“Hələ 29 il bundan öncə demişdim...”

Sabir Rüstəmxanlı: “Türkiyə üzünü Şərqə çevirməlidir, çünki Avropa türkləri aldadır”



Türkiyənin Milliyyətçi Hərəkət Partiyasının (MHP) sədri Dövlət Baxçalı Türkiyə və Azərbaycanın birləşməsini təklif edib. Baxçalı Türkiyənin nə Avropa Birliyi, nə də Şanxay Əməkdaşlıq Təşkilatına üzv olmasının tərəfdarı olmadıqlarını bildirib: "Türkük, Türkçüyük, Turanın sevda və hədəfindəyik. Nə Avropa Birliyini, nə Şanxay Əməkdaşlıq Təşkilatını seçirik. Biz sonuna qədər Türk Birliyi deyirik.

Niyə Azərbaycanla bir olmayaq? Niyə 300 milyonluq Türk Dünyasıyla birlik olmayaq?”. 

MHP sədrinin birlik təklifi Vətəndaş Həmrəyliyi Partiyasının rəhbəri, Dünya Azərbaycanlıları
Konqresinin həmsədri Sabir Rüstəmxanlı tərəfindən də dəstəklənib. Təkliflə bağlı "Şərq”ə danışan sabiq deputat deyib ki, Avropa Parlamentinin Türkiyə ilə danışıqları dondurması və qardaş ölkə rəsmilərinin buna layiqli cavab verməsi əslində çoxdan baş verməliydi: "

1987-ci ildə Türkiyənin Ərzurum şəhərində görüşümüz var idi. Orada türk mediasına açıqlamam oldu və ölkə mətbuatı fikirlərimi manşetə çıxardı. Hələ 29 il bundan öncə demişdim ki, Türkiyə üzünü Şərqə çevirməlidir, çünki Avropa türkləri aldadır. Avropa Birliyi heç vaxt istəməz ki, güclənən Türkiyə onların birliyində təmsil olunsun. Çünki AB xristian klubudur. Yalnız ağır şərtlərin qəbulundan sonra
Türkiyəni AB-yə daxil edərlər. O zaman da Türkiyə "qanadı qırılmış, tükü yonulmuş cücəyə” dönər.
Ölkəni köləyə çevirərək, ondan qat-qat aşağı olan Avropanın quyruğuna bağlamaq Türkiyəyə
xəyanətdir, türk xalqını nüfuzdan salmaqdır. Buna qətiyyən yol vermək olmaz. Türkiyə dünya
tarixində iz buraxmış Osmanlı dövlətinin varisidir. Türk xalqı bir çox dövlət qurmuş şanlı millətdir.
İqtisadi və siyasi cəhətdən Türkiyədən xeyli dərəcə aşağıda dayanan Bolqarıstan, Çexiya, Polşa kimi
ölkələrin Avropa İttifaqına daxil edilməsi əslində həmin qurumun bəd niyyətindən xəbər verir”.

S.Rüstəmxanlı bildirib ki, Türkiyə başqa müttəfiqlər axtarışında olmalıdır: 

"Türkiyə bütün Yaxın Şərq qaçqınlarını ölkədə saxlamamalıdır. Çünki bu, Türkiyənin etnik vəziyyətini dəyişdirə bilər. Qaçqınların içində terrorçu, dini fanatizmi yayanlar, hər cür adam var. Onların qardaş ölkədə nə işi var? Türkiyə demokratik, gözəl bir ölkədir. Qoy, hökumət qapıları açsın və bütün qaçqınları Avropaya buraxsın. Çünki Yaxın Şərq böhranının yaranma səbəbi Qərb ölkələridir”. DAK
həmsədrinin sözlərinə görə, Türkiyənin "Şanxay Beşliyi” ittifaqına qatılmaq niyyəti də normaldır:
"Məncə, ora üzv olsa yaxşı olar. Türk Birliyi söhbətini dəfələrlə gündəmə gətirmişik. Türkiyə üzünü
Azərbaycana, İranda yaşayan milyonlarla soydaşımıza, Orta Asiyanın türk dövlətlərinə, Rusiyanın
türk xalqlarına çevirməlidir. Ankara türk dünyası ilə daha sıx əməkdaşlıq etməlidir. Sovet
imperiyası dağılandan sonra bu sahədə işlər görülüb. Türk xalqlarının inkişafı üçün proqramlar
hazırlanıb. Amma ümumi işlər çox ləng gedir. 25 ildə daha çox iş görülməli idi. Sanki addım atmaq
üçün kiminsə icazəsini gözləyirlər. Qorxaq siyasətlə heç nə etmək olmaz”. Partiya sədri bəyan edib
ki, türk xalqlarının taleyi, tarixi, dini, dili birdir: "Ortaq dəyərlərə sahib xalqların birlikdə ordu və ya
hansısa qurum yaratmasına, eyni pul vahidindən istifadə etməsinə kim mane ola bilər?! Sadəcə
Rusiya mane olar. Amma Rusiya ilə əməkdaşlığı inkişaf etdirməklə bu maneəni aşmaq mümkündür.
Onu da vurğulayım ki, Rusiya-Ermənistan hərbi birləşməsi türk-islam birliyinə qarşı aparılan
işğalçılıq siyasətinin davamıdır. Bu onu göstərir ki, Rusiya Cənubi Qafqazdan əl çəkmək niyyətində
deyil. Rusiyanın bu addımı müstəqilliyini elan etmiş bütün bölgə xalqlarına hörmətsizlikdir. Moskva
köhnə sovet məkanından əl çəkmədiyini göstərir və beynəlxalq aləmə meydan oxuyur. Biz bölgədə
müharibə istəmirik, münaqişənin beynəlxalq hüquq çərçivəsində həllini istəyirik. Münaqişə həll
edildikdən sonra Kreml Ermənistanla birgə ordu yarada, hətta bütün Rusiyanı Ermənistana köçürə
bilər. Kütləvi erməni köçünün qarşısını almaq üçün Moskva hələ çox oyunlardan çıxacaq”.

İsmayıl