"Həm çoxlu qan itirib, həm də soyuqdan donub"

Faciədə həyatını itirən neftçi Ramiz Həsənovun qohumları ölüm anını danışdı








"Bu gün evə gəlməli idi. Amma dünən gecə meyitini gətirdilər”.

Bu sözləri ANS PRESS-ə "Günəşli” yatağının 10 saylı dərin dəniz özülündə baş vermiş qəza nəticəsində həyatını itirən Ramiz Həsənovun qohumları deyib.

Qohumlarının verdiyi məlumat görə, mərhum həm çoxlu qan itirib, həm də soyuqdan donub: "Qayıqla aşağı düşdükləri vaxt zəncir qırılıb və onlar suya düşüblər. Sonra o, estakadanın dəmirlərindən tutub yuxarı qalxıb və dəmirdən yapışıb qalıb. Ramiz başından və burnundan yaralar alıb. Burnu sınmışdı”.

Qohumlarının sözlərinə görə, Ramiz Həsənovun meyitini dünən səhər tapıblar. Günorta saatlarında isə gəmi ilə Lökbatandan xəstəxanaya gətiriblər: "Axıncı dəfə evə noyabr ayının 22-də gəlib. Onun meyiti dənizdən dünən tapılıb. Axşam saat 7-8 arası morqa getdik və 2 saatdan sonra onun meytini götürdük. Bu gün (dünən) günorta dəfn edilib. O, Pirallahıda dəfn olunub. Dəfnin xərcləri dövlət tərəfindən qarşılanıb”.

Ramiz Həsənov "Günəşli" yatağında təmir briqadasında montajçı vəzifəsində çalışıb. Mərhumun 22 yaşında 1 oğlu, 24-27 yaşlarında isə 2 qızı var.