"Hər bir kəskin qərar İsrail-Fələstin münaqişəsini şiddətləndirir" - Beynəlxalq güclər sülhə çalışmalı





"Qəzzada emosiyalar kənara qoyulacaq, bütün tərəflər uzun illərdir davam edən münaqişənin həlli yollarını axtarmağa başlayacaq”.

Bunu "Sherg.az”a Avropa İttifaqı (Aİ) Qəzzə zolağında baş verən toqquşmalara sərt mövqe sərgiləməsinin nəticələrini izah edərkən millət vəkili Asim Mollazadə söyləyib. 

Deputatın fikrincə, beynəlxalq güclər, kənar dövlətlər İsrail-Fələstin münaqişəsinin sülh yolu ilə həllinə çalışmalıdır:

"Verilən hər bir kəskin qərar vəziyyəti şiddətləndirir. Avropa Birliyi və Amerika arasında olan gərginlik prosesə mənfi təsir etməməlidir. Çünki həmin münaqişədən əziyyət çəkənlər mülki əhalidir. Siyasi oyunların nəticəsində sadə insanların zərər görməməsi üçün sülh yolunu axtarmaq lazımdır. Beynəlxalq hüquq normaları bu münaqişənin həlli istiqamətində təmin edilməlidir”.

Qeyd edək ki, Aİ bütün tərəfləri Qüdsdəki ABŞ səfirliyinin açılmasına qarşı "ən sərt addım" atmağa çağırıb. Avropa diplomatiyasının rəhbəri Federika Moqerini bəyanatında bildirib ki, çoxlu sayda insanın həyatına son qoyan bu toqquşmanın qarşısını almaq üçün bütün tərəflər hərəkətə keçməlidir.

Aysel Aslan