Həcc ziyarətinə getmək üçün dollar istəyirlər

Sənəd qəbulunda dəyişiklik, əsasən kasıb təbəqənin ümidlərini qırıb


Manatın devalvasiyası Həcc ziyarətini də "vurdu”. Həcc ziyarətinə sənəd qəbulunda xeyli dəyişikliklər edilib və etiraf edək ki, bu, Həcc həsrətində olan, əsasən kasıb təbəqənin ümidlərini qırıb. Ziyarət qiymətlərinin bahalaşması bir yana, üstəlik, ödənişin ABŞ dolları ilə qəbulu ziyarətə getmək istəyənləri daha artıq çətinliyə salır.

Halbuki, Qafqaz Müsəlmanları İdarəsi Həcc ziyarətinə sənəd qəbulu ilə bağlı martın əvvəlində verdiyi elanda ödənişlərin milli valyuta ilə - yəni manatla aparılacağını bildirmişdi. İndi isə qəbul qaydalarına dəyişiklik edilib və pulun birbaşa banka, həm də dolların hazırkı məzənnəsi ilə ödənməsi tələb olunur. Ziyarətə getmək istəyən şəxs əvvəlcə banka dolların məzənnəsinə uyğun ödəniş etməli, aldığı qəbzi QMİ-yə təqdim etməlidir.

Bəs bu dəyişikliyə səbəb nədir?

Dünən məsələ ilə bağlı QMİ-nin xarici əlaqələr şöbəsinin müdiri Müqəddəs Payızova müraciət etdik. M.Payızov məlum dəyişikliyin səbəbini Səudiyyə Ərəbistanın "üstünə atdı”:

- Səudiyyə Ərəbistanı ödəmələri xarici valyuta ilə həyata keçirdiyindən müqavilələr də buna müvafiq dollar hesabı ilə bağlanır. Zəvvarların səfər xərclərinin, otel xərclərinin dollarla ödənməsi tələb olunur. Biz də ödənişləri dollara göndərməyə məcburuq. Əvvəlki illərdə QMİ özü ödənişləri qəbul edirdi, sonra bank vasitəsilə dollara dəyişdirirdik. İndi isə hər kəs özü banka gedib ödənişi edəcək və idarəyə ödəniş edilməsinə dair qəbz gətirəcək. Qiymətlər hər yerdə qalxıb. Səudiyyə Ərəbistanı qiymətləri 50 faiz qaldırıb. Belə şəraitdə biz də qiymətləri qaldırmağa məcburuq.

M.Payızov zəvvarların biometrik pasport almalarının vacib olduğunu dedi:

- Biz artıq elan etmişik ki, biometrik pasportlar tələb olunur. Səudiyyə Ərəbistanı sərhəddə ancaq biometrik pasportları qəbul edəcək. Hazırkı xarici pasportlar qəbul olunmayacaq. Zəvvarlar bunu bilsin.

M.Payızov başqa bir zəruri məsələni də xatırlatdı və qeyd etdi ki, ödəniş kimin adına sənədləşəcəksə, yalnız o adam ziyarətə gedə biləcək:

- Əvvəlki illərdə bəzən, kimsə müxtəlif səbəblərdən ziyarətə gedə bilmirdi, öz yerinə başqasını göndərirdi. Ancaq bu il mümkün olmayacaq. Çünki banka ödəniş edilən zaman sənədlər ödəniş etmiş şəxsin adına rəsmiləşəcək, həmin şəxsin adına Məkkədə, Mədinədə mehmanxana otağı kirayələnəcək. Sonradan adları başqası ilə əvəzləmək mümkün olmayacaq.

Qeyd edək ki, QMİ-nin rəsmi saytında xidmət haqqının zəvvarın özü, yaxud onun səlahiyyətli nümayəndəsi tərəfindən, QMİ-nin "Azərbaycan Beynəlxalq Bankı” ASC-nin "Mərkəz” filialında Səbail rayonu, Hacı Zeynalabdin Tağıyev küçəsi, 3-də qəbul olunduğu bildirilir. Məlumatda qeyd olunub ki, ziyarətin təşkili ilə bağlı xidmət haqqının əhəmiyyətli hissəsi xarici tərəfdaşlara köçürülür. Buna görə də onun məbləği ABŞ dolları ilə müəyyən edilmişdir (mehmanxana, habelə ziyarət zamanı xidmət şərtlərindən asılı olaraq 4700 (dörd min yeddi yüz) ABŞ dolları və ya 5750 (beş min yeddi yüz əlli) ABŞ dolları. Zəvvarlar xidmət haqqını ödəmə günü mövcud olan məzənnəyə uyğun olaraq ödəməlidirlər. Ziyarətlə bağlı məlumatlar QMİ-nin elektron səhifəsində (www.qafqazislam.com) yerləşdirilib.

Sənəd qəbulunda edilmiş dəyişikliklərlə bağlı "Şərq”ə danışan ilahiyyatçı Elşad Miri qeyd etdi ki, hazırda dünyada ən bahalı Həcc qiymətləri Azərbaycandadır:

- Türkiyədə Həcc ziyarəti qiyməti 3600 dollardır. Türkiyə mətbuatı yazanda ki, Həcc qiymətləri çox bahadır, mən cavab yazdım ki, ətrafınıza yaxşı baxın!.. Əslində, mən QMİ-nin qiymət artımına normal yanaşıram. Çünki özləri etiraf edirlər ki, Həcc ziyarətindən əldə etdikləri gəlir hesabına il boyu dolanırlar. Bu, din biznesidir. Çoxuna bəllidir ki, ora hər il gedən adamlar kimlərdir. Və ordan nələr gətirirlər. Burada savabdan, Allahın buyurduğunu yerinə yetirməkdən söhbət getmir. Burada ancaq biznes maraqları var. Onlar da öz biznes maraqlarından çıxış edirlər və çalışırlar, qazanc əldə etsinlər. Bu qədər bəsit.

E.Miri qeyd etdi ki, əvvəlki illərdə manat dollara nisbətdə baha olduğundan QMİ-yə ödənişləri idarədə qəbul etmək sərf edirdi. Amma indi milli valyuta dollara nisbətdə ucuzlaşdığından bu, onlara sərf etmir:

- Təbii ki, QMİ zəvvarın əvəzinə manatın dollara nisbətini ödəyəsi deyil. Ona görə də bu işi vətəndaşların üzərinə qoyurlar. Və işi də bank vasitəsilə həyata keçirirlər. Mən hələ burada bank faizinin əldə olunmasından danışmıram. Burada kifayət qədər ciddi rəqəmdən söhbət gedir. Və bu, ayrıca bir araşdırma mövzusudur. Bank bir neçə ay o pulları saxladığına görə gəlir əldə edəcək. Bu gəlirin bölüşdürülməsi məsələsi də var.

E.Miri Səudiyyə Ərəbistanın Həcc qiymətlərini qaldırdığına inanmadığını da dedi:

- Səudiyyə Ərəbistanına neftin ucuzlaşmasının nə təsiri var? Bu ölkə iqtisadi böhran yaşamır ki, qiymətləri qaldırsın. Dollar bizdə bahalaşıb, bunun SƏ-yə nə dəxli? Mən QMİ-nin SƏ-nin qiymətləri guya 50 faiz qaldırması barədə dediklərinə də inanmıram. 50 faiz artım olsaydı, onda gərək Həcc qiymətləri 4700 dollar yox, 7000-8000 ABŞ dolları olardı (Ötən il ən aşağı qiymət 3250, ən yüksək qiymətsə 4100 manat idi). Bir də ki, Məkkədə otellər manatın devalvasiyasından əvvəl artıq tutulmuşdu. Ödənişlər də deyə bilmərəm, qismən və ya tam, amma artıq edilmişdi.

Məlahət Rzayeva