Hələki 3 azərbaycanlı qələbə qazanıb

Gürcüstanda keçirilən parlament seçkilərində 15 soydaşımız namizədliyini vermişdi
Əvvəlki seçkilərdən fərqli olaraq azərbaycanlılar bu dəfə marafona çox aktiv şəkildə qatılmışdılar



Gürcüstanda oktyabrın 8-də keçirilən parlament seçkiləri başa çatıb. Səhər saat 8:00-da başlayan səsverməyə saat 20:00-da yekun vurulub. İlkin məlumatlara görə, seçkilərdə seçicilərin 50 faizdən çoxu iştirak edib. Bununla da səsvermə baş tutmuş hesab olunur. Lakin bəzi majoritar dairələrdə ikinci turun keçiriləcəyi istisna edilmir. Səsvermənin tam nəticələri oktyabrın 19-da açıqlanacaq.

Keçirilən "exit-poll”arın nəticələrinə görə, seçkilərdə ən çox səsi hakim "Gürcü Arzusu” Partiyası qazanıb. Gürcüstanın Baş naziri, "Gürcü arzusu-demokratik Gürcüstan” Partiyasının sədri Georgi Kvirikaşvili qələbə münasibətilə seçiciləri və tərəfdaşlarını təbrik edib. O deyib ki, dərc olunan rəqəmlər ilkin hesablamalara əsaslanır: "Hamı son nəticəni gözləyir. Amma "Gürcü Arzusu” Partiyası artıq qalibdir”. Bundan başqa iddia olunur ki, ötən seçkilərlə müqayisədə bu dəfə marafonda gücünü sınayan Borçalı türklərinin sayında artım qeydə alınıb. Eyni zamanda Gürcüstandakı sıravi soydaşlarımız səsvermə prosesində çox aktiv iştirak ediblər. Bu ölkədə fəaliyyət göstərən "Qeyrət” Xalq Hərəkatının rəhbəri Alibala Əsgər də "Şərq”ə açıqlamasında soydaşlarımızın seçki prosesində aktivlik nümayiş etdirdiklərini söyləyib: "Seçki prosesi çox gərgin keçdi. Hakimiyyətin bütün resurslarının iştirakı ilə davam etdi. Əvvəlki seçkilərdən fərqli olaraq azərbaycanlılar bu dəfə marafona çox aktiv şəkildə qatılmışdılar. 15 soydaşımız namizədliyini vermişdi. İndiki mərhələyə qədər onlardan yalnız 3-ü Qarayazıdan (Qardabanidən) Savalan Mirzəyev (Gürcü Arzusu-Demokratik Gürcüstan Partiyası), Borçalıdan (Marneulidən) Ruslan Hacıyev (Gürcü Arzusu-Demokratik Gürcüstan Partiyasının) və Mahir Dərziyev (Gürcü Arzusu-Demokratik Gürcüstan Partiyasının) yüksək səs çoxluğu ilə qələbə qazanıblar. Azər Süleymanovun da Parlamentə düşəcəyinə böyük ehtimal var. Çünki o, Vahid Milli Hərəkat Partiyasının siyahısında 26-cıdır. Əhməd İmanquliyev 47 faiz səslə ikinci tura keçib. Bolnisidən Ferman Ceyranovun səs faizləri çox aşağıdır. Samirə xanım İsmayılova (Vahid Milli Hərəkat Partiyasının) 43 faizlə ikinci tura, Qoqita Barbakadze 47 faiz səs çoxluğu ilə öndədir, parlamentə üzv olma şansı böyükdür”.

Ayyət Əhməd