“Hər zamankı kimi vətəndaşlarımız dövlətin yanındadır” - Deputat

Adil Əliyev: “Bu bərabərlik hansısa qərəzli qüvvələrin istək və arzularımıza kölgə sala bilməməsi üçün yetərlidir”
"Bu gün dünyada informasiya müharibəsi aparılır və hər bir vətəndaş bunu açıq-aydın görə bilir.Azərbaycan uzun illərdir ki, informasiya müharibəsinin hədəfində dayanan ölkədir.Ölkə haqqında təhrif edilmiş, yalan məlumatlar, uydurma faktlar, saxta xəbərlər geniş vüsət alıb.Biz buna adekvat cavab verməliyik, öz həqiqətlərimizi dünyaya çatdırmalıyıq”.
"Sherg.az” xəbər verir ki, bunu Prezident İlham Əliyev "Buta” sarayında Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə keçirilən rəsmi qəbuldakı çıxışında deyib.
Olkə başçısı qeyd edib ki, bizə qarşı hücumların əksəriyyətinin arxasında erməni lobbisi və onlarla müttəfiq olan bəzi yerli, özünü müxalifət adlandıran qruplaşmalar durur.Onların hədəfi Azərbaycanı ləkələməkdir, Azərbaycan haqqında təhrif edilmiş yalan məlumatlar yaymaqdır.Bu, informasiya müharibəsinin bir növüdür. Biz öz siyasətimizlə bütün bu yalanları, bütün bu böhranları darmadağın edirik və etməliyik.Çünki bu gün Azərbaycan reallıqları onu göstərir ki, ölkə inamla, sürətlə inkişaf edir. Mənim Prezident kimi təcrübəmdə bir çox hallarda xarici qonaqlarla təmaslar, Azərbaycana ilk dəfə gəlmiş qonaqlarla görüşlər əsnasında onlar tərəfindən bir təəccüb hissi duyulurdu: yəni, biz bilmirdik ki, Azərbaycan bu qədər inkişaf etmiş ölkədir. Biz bilmirdik ki, Azərbaycanda vəziyyət bu qədər yaxşıdır, şəhərlər bu qədər təmizdir, səliqəlidir, gözəldir.İctimai ovqat müsbətdir. Xalq iqtidarı dəstəkləyir.Yəni, nəyə görə bu təəccüb hissləri oyanırdı?
Ona görə ki, bizə qarşı çoxşaxəli, məqsədyönlü və davamlı informasiya müharibəsi aparılırdı.Məqsəd Azərbaycanı ləkələmək, inkişafımıza zərbə vurmaq, cəmiyyətimizin ənənəvi dayaqlarını sarsıtmaqdır.Biz buna heç cür imkan verə bilmərik və imkan vermirik.Çünki biz müstəqillik yolu ilə gedirik.Bizim öz seçimimiz var. Biz güclü dövlət qururuq. O dövlət ki, milli-mənəvi dəyərlər üzərində qurulub. Ona görə hədəflərin biri də məhz bizim milli dəyərlərimizdir, ənənələrimizdir.Çalışırlar ki, onları sarsıdaraq ölkəmizin inkişafına zərbə vursunlar.Azərbaycan xalqı hər şeyi yaxşı bilir və bilməlidir ki, biz informasiya müharibəsi şəraitində yaşayırıq və buna hazır olmalıyıq.Biz bu müharibədə ancaq öz işimizlə, öz qətiyyətimizlə qalib gələ bilərik”.
Millət vəkili Adil Əliyev də "Sherg.az” a açıqlamasında söyləyib ki, bəzi qüvvələr Azərbaycana qarşı nə qədər çirkin kampaniyalar təşkil etsələr də, istəklərinə nail ola bilmirlər və bilməyəcəklər də:
"Ölkəmiz belə hallara həmişə hazır olub. Azərbaycanda keçirilən yarışların səviyyəsini aşağı salmaq üçün müxtəlif işlər aparırlar. Lakin hər zaman Azərbaycan dünyada tanınmış təşkilati ev sahibi kimi irəlidədir. Neqativ fikirlərin səslənməsinə baxmayaraq yenə də yarışların öhdəsindən gələcəyik və ruhdan düşməyəcəyik. "Arsenal” və "Çelsi” oyununun baş tutmasına çox az qalıb. İnşAllah bu oyunun keçirilməsinin və təhlükəsizlik baxımından əmin-amanlıqla başa çatmasının şahidi olacağıq.
"Arsenal”ın erməni əsilli oyunçusuna gəldikdə isə onun milliyətindən kim olduğu və nəyə qulluq etdiyi bəllidir. Baş verənlər o demək deyil ki, Mxitaryanın qiyməti qalxır. Onlar heç nədən çəkinmədən və utanmadan özlərini reklam edirlər. Bu gün Ermənistan və bəzi xarici dövlətlərin təşkilatları bəyənatlar verirlər. Təbii ki, bu yanlış bəyənatları pisləyirik. Hər zamankı kimi vətəndaşlarımız dövlətin yanındadır. Bu bərabərlik hansısa qərəzli qüvvələrin istək və arzularımıza kölgə sala bilməməsi üçün yetərlidir. Ona görə də biz qlobal yarışlara təşkilatçılığı davam etdirəcəyik”.
Bundan başqa millət vəkili diqqətə çatdırıb ki, Mxitaryanın təhlükəsizliyi Azərbaycanı istəməyən xarici qüvvələrin ölkəmizə qarşı çirkin kampaniya təşkil etmək, "Arsenal” tərəfindən Mxitaryanı reklam edib daha baha qiymətə satmaq məqsədi daşıyıb:
"Futbolçu özü də bu qalmaqalda maraqlı olub çünki, bütün dünya mediasının gündəminə gəlib, potensialından çox artıq reklam edilib. Hər dəfə ölkəmizdə qlobal yarışlar keçirilən ərəfədə erməni lobbisinin təsiri ilə Azərbaycanı sevməyənlər qüvvələr xoşagəlməz fikirlər səsləndirirlər. Lakin bu fikirlərin yanlış olduğunu bütün dünya görür və bilir”.
Yeganə Bayramova