Mesaj verdim ki, biz dövlət başçısının yanında olmalıyıq, gördüyü çətin işdə ona dəstək verməliyik. Korrupsiyadan, oğurluqdan əl çəkməliyik...
“Hər şeyi Prezidentdən gözləmək yanlışdır”
Məmməd Əlizadə: “Azərbaycanda mütləq mənada ictimai nəzarət formalaşmalıdır”
Mesaj verdim ki, biz dövlət başçısının yanında olmalıyıq, gördüyü çətin işdə ona dəstək verməliyik. Korrupsiyadan, oğurluqdan əl çəkməliyik...
Mesaj verdim ki, biz dövlət başçısının yanında olmalıyıq, gördüyü çətin işdə ona dəstək verməliyik. Korrupsiyadan, oğurluqdan əl çəkməliyik...
Demokratik Azərbaycan Dünyası Partiyasının keçmiş sədri Məmməd Əlizadə ölkədə baş verən siyasi, ictimai və iqtisadi proseslərlə, müxalifətin durumuyla, o cümlədən Dağlıq Qarabağ münaqişəsi və ATƏT-in Minsk Qrupunun fəaliyyəti ilə bağlı "Şərq”in suallarını cavablandırıb.
Sabiq partiya sədri deyib ki, Prezident İlham Əliyevin məsələyə əl qoymasından sonra mövcud problemlərin həll olunacağına şübhə yoxdur.
- Məmməd bəy, əhalinin üzləşdiyi iqtisadi böhrandan çıxmaq üçün hansı islahatlar həyata keçirilməlidir?
- Bilirsiz, ötən müddət ərzində daxili siyasətdə bəzi səhvlərə yol verdik. Bütün ümidimizi neftə, qaza bağladıq. Ona görə də yeraltı və yerüstü digər daxili potensialımızdan lazımi səviyyədə istifadə etmədik. Məsələn, baxaq qonşu ölkələrə. Türkiyədə, Gürcüstanda iqtisadi böhran bizim kimi olmadı. Çünki həmin dövlətlərin nefti, qazı yoxdur və bunun əvəzində daxili istehsalları var. Prezident İlham Əliyevin müşavirələrdə qaldırdığı məsələlər, verdiyi tapşırıqlar ciddi və fundamental siyasi dəyişikliyə gətirib çıxaracaq. Amma hər şeyi Prezidentdən gözləmək yanlışdır. Azərbaycanda mütləq mənada ictimai nəzarət formalaşmalıdır. Yadınızdadırsa, 2008-ci ildə mən partiyanın nəzdində İctimai Nəzarət İnstitutu yaratdım. Bununla cəmiyyətə demək istəyirdim ki, Fatma xalanın, Əli kişinin dərdini, problemini birbaşa Prezidentə çatdırmaq üçün ictimai nəzarəti gücləndirmək lazımdır. Mesaj verdim ki, biz dövlət başçısının yanında olmalıyıq, gördüyü çətin işdə ona dəstək verməliyik. Korrupsiyadan, oğurluqdan əl çəkməliyik. Hətta korrupsiyaya çox gözəl tərif də verdim - "Rüşvət qorxaqla quldur arasında gedən gizli alverdir”. Gəlin, qorxaqlığın daşını ataq, quldurluğa qarşı mübazirə aparaq. Həmin dövrdə mənə qarşı güclü təzyiq edildi. Artıq ictimai nəzarət institutları yaranır. Bu da xalqın öz Prezidenti ətrafında birləşməsi deməkdir.
- Qısa müddət ərzində görülən tədbirləri necə dəyərləndirirsiniz?
- Hazırda dövlət başçısının iradəsi sayəsində çox ciddi işlər görülür. Yaxın günlərdə müsbət nəticələrin şahidi olacağıq. Xalq artıq qudurğan məmurlardan bezib. Axı necə olur ki, əksər dövlət qurumlarında vətəndaş incidilir, amma "ASAN xidmət”lərdə problemlər qısa müddətdə həll edilir. Ölkə daxilində bu qədər qeyri-standart vəziyyətin, ziddiyyətin olması nədən qaynaqlanır? Kimlərdir, hansı monopolistlərdir bu vəziyyəti yaradan? Azərbaycanı istəməyən xarici qüvvələrin işidir, yoxsa korrupsiya virusuna yoluxmuş xəstə təfəkkürlü insanların? Təəssüflər olsun ki, indi insanların bəzisinin əqidəsi pozulub, rüşvət xəstəliyinə tutulublar. Əgər ölkənin bel sümüyü sayılan dövlət qurumlarında neqativ hallar aşkar olunursa, onda görün digər strukturlarda vəziyyət necədir?
- Sizcə, həyata keçirilən islahatlarla qısa vaxtda iqtisadi böhrandan xilas olmaq mümkün olacaqmı?
- Əlbəttə, biz iqtisadi böhrandan çıxacağıq. Amma düşmən dəyirmanına su tökmək olmaz. Təəssüflər olsun ki, belə bir məqamda əhaliyə baxıb həzz alan məmurlar var. Onların kökünü kəsmək lazımdır. Bunu etmək üçün isə cənab Prezidentin ətrafında bir yumruq kimi birləşməliyik. Artıq toparlanmağın vaxtıdır.
- Son günlərin əsas müzakirə mövzusundan biri də Dağlıq Qarabağ münaqişəsinin həllində ATƏT-in Minsk Qrupunun sərgilədiyi qərəzli mövqedir. Sizcə, Azərbaycan vasitəçilərin missiyasından imtina etməlidirmi?
- İstəsək də, istəməsək də ABŞ, Rusiya və Fransa dünyanın super gücləridir. Biz güclü dövlətlərdən imtina edib zəif dövlətlərdən yapışacağıqsa, hamı bizə güləcək. Dağlıq Qarabağ məsələsində indiki siyasəti davam etdirməliyik, amma bununla yanaşı, çox güclü iradə ortaya qoymalıyıq. Necə olur ki, erməni atəşkəsi pozaraq insanlarımızı gülləbaran edir, amma biz, sadəcə "cavab atəşi ilə düşməni susdururuq”. Demirəm ki, atəşkəsi tamamilə pozaq, müharibəyə başlayaq. Uzun illər min bir əziyyətlə formalaşdırdığımız sabitliyi təhlükəyə ata bilmərik. Ancaq demək olar ki, dünyanın əksər ölkəsi, xüsusən Qərb dövlətləri Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Rusiya özünü nə qədər dartıb-cırsa da, uçuruma doğru getdiyinin fərqindədir. "Dənizdə boğulan adam saman çöpünə sarılar” deyiblər. Rusiyanın vəziyyəti də elədir. Amma bizim durumumuz da ürəkaçan deyil. Biz bir ayağımızı qardaş Türkiyəyə, digərini isə Rusiyaya qoyub ağrılı vəziyyətdə dayanmışıq. İndi ayağımızın birini götürsək, tarazlıq pozulacaq, buna rəğmən mövqeyimizi qəti şəkildə ortaya qoymalıyıq.
- Yəni hesab edirsiz ki, münaqişənin həllində, sadəcə qardaş Türkiyəyə güvənməliyik?
- 7 il əvvəl demişdim ki, Azərbaycan Türkiyə ilə konfederasiya şəklində birləşməlidir. Əgər həmin qərarı alsaydıq, problemlərimiz çoxdan həll olunardı. Xocalı soyqırımından danışanda deyirik ki, bizi sovet qoşunu qırdı. Ay qardaş, nə sovet qoşunu, bizi öldürənlər rus ordusu idi. 300 ildir başımıza bəla olan ruslardır. Düşmənimizi tanımalıyıq, ermənidən çox məhv bizi edən, qanımızı içən rus imperiyası olub. Əlbəttə, bizə qarşı törədilən qətliamlarda şərəfsiz ermənilər də canla-başla iştirak ediblər. Amma o kuklaları yönləndirən Kremldir. Ancaq Qarabağ probleminin arxasında təkcə Rusiya durmur. ABŞ və Fransa da münaqişədə maraqlı tərəflərdir.
- İranın Dağlıq Qarabağ problemində vasitəçilik təklifinə münasibətiniz necədir?
- İranın öz dövlət maraqları var və hər zaman bu maraqları üstün tutub. Unutmayaq ki, İranda 30 milyon soydaşımız var. Sovet imperiyası dağılanda ölkələrin xəritəsi yenidən cızıldı. Həmin bölgü üzərində çox böyük mübahisələr getdi. O zaman Azərbaycan mövqeyini ortaya qoya bilmədi. Biz İranla dostluğumuzu, münasibətlərimizi başqa ölkələrin diktəsi ilə qurduq. İran bizim üçün çox önəmli ölkədir, qardaş dövlətdir. Bu ölkə ilə münasibətlər sağlam və dürüst qurulmalıdır. Əgər Türkiyədə yaşayanlar bizim əmioğlularımızdırsa, İrandakılar qardaşlarımızdır. Qardaşla əmioğlu eyni deyil. Çox zaman İranı tənqid atəşinə tuturuq, amma cənab Prezident dəfələrlə bəyan edib ki, Azərbaycan ərazisindən qardaş İrana heç bir təhlükə yoxdur.
- İndiki məqamda, xüsusən də baş verən iqtisadi problemlərlə bağlı müxalifət düşərgəsində yaşananları necə şərh edərdiniz?
- Müxalifət 20 il ərzində müflisləşib, siyasi nüfuzunu itirib. İndiki vaxtda heç kim gözləmə mövqeyində dayanmamalıdır. Ancaq hamı gözləyir ki, görsünlər baş verən proseslər xalqa hansı formada təsir edəcək. Bu, yolverilməzdir. Ən böyük problemimiz odur ki, bu gün Azərbaycanda əhalinin yalnız 20 faizi siyasiləşib. Qalan 80 faiz insanın demək olar ki, siyasi mövqeyi yoxdur. Hakim Yeni Azərbaycan Partiyasının 700 min üzvü var, digər partiyaları da bir yerə yığsaq, vur-tut 200-300 min üzvləri olacaq. Bu da 1 milyon edir, bəs yerdə qalan 8 milyon əhalinin mövqeyi nədir? Allah eləməsin, etiraz olsa, müxalifət də ayaq altında qalacaq. İmkan yaratmaq lazımdır ki, ictimaiyyət siyasiləşsin. Çünki siyasiləşmiş toplumun sahibi olur, söz eşidir. Ayrı-ayrı qrupların ağsaqqalını tapırsan və onlara deyirsən ki, bunu etmək olar, onu etmək olmaz. Amma görünən odur ki, 80 faizin ağsaqqalı yoxdur.
- DADP ilə əlaqələriniz varmı? Partiyada nələr baş verir?
- Səmimi etiraf edəcəm ki, partiya ilə heç bir əlaqəm qalmayıb. Mən tamamilə öz yaradıcılıq işlərimlə məşğulam. Bununla yanaşı, dünyada və ölkədə gedən siyasi prosesləri izləyirəm.
İsmayıl