Həmsədrlərin bəyanatı heç nəyi dəyişmir

Tahir Kərimli: “Məgər biz də Qərb və Rusiya kimi işğalçı ermənilərin ərköyünlüyünə göz yummalıyıq?”




Azərbaycan və Ermənistan prezidentləri arasında görüş bu ayın sonu keçirilə bilər. Bu barədə ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik tvitter səhifəsində yazıb. Həmsədr vurğulayıb ki, Minsk Qrupunun üzvləri ayın sonunda prezidentlərin görüşünün baş tutması üçün ciddi səy göstərirlər. Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan da Belqradda jurnalistlərə açıqlamasında prezidentlərin görüşünün dekabra planlaşdırıldığını bildirib.

ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta da ehtimal olunan görüşə münasibətini açıqlayıb.

Səfirin sözlərinə görə, ABŞ rəhbərliyi ümid edir ki, bu ay baş tutacaq görüş ümumi irəliləyişin əldə olunmasına töhfə verəcək: "Cənab Uorlik və digər həmsədrlər bu il ərzində prezidentləri bir araya gətirmək və münaqişənin həllində irəliləyiş əldə etmək üçün səylərini artırıblar”. Xatırladaq ki, Azərbaycan və Ermənistan prezidentlərinin görüşü ilə bağlı indiyə kimi müxtəlif tarixlər verilib. Amma açıqlanan tarixlər özünü doğrultmayıb. Açıq şəkildə görüşün yubandığı görünür. Ekspertlərə görə, Azərbaycan rəhbərliyi nəticəsiz görüşlərə razılıq verməyə tələsmir.

Məsələ ilə bağlı "Şərq”ə danışan millət vəkili, Vəhdət Partiyasının sədri Tahir Kərimli deyib ki, Azərbaycan tərəfi predmetsiz və nəticəsiz görüşlərə getməyəcək: "Ceyms Uorlik prezidentlərin görüşünün baş tutması üçün çox canfəşanlıq edir. Hətta həmsədr indiyə qədər bir neçə "görüş tarixi” versə də, onun uzaqgörənliyi nəticə verməyib. Ümumiyyətlə, bugünə kimi dəfələrlə prezidentlərin görüş tarixi, hətta görüş yeri belə "müəyyən” olunub. Amma reallıqda konkret olaraq nə görüş günü, nə də təşkilatçının kim olacağı məlumdur. Söylənənlərin hamısı isə sadəcə ehtimallardır. Xatırlayırsızsa, keçən il baş tutan G-20 zirvə görüşündə dünya liderləri Dağlıq Qarabağ məsələsini gündəmə gətirdi və bildirdilər ki, indiki status-kvonu saxlamaq doğru deyil. Yaxşı, dünyanı idarə edən güclər Ermənistana təzyiq edə bilmirsə, daha doğrusu, təzyiq etmək istəmirlərsə, bu halda Azərbaycan tərəfi necə mövqe tutmalıdır? Məgər biz də Qərb və Rusiya kimi işğalçı ermənilərin ərköyünlüyünə göz yummalıyıq? Təbii ki, yox, Azərbaycan təcavüzkar ölkənin arxasınca sürünməyəcək”. Deputatın sözlərinə görə, bu gün ən radikal ölkə müxalifəti belə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı cənab Prezidentin sərgilədiyi sərt mövqeyi nümayiş etdirə bilmir: "Prezident beynəlxalq tribunalarda açıq şəkildə bəyan edib ki, nəinki Dağlıq Qarabağ, hətta İrəvan şəhərinin özü qədim Azərbaycan torpağı olub. Artıq iki ildir ki, ölkə başçısı həm xarici siyasətdə, həm də Dağlıq Qarabağ məsələsində hücum taktikasını seçib. Hesab edirəm ki, tutduğumuz mövqe çox düzgündür. Mənasız danışıqlara getmək lazım deyil. Əgər ermənilər sülh danışıqlarından birmənalı imtina edirlərsə, onda Azərbaycan sərt üzünü göstərməlidir”. T.Kərimli bildirib ki, Azərbaycan XİN rəhbəri Rusiyanın təkliflərini dəyərləndirə biləcəyini istisna etməyib. Ancaq Moskvanın öz təkliflərində nə dərəcədə səmimi olduğu bəlli deyil: "Türkiyə-Rusiya münasibətləri bu və ya digər formada Dağlıq Qarabağın həlli məsələsinə təsir göstərir. İndi acığa düşmüş Kremlin əvvəlki təklifləri gündəmə gətirəcəyi nagümandır. Ona görə də, mövcud şəraitdə prezidentlərin görüşünün baş tutacağı və alınacağı təqdirdə müsbət nəticə verəcəyi inandırıcı deyil. Dəfələrlə deyilib ki, Azərbaycan tərəfi "Böyük Sülh Sazişi” üzərində danışıqlar aparılmasının tərəfdarıdır, ancaq görüş xətrinə görüşlərin əleyhinədir”.

İsmayıl