“Hələ də ata yurduma gedə bilmirəm”

Zəlimxan Məmmədli XİN başçısına müraciət etdi
“Elmar Məmmədyarov gürcü həmkarı ilə görüşlərin birində, məsələni qaldırsın”


"Hələ də Gürcüstana, ata yurduma gedə bilmirəm”. Bunu "Borçalı” Cəmiyyətinin sədri Zəlimxan Məmmədli deyib. O qeyd edib ki, məsələ ilə bağlı Gürcüstan tərəfinə sonuncu müraciəti hüquqlarının müdafiəsi ilə məşğul olan İlqar Altay edib:

"Paralel olaraq Avropa Şurası Parlament Assambleyasına (AŞPA) sənəd hazırlamışam. Millət vəkili Qənirə xanım Paşayeva Avropa Şurasında Gürcüstanın Baş naziri ilə görüşüb. Məsələ haqda danışıqlar aparılıb. Tiflisdə etibarnaməmi verib gürcü vəkil tutmuşam. O, artıq hüquqi müstəvidə iş aparır. İlkin məsələ budur ki, müvafiq dövlət orqanlarına sorğu ilə müraciət edək. Sonra cavablara müvafiq olaraq sonrakı mərhələdə məhkəmə hüququndan istifadə etmək planımız var. Təbii ki, beynəlxalq məhkəmələrin imkanlarından istifadə etmək və Gürcüstanın müvafiq məhkəmə orqanlarını işə cəlb etmək istəyirik”.

Bununla yanaşı, birlik sədri əlavə edib ki, məsələni həll etmək Azərbaycan Xarici İşlər Nazirliyinin birbaşa borcudur: "Şərq” qəzeti vasitəsilə XİN başçısı Elmar Məmmədyarova müraciət edirəm ki, vətəndaş hüquqlarımı təmin etsin. Gürcü həmkarı ilə görüşlərin birində, məsələni qaldırsın. E.Məmmədyarovla görüşmək istəyirəm. Bir dəfə görüş istəmişik. Nazir bildirib ki, Gürcüstan notaya cavab verəndən sonra görüş baş tuta bilər. Amma bu məni qane etmir. Çünki məsələ olduğu nöqtədə qalır. Buna baxmayaraq "Borçalı” Cəmiyyəti olaraq proqramımıza uyğun iş planı tutmuşuq. Fəaliyyətimizi davam etdiririk”.

Ayyət Əhməd