrin olması təbii ki, pozitivdir. Amma debatlardan sonra işçi qrupunun yaradılması və yaxud yol xəritəsinin yaradılması daha vacibdir. Bu yol xəritəsində bankların düşdüyü vəziyyətdən çıxması üçün müəyyən addımların atılmasına, əhalinin kreditlərinin qaytarılmasında yaranan problemlərin həlli yollarına, müəyyən kredit güzəştlərinin verilməsinə, problemli kreditlərin geri qaytarılmasının müəyyən dərəcədə uzadılmasına və yaxud da əhaliyə müəyyən güzəştlərin verilməsinə və s. məsələlərə aydınlıq gətirilməlidir. Paralel olaraq da, iqtisadiyyatı canlandırmaq üçün müəyyən addımlar olmalıdır. Çünki iqtisadiyyat da durğunluq dövrü yaşayır. İndi banklar nə istehlak, nə də kommersiya kreditləri verə bilir. Azərbaycanda kreditlər çox bahadır. Nə iş adamları, nə də vətəndaşlar bahalı kreditləri götürmək istəyir. Belə qəribə vəziyyət yaranıb. Bank sisteminin vəziyyəti düzəlməsə, ümumi iqtisadiyyatımızın tənzimlənməsi müşkül məsələdir”.

Millət vəkilinin "bank sistemi çevik işləməlidir” ifadəsinə gəlincə, ekspert qeyd edib ki, bank ucuz və uzunmüddətli kreditlər verməlidir: "Kənd təsərrüfatında qısamüddətli və yuxarı faizli kreditlərlə heç nəyə nail olmaq olmaz. Uzunmüddətli aşağı faizli kreditlərin verilməsi üçün isə, bankların resursu olmalıdır. Bankların özündə bu resurs yoxdursa, necə çevik işləyə bilərlər? Bankların təmərküzləşməsi prosesi davam etdirilib, sona çatdırılmalıdır. Böyük və güclü bankların yaradılması gündəmə gəlməlidir. Xarici bankların Azərbaycana birbaşa çıxış imkanları genişləndiriliməldir. Amma Vahid müəllimin dediyi çeviklik məsələsi ucuz və uzunmüddətli kreditlərlə bağlıdır. Təəssüf ki, bankların buna imkanı yoxdur”.

Ayyət Əhməd