
“Hər insanı efirə çıxarmaq olmaz”
Rafiq Hüseynov: “Bizdə yalnız toy bazarı var, o verilişlərdə də ancaq toy bazarından danışırlar”“Proqramda aparıcı imkan verməsə, qalmaqal yarana bilməz. Mən bilmirəm onlar özləri buna niyə çalışırlar?”

Məlumdur ki, son günlər Azərbaycan teleməkanlarında baş verən xoşagəlməz olaylar ictimaiyyətin də, ziyalıların da ciddi narazılığına səbəb olub. ATV telekanalında aparıcı Mətanətin faciə günü söylədiyi "Külək” fikri, ANS telekanalında aparıcı Elnarə Təhməzovanın hicablıların ünvanına söylədiyi qeyri-etik ifadə, "Space” TV-də "Günaydın” verilişində müğənni Mətanət Əsədova ilə yazar arasında yaşanan rəzillik, müğənni Səidə Sultanın aparıcı olaraq son efir biabırçılığı bir daha telekanalların fəaliyyətinə ciddi nəzər salmağa əsas verdi.
Telekanallarda qeyri-etik ifadələrin səslənməsi, xoşagəlməz hadisələrin baş verməsi bir daha teleməkanlarda bəzən qeyri-peşəkarların olmasından xəbər verir. Verilişin əsas siması aparıcı görünsə də, verilişə cavabdeh olan şəxslər var. Verilişin redaktoru, rejissoru birbaşa studiyada, çəkiliş məkanında baş verənlərə cavabdeh məsul şəxslər sayılır. Canlı yayımda baş verənlərə nəzarət etmək o qədər asan olmasa da, öncədən, montajla hazırlanan verilişlər var ki, onları tənzimləmək, efirə daha estetik şəkildə təqdim etmək mümkündür. Belə ki, hətta aparıcı və hər hanı bir qonaq çəkiliş prosesində səhvə, yanlışlığa yol verə bilər. Bu görüntülərin efirə gedib-getməməsi isə birbaşa verilişin redaktoru və rejissorundan asılıdır.
Elə "Günaydın” verilişində baş verən olayda redaktor, verilişin rejissoru istəsəydi baş verənləri tamaşaçıya təqdim etməyə bilərdi. Amma nə yazıq ki, bəzən reytinq xatirinə verilişin məsul insanları bu kimi qalmaqalların, qeyri-etik ifadələrin tamaşaçılara təqdim olunmasından ehtiyat etmirlər. Tutaq ki, canlı yayımda baş verən hər hansı bir qeyri-etik ifadənin səslənməsinə nəzarət etmək mümkün deyil. Burada əsas məsuliyyət aparıcının üzərinə düşür. Aparıcı o qədər peşəkar olmalıdır ki, bu kimi ciddi qüsurlara şərait və imkan verməsin. Amma öncədən çəkilən verilişlərdə belə məqamlar yaşanırsa, bu problemi aradan qaldırmaq çətin deyil. Montaj prosesində verilişin rejissoru və redaktoru bunları redaktə edə bilər. Nəticədə tamaşaçı qeyri-etik ifadələrin, xoşagəlməz dava-dalaşların şahidi olmaq məcburiyyətində qalmayacaq. Tamaşaçı da efir qaydalarına uyğun veriliş izləmiş olacaq.
"Son zamanlar şou proqramlarda belə bir dəb də düşüb. İki nəfər qonağı qladiator kimi atırlar ortaya. Onları döyüşdürürlər, vuruşdururlar. Özləri də kənardan baxıb gülürlər ki, alındı. Bu cür yaramaz”. Bu fikri Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədr müavini Qafar Cəbiyev də deyib.
Sədr müavini bildirib ki, haqqında ciddi tədbir görüləcək verilişlərin sayı günbəgün artmaqdadır:
"Həmin verilişlərin sayı kifayət qədər çoxdur. Daha bir səhv, daha bir pozuntu artıq həmin verilişlə bağlı ciddi tədbir görülməsinə gətirib çıxaracaq. Biz indiyə kimi telekanallara şifahi şəkildə xəbərdarlıq etməklə kifayətləndik. Artıq bundan sonra belə olmayacaq”.
Q.Cəbiyev qeyd edib ki, şou-proqramlara cavabdeh olan şəxslər lazımi səviyyədə verilişlərə nəzarət etmir: "Görünür, son vaxtlar telekanallarda efirə gedən şou-verilişlərə montaj zamanı redaktorlar, məsləhətçilər, veriliş üçün cavabdeh olan insanlar lazımınca nəzarət etmirlər. Efirdə aparıcı və ya qonaq səhv edə bilər. Bəs verilişi hazırlayıb efirə buraxanlar? Əsas məsuliyyət onların üstündədir. Montaj, redaktə nədən ötrüdür? Elə "Space”dəki məlum hadisəni götürək. Axı həmin veriliş canlı deyildi. Həmin hissəni kəsə, redaktə edə bilərdilər ki, həmin hissə heç efirə getməzdi”.
Azərbyacan teleməkanında son vaxtlar yaşananlar barədə tanınmış teleaparıcı Rafiq Hüseynovla söhbət etdik. R.Hüseynov "Şərq”ə açıqlamasında "Bu barədə danışmaq istəməzdim. Çünki mənim üçün teleməkan fərqli bir dünyadır. Televiziyada söyüş, qırğın, təhqir olmaz. Burada peşəkar aparıcının işindən söhbət gedir. Efir bunları qəbul etmir. Televiziyada hər kəs öz məsuliyyətini hiss etməlidir. Amma əsasən aparıcı məsuliyyətini hiss etməlidir. Səni milyonlarla tamaşaçı izləyir. Bu o qədər asan iş deyil. Efirdə bir-iki sual vermək, dava yaratmaq aparıcı olmaq demək deyil” söylədi.
Qonşu Türkiyədə, Rusiyada da əyləncəli, şou xarakterli verilişləri izləyə bilirik. Onların da efirlərində müəyyən gərgin anlar, məqamlar yaşana bilir. Amma efirdə təhqiramiz ifadələrin səslənməsinə imkan verilmir. Onların telekanallarında bu qədər çirkinlikləri görmək mümkün deyil. Azərbaycan teleməkanlarında şou xarakterli verilişlər barədə də danışan Rafiq Hüseynov "Hansı şoudan söhbət gedir ki? Bizdə şou var ki? Azərbaycanda şou-biznes var ki, şou tipli veriliş də olsun?! Əvvəla şou xarakterli verilişlərə gələnlər də məsuliyyət hiss etməlidirlər ki, efirdədirlər. Aparıcı da qonaqlarını düzgün seçməlidir. Hər insanı efirə çıxarmaq olmaz. Aparıcı əvvəldən mövzunu düzgün seçməlidir. Proqramda aparıcı imkan verməsə, qalmaqal yarana bilməz. Mən bilmirəm onlar özləri buna niyə çalışırlar? Televiziyada heç bir halda söyüş səslənə bilməz. Bu qəbulolunmazdı. Televiziyada təhqir, qeyri-etik ifadənin səslənməsi bağışlanmazdı. Sözün düzü, son günlər teleməkanlarda nə baş verdiyini izləməmişəm. Sadəcə, mətbuatdan oxuduqlarım olub. Mən Azərbaycan kanallarından yalnız Az.TV-ni izləyirəm. Orda tələbələrim var. Onların efirdəki çıxışları, nitq qabiliyyətləri ilə maraqlanıram. Maraqlıdır ki, şou xarakterli proqramlar deyəndə nəyi nəzərdə tutursuz? Şou-biznes bizdə yoxdur ki, onunla bağlı veriliş də ola. Bizdə yalnız toy bazarı var. Dediyiniz verilişlərdə də ancaq toy bazarından danışılır. Mən bircə onu deyə bilərəm ki, efirə çıxan hər bir şəxs efir məsuliyyətini dərk etməlidir. Təsadüfi insan efirə, tamaşaçı qarşısına çıxarıla bilməz. Şou-biznes də qəliz məsələdir. Çünki bizdə şou-biznes mədəniyyəti hələ formalaşmayıb. Ona görə də efirə bu qədər barmaqarası baxanlar var. Efir bir millətin aynasıdır. Gərək elə edək ki, bu aynada çirkinlik görünməsin. Mavi ekran çirkinliyi sevmir deyə münasibət bildirib”.
Tahirə