Musa Qasımlı: “Status-kvo dəyişdirilməlidir”
Araz Əlizadə: “Görünür, onların könlünə yenə kabab və çaxır düşüb”
Tahir Kərimli: "Vasitəçilərin gəliş-gedişindən nəsə gözləməyə dəyməz”
ATƏT-in Minsk Qrupunun həmsədrləri bu ayın sonunda regiona səfər edəcəklər. Bu barədə amerikalı vasitəçi Ceyms Uorlik Ermənistanın "news.am” agentliyinə müsahibəsində bildirib. Uorlikin sözlərinə görə, həmsədrlər iki ölkənin rəhbərləri ilə görüşməyi planlaşdırır:
"Bu, Vyana və Sankt-Peterburqa yüksək səviyyədə başlayan danışıqları davam etdirmək və nizamlanma elementlərini müzakirə etmək üçün yaxşı imkandır. Ümid edirik ki, prezidentlər ilk fürsətdə görüşəcəklər. Lakin görüşün tarixi və yeri ilə bağlı hələlik məlumat yoxdur”. Həmsədrlər Dağlıq Qarabağa da getməyi də düşündüklərini deyiblər. Vasitəçilərin səfər planına münasibət bildirən millət vəkili Musa Qasımlı deyib ki, ATƏT-in Minsk Qrupu həmsədrlərinin fəaliyyəti, xüsusən son vaxtlarda ABŞ dövlət katibi Con Kerrinin verdiyi bəyanat ikrah hissi doğurur: "Həmsədrlərin regiona növbəti gəlişi digərləri kimi turist səfəri olmamalıdır. Minsk Qrupunun vasitəçiləri təcavüzkar Ermənistanı Azərbaycan ərazilərinin işğalına son qoymağa çağırmalı və əks təqdirdə buna məcbur etməlidirlər. Çünki bu problemdə hər şey çox aydındır. Ermənistan təcavüzkardır və Azərbaycan ərazilərini işğal edib, indi isə olanları "oldu-bitdi” kimi qələmə verməyə çalışır. Status-kvo dəyişdirilməlidir. İşğalçı Ermənistan qoşunları Azərbaycanın dünya birliyi tərəfindən tanınmış ərazilərindən çıxarılmalıdır”. M.Qasımlı əlavə edib ki, başqa bir təklifi Azərbaycan qəbul etməz. Millət vəkili Araz Əlizadə "Şərq”ə açıqlamasında həmsədrlərin regiona növbəti səfərinin əhəmiyyətsiz olacağını düşünür: "Görünür, onların könlünə yenə kabab və çaxır düşüb. Həmsədrlərin səfərlərini işgüzar adlandırmaq olmaz. Çünki işgüzar səfərlərdə nəyəsə nail olurlar. Amma vasitəçilər gəzib, pullarını alıb, çıxıb gedirlər. Sonra bu vəzifədən təqaüdə çıxırlar. Ölkə rəhbərlərinin görüşünə gəldikdə isə, Allah bizim Prezidentimizə can sağlığı versin. Onun hövsələsi tükənməzdir. İkiüzlü Qərb, riyakar ABŞ və Fransa, o cümlədən Rusiya həyasızcasına təkid edirlər ki, Azərbaycan problemi danışıqlar yolu ilə çözsün. Ona görə də Prezidentimiz əli azərbaycanlıların qanına bulanmış, Xocalı faciəsini törətmiş terrorçu Sarkisyanla bir masa arxasına oturmağa könülsüz də olsa razılıq verir. Mən bilirəm ki, belə görüşlər mənəvi cəhətdən Prezidentimizə nə qədər çətindir. Amma Dağlıq Qarabağ münaqişəsinin həlli üçün Prezidentimiz buna gedir”. Millət vəkili, Vəhdət Partiyasının sədri Tahir Kərimli də "Şərq”ə deyib ki, həmsədrlər onlara verilmiş mandat çərçivəsində hərəkət etmirlər: "Vasitəçilərin öhdəliyi bir il ərzində məsələni həll etmək və BMT-nin məlum qətnamələrinin icrasını həyata keçirmək idi. Guya həmin müddət ərzində digər dövlətlərin iştirakı ilə Minsk Konfransı çağırılacaqdı. Gördüyümüz kimi, 20 ildən artıqdır münaqişə həllini tapmayıb. Məqsədləri ötən gün cənab Prezidentin də bəyan etdiyi kimi, Dağlıq Qarabağı əlimizdən almaqdır. Ona görə də vasitəçilərin gəliş-gedişindən nəsə gözləməyə dəyməz. Ceyms Uorlik elə bil ATƏT-in mətbuat xidmətidir. O, daim sosial şəbəkədə boş-boş tvitlər yazır, ciddi iş ilə məşğul olmur. Axı insanları nə qədər aldatmaq olar?”. Deputat bildirib ki, Azərbaycan tərəfi diplomatiya xətrinə həmsədrləri qəbul edir, onlarla görüş keçirirlər: "Əslində dövlət rəsmiləri, elə camaat özü də yaxşı bilir ki, vasitəçilər problemi həll etmək iqtidarında deyillər. Əgər nə vaxtsa, Dağlıq Qarabağ münaqişəsi efirlərdə Suriya böhranı səviyyəsində müzakirə olunacaqsa, o zaman problemin həllinə ümid bəsləmək olar”.
İsmayıl