21 yaşlı tələbə dostumuzu həyata qaytarmaq üçün hər kəs hərəkətə keçməlidir
"Düz deyirlər ki, insanın çoxlu pulu və imkanı yox... ətrafı gözəl insanlarla dolu və qəlbi təmiz olmalıdır”. Bu fikir müalicəsi üçün böyük məbləğdə pul tələb olunan leykoz xəstəsi tələbə İbrahim Fərhadlıya dəstək üçün aksiya təşkil edən tələbələrin əsas şüarıdır. İbrahim Fərhadlı Bakı Dövlət Universitetini müvəffəqiyyətlə bitirib və İstanbul Texniki Universitetində magistr təhsili qazanıb. Universitetdə imtahana girmək üçün İstanbula gedən İbrahimin təyyarədən endikdən sonra halı pisləşib, müayinə üçün qaldığı yerə yaxın xəstəxanaya aparılıb.
Orada isə ağır tipli leykoz diaqnozu qoyulub. İbrahimin qardaşı Mikayıl Hacıyev qardaşının müalicə xərclərinin ağır olduğunu və ailənin bunun öhdəsindən gələ bilməyəcəyi üçün çarəsiz qaldığını deyib: "Vəziyyəti çox ağır olduğundan qardaşımı dərhal xəstəxanaya yerləşdirdik və kimyaterapiya kursuna başlanıldı. 30 günlük kimyaterapiya kursunun və xəstəxana xərclərinin ilkin miqdarı 40,000 (qırx min) ABŞ dollarıdır. Daha sonra allogen transplantasiya (sümük iliyinin köçürülməsi) üçün isə əlavə 40,000 (qırx min) ABŞ dollarına ehtiyac olacaq. Bundan əlavə, kimyaterapiya müddətində bəzi dərmanlar lazım olur ki, onların da hər birinin minimum 2,000 avro dəyərində olduğu deyilir (məsələn, dünən alınan Oscarpan adlı dərmanın bir flakonuna 2,300 avro ödəməli olduq). Bütün bunları qarşılayacaq maddi gücümüz yoxdur və sizin dəstəyinizə ehtiyacımız var. Hər kəsdən xahiş edirəm, bu barədə əlinizdən gələni əsirgəməyin. Özünüzün imkanınız olmasa, kömək edə biləcəklərə səsimizi duyurun. Yardım edəcəyiniz hər bir qəpik, hər bir manat qardaşımın yaşaması üçün bir ümid işığıdır! Xahiş edirəm, kömək edin!” İbrahimə dəstək olmaq üçün tələbələr xeyriyyə aksiyasına başlayıb.
Əllərindən gələn köməyi göstərənlər kitablar, rəsm əsərləri, suvenirlər, musiqi alətləri, disklər, fərqli cihazlar, əl işləri, xanım aksessuarları və başqa əşyaların yarmarkasını təşkil etməklə onların satılmasından əldə edilən gəliri tələbə yoldaşlarının müalicəsi üçün toplayırlar. Aksiyanın təşəbbüskarlarından olan Elçin Həsənli könüllü şəkildə tələbələrin İbrahimə dəstək üçün onlara qoşulduğunu deyib: "Həm əşyaların, kitabların, əl işlərinin verilməsində, həm onların satışlarında iştirak edən könüllü tələbələrimiz çoxdur. Hər kəs bu işlərə öz töhfəsini verməyə çalışır. Biz müxtəlif ticarət mərkəzlərində, ictimai məkanlarda yarmarkalarımızı təşkil edirik və bu barədə maraqlananlara sosial şəbəkələrdə məlumat veririk. İndiyə qədər bir çox yerlərdə belə aksiya keçirdik və bizə dəstək olan insanlar da çoxaldı. Bundan sonra da bir çox ictimai məkanlarda aksiyamız davam edəcək. Könüllüləri bizə dəstək göstərməyə dəvət edirəm. İbrahim də bizim kimi tələbədir və 21 yaşı var. Bu gənc dostumuzun həyata qaytarılması üçün əlimizdən gələni etməliyik”.
İbrahimin ailəsi: Atası: Hacıyev Tərlan Fərhad oğlu (+994 55 203 1905) Anası: Süleymanova Leyla Bədrəddin qızı. Qardaşları: Hacıyev İsmayıl Tərlan oğlu (İstanbulda yaşayır: +90 555 533 1905), Hacıyev Mikayıl Tərlan oğlu (Bakıda yaşayır, Azerfon-da işləyir: +994 70 201 1530) Mikayıl Hacıyev adına açılmış Azərbaycandakı Bank hesabı: Hesab nömrəsi: AZ87MOSZ41010944130279487001 Hesabın sahibi: Hacıyev Mikayıl Bank: QSC "Bank Standard” KB SWIFT: MOSZAZ22 Müxbir hesab: AR AMB MƏİ-də AZ66NABZ01350100000000003944 Kod: 502337 VÖEN 9900006801
Aysel Aslan