“Hər bir məmur Prezidentin mövqeyindən nəticə çıxarmalıdır”

Çingiz Qənizadə: “Təəssüf ki, bəzi məmurların övladları xalqa hansısa dəstək olmaq əvəzinə, barlarda gününü keçirir, yüksək sürətlə avtomobillər idarə edir, bahalı maşınlarla özlərini başqalarına göstərir, öyünQabil Hüseynli: “Dövlət, hakimiyyət orqanları yerli mal almalıdır ki, xeyri də özümüzə qalsın”
Prezident İlham Əliyev ölkədə yaranmış çətinliklərin aradan qaldırılması yolları ilə bağlı öz fikirlərini Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasdakı çıxışında bildirib. Dövlət başçısı müvafiq icra strukturlarına ciddi tapşırıqlar verərək, son bir ayda görülən işlərin daha intensiv şəkildə həyata keçirilməsini tələb edib.
Həqiqətən, son günlər lisenziyalaşdırma sahəsində fundamental qərarların qəbul edilməsi və qısa bir zaman kəsiyində icra olunması qeyri-neft sektorunun inkişafına, ölkəmizin ixrac potensialının genişləndirilməsinə və kənd təsərrüfatı məhsullarının artırılmasına öz töhfəsini verməyə başlayıb. Vergi Məcəlləsinə edilmiş dəyişikliklər, büdcəmizdə neftdən gələn gəlir hissəsinin əsas əvəzləyicisi olacaq, vergitutma bazasının genişləndirilməsinə imkan verəcək. Gömrük rəsmiləşdirilməsi ilə bağlı qəbul edilmiş qərarlar bütün idxal-ixrac əməliyyatlarının şəffaf aparılmasına, inhisarçılığın qarşısının alınmasına şərait yaradacaq. Həmçinin, yeni iş yerlərinin yaradılması və mövcud potensialın bərpası ilə əlaqədar bölgələrdə sənaye zonalarının yaradılması ilə bağlı işlərin sürətləndirilməsi nəzərdə tutulub. Bu məsələ ölkədə regional məskunlaşma, paytaxt və iri şəhərlərə işlək əhali axınının azalması imkanlarını da artıracaq. Əhalini ən çox narahat edən məsələlərdən biri olan süni qiymət artımının qarşısının alınması məqsədi ilə Prezident tərəfindən müvafiq dövlət qurumlarına tapşırıq verilib. Artıq bununla bağlı müvafiq addımlar atılmağa başlanıb. Əməkhaqqının və pensiyaların artırılması ilə bağlı Prezidentin Nazirlər Kabinetinə verdiyi tapşırıq əhalinin 4 milyon nəfərdən çoxuna şamil olunacaq. Artıq müxtəlif kateqoriyalardan olan, dövlət büdcəsindən maliyyələşən işçilərin əmək haqqlarının artırılmasına başlanılıb və bu məsələ ölkə Prezidentinin diqqətindədir. Azərbaycanda yerli istehsalın möhkəmlənməsi, qeyri-neft və özəl sektorun daha surətlə inkişaf etməsi ilə bağlı son aylar ərzində bir sıra mühüm addımlar atılıb. Dövlət başçısı tərəfindən qeyd edilən sahələrlə bağlı çox vacib sərəncamlar imzalanıb. Manatın devalvasiyası, dünya bazarlarında neftin ucuzlaşması və iqtisadi böhran yerli istehsala üstünlük verilməsini zəruri edir. Başqa sözlə, yerli malların alınması ölkədə pul vəsaitinin də artması deməkdir. Prezident İlham Əliyev bununla bağlı məmurlara göstəriş verərək onların yerli istehsal mallarına üstünlük verməsini istəyib. Ölkə rəhbəri bəyan edib ki, dövlət məmurları və onların ailə üzvləri özlərini təvazökar aparmalıdırlar: "Xalqla bir yerdə olmalı, yekəxanalıq göstərməməlidirlər. Hesab etməməlidirlər ki, onların hansısa xüsusi statusu var. Onların statusu insanlara xidmət etmək, insanların problemlərini həll etmək, onlara qayğı göstərməkdir. İnsanları incitməməlidirlər, əksinə qayğı, diqqət göstərməli və kömək etməlidirlər. Dediyim bütün bu amillər onların fəaliyyətinə verilən qiymətdə əsas rol oynayacaq”.
Dövlət başçısının tövsiyə və tapşırıqlarını şərh edən millət vəkili Çingiz Qənizadə deyib ki, hər bir məmur Prezidentin mövqeyindən nəticə çıxarmalıdır: "Cənab Prezident dövlət məmurları və onların ailə üzvləri ilə bağlı məsələni bir neçə dəfə qabardıb. Hətta ölkə rəhbəri bildirib ki, məmur övladları ictimai həyatımızda özbaşınalıq, harınlıq edir. Başqalarına qarşı qanunazidd hərəkətlərə yol verirlər. Prezident bu cür övladların valideynlərinə qarşı ciddi tədbirlər gördü. Bu o deməkdir ki, öz övladını tərbiyə edə bilməyən bir məmur təbii ki, rəhbəri olduğu kollektivdə də, hansısa bir rayonda da bu təlim-tərbiyə məsələsini ön plana çəkə bilməz. Çünki birinci vətəndaş özündən başlamalıdır, xüsusilə məmur”. Deputatın sözlərinə görə, cənab Prezident konfransda maraqlı fikir ifadə etdi və dedi ki, "mən xalqın xidmətçisiyəm, siz də xalqın xidmətçisi olmalısınız: "Bu həqiqətən də belədir. Heç olmasa ölkə rəhbərinin komandasında olan adamlar Prezidentdən nümunə götürməlidirlər. Amma çox təəssüf ki, bəzi məmurların övladları dövlətə, xalqa hansısa ictimai formada dəstək olmaq, addımlar atmaq əvəzinə, barlarda gününü keçirir, yüksək sürətlə avtomobillər idarə edir, bahalı maşınlarla özlərini başqalarına göstərir, öyünürlər və s. Təbii ki, bu yolverilməzdir”. Ç.Qənizadə əlavə edib ki, Prezidentin ötəngünkü çıxışı bir daha göstərdi ki, o bu yoldan, mövqedən dönməyib və yenə də özünün tabeçiliyində olan insanları, məmurları və onların ailə üzvlərini, övladlarını insanlarla səmimi olmağa, tərbiyəli və əxlaqlı davranış göstərməyə səsləyir: "Həmçinin Prezident xəbərdarlıq edir ki, bu cür hallara qarşı barışmaz mövqedə olacaq. Ölkə rəhbərinin bu mövqeyini alqışlayıram. Hesab edirəm ki, hər bir məmur bu ifadədən, ölkə başçısının mövqeyindən nəticə çıxarmalıdır”. Prezidentin yerli istehsala üstünlük verməsi ilə bağlı tövsiyəsinə münasibət bildirən sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli də deyib ki, doğrudan da ölkədə dünya standartlarına uyğun olan məhsullar istehsal edilir. Onun sözlərinə görə, ölkədə istər ofis, istərsə də məişət mebelleri istehsal edən yaxşı şirkətlər var: "Dövlət, hakimiyyət orqanları yerli mal almalıdır ki, xeyri də özümüzə qalsın. İndiyə kimi alınan alınıb, bundan sonra isə mütləq yerli istehsala üstünlük verilməlidir. Məsələn, 550 min dollara zirehli avtomobil alan icra başçısı var. Onun əvəzinə "Lifan” avtomobili almaq tövsiyə edilir. Əlbəttə ki, yerli istehsal olan avtomobilin alınması daha yaxşıdır. Bütün bu qeyd edilənlər çox müsbət haldır və həyata keçirilsə, ölkədə xeyli maliyyə vəsaitinə qənaət edilmiş olar. Prezidentin müxtəlif yoxlama orqanları var. Onlar bu tövsiyələrin necə yerinə yetirilməsini yoxlayıb, məlumat verə bilərlər”. Politoloq hesab edir ki, məmurların yerli istehsala üstünlük verməsinin böyük əhəmiyyəti ola bilər: "Bu bir qənaət sistemidir. Yerli malların alınması ölkəyə əlavə gəlir gətirəcək”.
İsmayıl