“Həcər Pənahlı şikayət verə bilərdi”

“Nəyə əsasən Nemət Pənahlının fevralın 26-da “Qobustan”dan köçürüləcəyini iddia etdiyini bilmirəm”




Milli Azadlıq Hərəkatının öncül simalarından olan Nemət Pənahlının fevral ayında başa çatacaq Qobustan cəzası iyun ayına qədər uzadılıb. Nemət Pənahlının həyat yoldaşı Həcər Pənahlının sözlərinə görə, fevral ayının 26-da Qobustan həbsxanasından 17 saylı cəzaçəkmə müəssisəsinə köçürülməli olan partiya sədrinə iyun ayında təcridxanaya qaytarılacağı deyilib.

Əsas kimi, Apellyasiya Məhkəməsinin qərarı göstərilib: "Neməti iyun ayına saxlayıblar. Fevral ayının 26-da onu köçürəcəklərini demişdilər. Nemət mənə zəng edib dedi ki, məni köçürmürlər. Guya ki, Nemət barəsindəki Apellyasiya Məhkəməsinin qərarına uyğun belə addım atırlar. Üç ilin tamamı iyun ayında bitir. Qərarın üç il öncənin iyun ayında verildiyini əsas gətiriblər. Amma əslində əvvəlcədən fevral ayında köçürülməsinə qərar verilmişdi. Qobustan cəzasının verildiyi məhkəmə qərarında qərarın verildiyi gündən qüvvəyə mindiyi yazılıb. Amma Apellyasiya Məhkəməsində də eyni sözlər yazılıb. Nəyə görə saxladıqlarının səbəbini biz də bilmirik. Təbii ki, bunlar bir bəhanədir. İndi də deyirlər ki, iyunun ortalarında köçürüləcək. Yəqin ki, o zaman həbs müddəti azaldığına görə gözdən pərdə asmaq üçün Neməti "zon”a qaytaracaqlar. Açığı onun 17 saylıya qaytarılacağına inanmıram. Səhhəti hazırda çox pisdir. Yaxşıya doğru heç nə getmir, hər şeyi pisləşir. Uzunmüddətli görüşdən sonra hazırlıq görürdük ki, 17 saylıya gedəcəyik. Amma görünür, növbəti görüşümüz də Qobustanda olacaq”.

Qeyd edək ki, N.Pənahlı 2011-ci il yanvarın 8-də tutulub, xuliqanlıq və qəsdən sağlamlığa az ağır zərər vurma ittihamı ilə 6 il müddətinə azadlıqdan məhrum edilib. O, Qobustan həbsxanasına 17 saylı Cəzaçəkmə Müəssisəsi rəisinin 2013-cü ilin yayındakı təqdimatı əsasında köçürülüb.

Ədliyyə Nazirliyi yanında İctimai Komitənin üzvü, hüquq müdafiəçisi Səadət Bənənyarlı Nemət Pənahlının işi ilə yaxından tanış olmadığı üçün konkret fikir bildirməyin çətin olduğunu deyib: "Apellyasiya Məhkəməsinin qərarında nə yazılıbsa, proses də ona uyğun həyata keçirilməlidir. Əgər məhkəmənin qərarında Nemət Pənahlının iyunun ortalarında 17 saylı Cəzaçəkmə Müəssisəsinə köçürüləcəyi qeyd olunubsa, burada qanunsuz heç nə yoxdur. Amma mən Həcər xanımın nəyə əsasən Nemət Pənahlının fevralın 26-da "Qobustan”dan köçürüləcəyini iddia etdiyini bilmirəm. Əgər onların Apellyasiya Məhkəməsinin qərarından şikayətləri vardısa, bununla bağlı şikayət verə bilərdilər”.

Şəymən