AQTA qida məhsullarını tarladan və yaxud fermadan istehlakçının stoluna qədər izləməlidir
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) özəl biznesə qida məhsullarının ekspertizasını həyata keçirməyi təklif edir. Bu barədə "Qida təhlükəsizliyi haqqında” qanunun ictimai müzakirələri zamanı Agentliyin sədri Qoşqar Təhməzli deyib.
O bildirib ki, bu proses təkcə dövlətin və agentliyin səlahiyyətində olmamalıdır: "Biz sahibkarlıq subyektlərinə müraciət etmişik və onlara özəl qida laboratoriyaları yaratmağı təklif etmişik. Bu laboratoriyalar beynəlxalq akkreditasiyadan keçməlidir. Biz agentlik olaraq onların laborator rəylərini tanıyacağıq”.
Qidaların keyfiyyəti, istifadə müddəti kimi məsələlər olduqca vacibdir. Bu baxımdan qida təhlükəsizliyi sahəsində görülən tədbirlər təqdirəlayiq hesab olunmalıdır. Maraqlıdır, yaradılacaq yeni laboratoriyalar qida təhlükəsizliyinin təmin edilməsində nə kimi rol oynaya bilər?
Yeni laboratoriyaların yaradılmasını müsbət dəyərləndirən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov "Şərq”ə bildirib ki, hər bir qida istehsalçısının müstəqil laboratoriyası olmalıdır:
"Həmin laboratoriyanın müəyyən sertifikatlarının olması da vacibdir. Əsas amillərdən biri də laboratoriyaların hansısa məhsul haqqında verdiyi sənədlərin hüquqi baxımdan keçərliliyidir. Bu gün qanunvericilik elə qurulub ki, istənilən zəhərli qida xarici ölkədə ekspertizadan keçirilsə və nəticələr pis olsa, bunun heç bir hüquqi əsası olmayacaq. Ona görə də Qoşqar Təhməzli elə bir iş aparmalıdır ki, verilən sənədlərin hüquqi əsası olsun. Yəni sənədlər məhkəmədə hüquqi baxımdan keçərli olsun.
Əlbəttə, laboratoriyaların yaradılması müsbət haldır. Lakin bunu özəl qurumlar etməlidir və həmin özəl qurumların da laboratoriyası akkreditasiya olunmalıdır.
Dəfələrlə başımıza gəlib ki, xarici ölkədə akkreditasiya olunmuş laboratoriyalarda ekspertiza etmişik, lakin Azərbaycan qanunvericiliyi bu cür ekspertizaları hüquqi sənəd kimi qəbul etmir, belə sənədlər məhkəmələrdə keçərli olmur. Bunun üçün də mütləq qanunvericiliyə dəyişikliklər edilməlidir. Ümumiyyətlə, AQTA qida məhsullarını tarladan və yaxud fermadan istehlakçının stoluna qədər izləməlidir. Bunu həll etmək üçün isə müasir markalanma sistemindən istifadə olunmalıdır. Amma təəssüf ki, bu olmur. Yəni istehsalçının, daşıyıcının özünün ştrix kodu hazırlanmalıdır. Belə innovativ metodlara əl atılması olduqca vacibdir”.
Yeganə Bayramova