"Hər kəs Səhiyyə Nazirliyinin açıqlamasını gözləyir” - İçməli sudan zəhərlənmə




"Zəhərlənmənin içməli su ilə əlaqədar olub-olmadığını dəqiqləşdirmək üçün hər kəs Səhiyyə Nazirliyinin açıqlamasını gözləyir”.

Bunu Sherg.az-a Sumqayıt şəhərindən və ətraf qəsəbələrdən 100-dən artıq uşağın zəhərlənmə diaqnozu ilə xəstəxanalara yerləşdirilməsi haqqında danışarkən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib. 

O bildirib ki, "Azərsu” tərəfindən daim suyun keyfiyyətinin standartlara uyğunlaşdırılması istiqamətində iş aparılır və su bəzi mikroorqanizmlərdən təmizlənir:

"Bütün bunlara baxmayaraq "Azərsu”nun infrastrukturu kifayət qədər köhnəlib. Ona görə, insanlar vaxtaşırı evdəki su borularından bulanıq su gəlməsindən, kranlara çöküntülər yığılmasından şikayətlənir. Məlum hadisənin baş verməsinə yalnız kənar suyun əhaliyə verilən içməli suya qarışması səbəb ola bilər. Bu, suyun təmizlənməsindən qaynaqlanan hal deyil”.

Ayrı-ayrı qurumların su saxlama mənbələrində də problem ola biləcəyini diqqətə çatdıran ekspert bildirib ki, xüsusilə yeni tikilən binalarda susaxlama qurğuları vaxtaşırı təmizlənmir:

"Buna görə müəyyən infeksiyalar baş verə bilər. Hadisə ilə bağlı ilkin məlumatlardan biri isə sözügedən ərazilərdə su ilə əlaqədar olmayan infeksiyanın yayılmasıdır. Bu mənada Səhiyyə Nazirliyinin cavabını gözləyirik”.

Eyyub Hüseynov onu da əlavə edib ki, susaxlama mənbələri təmizlənməli, yenidən onlara baxılmalı və lazım olduqda dezinfeksiya olunmalıdır: 

"Bundan sonra vəziyyət dəyişə bilər.

Qeyd edək ki, "Azərsu” ASC Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində qeydə alınmış hadisənin içməli su ilə əlaqəsizliyini və vətəndaşların narahatlığı üçün heç bir əsas olmadığını bəyan edib.

Aysel Aslan