Həcc ziyarətinin qiyməti bahalaşacaq
Elşad Miri: “Qiymətlərin dollarla müəyyənləşdiyi bir vaxtda əlbəttə, Azərbaycan zəvvarları üçün də çox ciddi rəqəmlər olacaq”
Həcc ziyarətinin qiymətlərində yenə artım gözlənilir və əslində, bu, reallığa uyğundur. Ötən il də təxminən bu vaxtlar manatın devalvasiyaya uğraması səbəbindən Həcc qiymətləri sıçrayış etdi. 3250-4100 manat arası olan qiymətlər 4700-5750 manata qalxdı. Qiymətlərin kəskin qalxması zəvvar sayına da təsir etdi.
Necə deyərlər, pul kisəsini 3-4 minlik doldurmağı planlaşdıranlar birdən-birə 2 min ABŞ dolları əlavə xərc çəkmək iqtidarında olmalıdır. Yəqin buna görədir ki, ötən il Həcc ziyarətinin başlanmasına sayılı günlər qaldığı bir vaxtda Azərbaycan üçün ayrılmış kvotanın dolmadığı bilindi. Doğrudur, sonra kvotanın dolması haqda da məlumatlar verildi. Amma bunun hansı dərəcədə səhihliyi və nəyin hesabına başa gəldiyi hələ də müəmmalıdır. Ümumiyyətlə, ötən Həcc mövsümü zəvvarlar üçün çox çətin və bəzi hallarda hətta faciəli keçdi. Əvvəlcə Məscidül-Həram ətrafında qaldırıcı kranın aşması 100-ə yaxın zəvvarın həyatına son qoydu. Daha ağır itki isə Minada yaşandı. Şeytan daşlama mərasimində yaranmış sıxlıq zamanı 400-dən artıq zəvvar həlak oldu. Həlak olanların əksəriyyətinin İran İslam Respublikası zəvvarlarının olması isə bu ölkə ilə təşkilatçı tərəf - Səudiyyə Ərəbistanı arasında onsuz da soyuq münasibətləri bir qədər də gərginləşdirdi. Nəticədə İİR ümrə və Həcc ziyarətlərindən imtina qərarı verdi. İİR-dən hər il Həcc ziyarətinə xeyli sayda zəvvarın gəldiyi nəzərə alınarsa, imtina qərarı tutarlı maliyyə itkisi hesab edilə bilər.
Bu il Həcc mövsümündə qiymətlər necə olacaq və kvotalar yenə azaldılacaqmı? Hələ ki, rəsmi təsdiqlənməmiş xəbərlərə görə, qiymətlərin qalxacağı və kvotanın da azaldılacağı gözlənilir. Bu il Azərbaycandan Həcc ziyarətinə 1500 zəvvarın gedəcəyi proqnozlaşdırılır. Bu isə ötənilki zəvvar sayı ilə müqayisədə 900 nəfər azdır. Birdən-birə sayda bu qədər azalma nə ilə bağlıdır? Yalnız qiymət artımı iləmi?
Qafqaz Müsəlmanları İdarəsi suallara cavab verməyə tələsmir. İdarədən bildirildi ki, Səudiyyə Ərəbistanı ilə müqavilələr hələ tam bağlanmadığından bu haqda dəqiq informasiya vermək mümkün deyil. Gərək müqavilələr imzalansın ki, kvota da, qiymətlər də dəqiqləşsin. Bu isə ancaq növbəti həftədə mümkün olacaq.
Həcc ziyarəti barədə məlumatlı olan ilahiyyatçılar isə qiymətlərin yenə də artacağını labüd sayırlar. Kvotanın azalmasını isə bir neçə amillə bağlayırlar.
İlahiyyatçı Elşad Miri "Şərq”ə açıqlamasında Həcc qiymətlərində artım olacağını bildirdi:
- Bunu gözləmək lazımdır. Qiymət artımı onsuz da olacaq. Hazırda Səudiyyənin özündə, hətta neftin qiymətdən asılılığı düşünülməyən Birləşmiş Ərəb Əmirliklərində də iqtisadi böhran müəyyən qədər hiss olunur. Qiymətlərin dollarla müəyyənləşdiyi bir vaxtda əlbəttə, Azərbaycan zəvvarları üçün də çox ciddi rəqəmlər olacaq. Həcc ziyarətinə hazırlaşan bunu bilməlidir. Azərbaycana ayrılan kvotanın azaldılması isə birbaşa gedənlərin sayının azlığı ilə bağlıdır. Məncə tamamilə düzgün addım atıb kvotanı azaldırlar. Təşkilatçı mən də olsam, belə edərəm. Yerləri niyə boş saxlamalıyam, bir halda ki, bəzi müsəlman ölkələri kvotanın artırılmasını xahiş edir, ziyarətə getmək istəyənlərin də sayı çoxdur. Məsələn, Türkiyə hər il kvotanın artırılmasını istəyir. Çünki orada illərlə növbə gözləyənlər var. Eləsi olur, heç ömrü buna vəfa etmir. Bizdə isə həmişə kvota gen-bol olub, bir adam bəlkə 20 dəfə ziyarətə gedib. Amma indiki qiymətlərlə
nəinki kasıb, orta gəlir səviyyəsi olan vətəndaş da çətin ki, Həcc ziyarətinə gedə bilsin. Və əslində, Allahın buyruğu da budur ki, imkanı olan Həcc ziyarətinə getməlidir. Zəvvarın maddi imkanı birinci şərtdir. Allah-təala isə Həcc ziyarətini imkanı çatanlar üçün vacib buyurub. Yəni, bir müsəlmanın Həcc ziyarətinə getməsi ailəsinin maddi sıxıntı çəkməsinə səbəb olmamalıdır. Ona görə də belə bir vəziyyət yaranır. Kvota azaldılır və ya dolmur... İmkanlılar var ki, getmək istəmirlər, imkanı olmayansa, təbii ki, gedə bilmir. Azərbaycanda guya ki, əhalinin Həcc ziyarətinə maraq göstərməməsi haqda deyilənlər də cəfəngiyyatdır. Həcc ziyarətini arzulayıb maddi imkansızlıqdan gedə bilməyənlər, imkanı olub getmək istəməyənlərdən qat-qat çoxdur. Bizdə zəvvar sayında azalmanın əsas səbəblərindən biri, qiymətlərin çox baha olmasıdır. Digər müsəlman ölkələri ilə müqayisədə ən baha qiymət Azərbaycandadır.
E.Miri ümumiyyətlə, ölkələrə ayrılan kvotaların sayında azalma müşahidə edildiyini vurğuladı:
- Ötən Həcc mövsümündə Türkiyənin kvotası da səhv etmirəmsə, 20 faiz azaldılmışdı. Bu ilk növbədə Kəbə evi ətrafında aparılan tikinti, abadlıq işləri ilə bağlıdır. Kəbə evi çevrəsində tikinti işləri 2025-ci ilə kimi davam edəcək. Orada bəzi mehmanxanaların sökülməsi planlaşdırılır və s. Hesab edirəm ki, bu işlər başa çatanadək zəvvar sayının azaldılması davam edəcək. Çünki həqiqətən də böyük sıxlıq yaşanır.
İranın Həcc ziyarətindən imtinasının təsirlərinə gəlincə, E.Miri bunun SƏ üçün o qədər böyük itki olmayacağını dedi:
- "Qurani-Kərim”də yazılıb ki, Həccin vaxtı müəyyən aylardır. Yəni, Həcc ziyarətinin yalnız və yalnız Zülhiccə ayında gedilməsi kimi kəskin bir şərt qoyulmayıb. Amma mən ümrə ziyarəti zamanı da az qala Həcc vaxtındakı qədər zəvvar olduğunu müşahidə etmişəm. Bunu da deyim ki, ümrə ziyarəti zamanı Mədinədə mehmanxana qiymətləri hiss ediləcək qədər azalmışdı. Bunu da İran zəvvarlarının ümrə ziyarətindən imtinası ilə bağlayırdılar. Yəni, gələnlərin sayı azaldığından mehmanxanalar qiymətləri endirmişdi. Amma düşünmürəm ki, Həcc ziyarəti zamanı da belə olsun. Çünki əvvəla, ümumilikdə müsəlmanların sayında artım var. İkincisi, İran zəvvarlarının yerinə namizədlər çoxdur. Onlar üçün bu, bir fürsətdir ki, kvotalarının artırılmasını istəsinlər. Çox güman ki, SƏ da İranlı zəvvarların yerini digər arzu edənlərlə dolduracaq. Bu baxımdan, İranın Həccdən və ya ümrədən imtinası SƏ-ni ziyana salmayacaq.
Məlahət Rzayeva