Rusiyanın Suriyadakı addımları regiona böyük təhlükə vəd edir
"Düşünürəm ki, Moskva nə qədər bəyan etsə də, Suriyaya hücumları dayandırmayacaq”. Bu sözləri "Şərq”ə tanınmış analitik Arzu Nağıyev Rusiyanın Suriyaya hücumunun səbəbini şərh edərkən deyib. Ekspertin sözlərinə görə, Səudiyyə Ərəbistanının başçıları ilə görüş ərəfəsində bir az sakitlik yaranmışdı. Lakin Rusiyanın Suriya ilə bağlı məram və məqsədi bəllidir:
"Əsəd rejimini müdafiə edən Rusiya Qərbin dəstəklədiyi "Cəbhə Əl Nusra” və İŞİD-ə qarşı mübarizə aparmaqla, bütün müxalif qüvvələri də sıradan çıxarır. Eyni zamanda İran, İraq və "Hizbullah” ilə koalisiya qurub. Təbii ki, bu, İsraili və Türkiyəni də narahat edir. Bir sözlə, hazırda Rusiya regionda nüfuz sahibi olmağa çalışır. Amma belə bir müharibənin aparılması həddən artıq maliyyə tələb edir. Qərb isə Rusiyaya sanksiyalar tətbiq etməkdə davam edir və israrlıdır. Müharibənin dayandırılmasına səbəblərdən biri ancaq maliyyə məsələləri və əldə edilə bilməyən konkret nəticə ola bilər. Baxmayaraq ki, artıq 10 gündən çoxdur hücumlar davam edir, əsas nəticə əldə edilməyib”.
Ekspert bildirib ki, bu proseslər hazırlıqsız baş verməyib: "Hələ sovetlər dönəmindən Suriyada SSRİ-nin və sonra da varis kimi Rusiyanın hərbi bazası olub. Bu bazadan da kəşfiyyat işləri aparılıb. Bir müddət əvvəl İsrail və Türkiyə rəhbərlərinin narahatlıqla Putinlə görüşləri, İran rəhbərliyinin Rusiya ilə həmrəylik nümayişi belə bir prosesin baş verəcəyini deməyə əsas idi. Bundan başqa, artıq Rusiyanın başqa bir seçimi də qalmamışdı, məlumdur ki, ərəb ölkələrində gedən proseslərdə son hədəf də elə Rusiyanın tənəzzülü idi. Yəqin ki, Suriyadan sonra növbə İrana çatmalı idi və bu isə Rusiya sərhədlərinə daha da yaxınlaşmaq demək idi. Məhz buna görə də Rusiya ABŞ və İranın yaxınlaşmasına imkan verə bilməzdi. Məlumdur ki, İrandan Qərb sanksiyalarının götürülməsi 56 milyard dollar gəlir demək idi. Məhz buna görə Rusiya İranın da daxil olduğu koalisiya yaratdı. Bir tərəfdən Rusiya özünü bəlkə də həlli görünməyən bir labirintə atdı, digər tərəfdən də çıxış yolu məhz bu idi. Bəlkə də ABŞ Rusiyanın bu konfliktə qoşulmasını çoxdan arzulayırdı. Çünki müharibənin hər bir günü maddi cəhətdən həddən çox baha başa gəlir və bu da Rusiyanın çöküşünə bir zəmindir. Bu münaqişənin sonu çox dumanlıdır, baxmayaraq ki, Rusiya hələ güc nümayiş etdirir, qırıcılardan və hətta Xəzərdəki raket gəmilərindən istifadə edir”.
A.Nağıyev diqqətə çatdırıb ki, son nəticə kimi elə də böyük bir nailiyyət əldə edilməyib: "Bütün bu proseslər heç də ABŞ kəşfiyyatının Rusiya kəşfiyyatına uduzması kimi qiymətləndirilə bilməz. Ən qorxulusu odur ki, ümumiyyətlə, regionda qeyri-stabillik hökm sürür. Bir daha qeyd edirəm ki, Moskva qarşısına bir məqsəd qoyub ki, Bəşər Əsəd rejimi qalmalıdır, bu və ya digər formada buna mane olan qüvvələr, o cümlədən "Cəbhə Ən Nusra” və İŞİD qüvvələri məhv edilməlidir, təbii ki, Qərbin sanksiyalarına məruz qalmış dövlət kimi iqtisadi cəhətdən də Rusiya bundan kifayət qədər bəhrələnməli, eyni zamanda regionda, daha doğrusu, Yaxın Şərqdə hərbi nəzarətçiyə çevrilməlidir”.
Ayyət Əhməd