“Hərbi büdcədən bir manat da kəsmədik”

Rasim Musabəyov: “Ermənilər ona görə zarıyırlar ki, gəlin müşahidəni gücləndirək”
“İnformasiya müharibəsi və hərbi təzyiqlər davam etdirilməlidir”


"Rusiya və Qazaxıstanın nefti, qızılı, metalı və uranı var. Bununla belə rublun və təngənin məzənnəsi Azərbaycan manatından da aşağı düşüb”. "Şərq” qəzeti xəbər verir ki, bu sözləri millət vəkili Rasim Musabəyov bildirib. Parlamentarinin sözlərinə görə, Gürcüstan və Türkiyə neftin, qazın ucuzlaşmasından qazanc əldə etməli idi: "Ancaq onların da valyutası 30-35 faiz ucuzlaşıb. Dünyada böhran prosesləri gedir. Bir çox ağzıgöyçəklər isə deyirlər ki, vaxtında ciddi islahatlar aparılmalı idi.

Qeyri-neft sektoru inkişaf etdirilməli idi. Son 7 ildə ölkəmizin qeyri-neft sektoru 10 faiz artıb. Bundan da artıq sürətli inkişafı təmin etmək mümkün deyil. Bəli, artıq xərclər də olub. Neftin qiyməti 140 dolları da keçmişdi. Bu lotereya oyunundakı böyük uduşa bənzəyirdi. Adətən, insanlar belə uduş əldə edəndə qənaətə meyilli olmurlar. Ola bilsin ki, hansısa bir məqamda iqtisadi cəhətdən səmərəli olmayan işlərə yol verilib. İndiki durum Azərbaycan iqtisadiyyatı üçün müəyyən mənada bir sınaqdır. Bu sınaqda biz öz iqtisadiyyatımızın səmərəliliyini xeyli artırmalıyıq. Cənab Prezidentin çıxışları və səyləri buna hesablanıb. Baxın, son zamanlar səhiyyə və təhsil obyektləri ya tikilib, ya da əsaslı təmir olunub. Bir çox kommunkasiya xətləri yenilənib. Bunların hamısı bizə xeyir verməlidir. Bir çox müəssisələr istifadəyə verilib. Ancaq təəssüf olsun ki, hələlik iş rejiminə çıxarılmayıb və büdcəyə gözlədiyimiz vəsait gəlmir. Onların da səmərəliliyi artırılmalıdır. Bütün imkanlarımız var ki, bu çətin sınaqdan üzüağ çıxaq. Digər tərəfdən Prezidentin tələbi var ki, iri və xırda məmurlar insanlarla ünsiyyətdə diqqətli olsunlar. Təvazökarlıq nümayiş etdirsinlər. Mövcud olan problemlərin həllinə çalışmaq lazımdır. Problemin həlli mümkün deyilsə, insanlarla danışmaq və onlara izahat vermək gərəkir. Bir sözlə, yaranan narazılıqlar aradan qalxmalıdır”.

Beynəlxalq tədbirlər nüfuzumuzu artırır

Bundan başqa, millət vəkili bildirib ki, Gürcüstan və Ermənistandan fərqli olaraq ölkəmizdə təşkil olunan beynəlxalq tədbirlərin sayı kifayət qədər çoxdur: "Bu, Azərbaycanın beynəlxalq nüfuzunun göstəricisidir. Elə bir həftə olmur ki, Azərbaycan yüksək səviyyədə - deputatlar və xarici işlər nazirləri səviyyəsində görüşlər baş tutmasın. Bu çox vacibdir. Çünki həmin tədbirlərdə Azərbaycan öz siyasətini, prioritet addımlarını və mahiyyətini dünyaya daha yaxşı şəkildə çatdıra bilir. Beləliklə də, dünya ölkələri Azərbaycanı daha yaxşı anlamağa başlayıb”.

Azərbaycan AŞ PA-dan uğurla qayıdıb

Parlamentari Avropa Şurası Parlament Assambleyasında (AŞ PA) ölkəmizlə bağlı qəbul olunan qətnamələrə toxunub: "Burada iki başlıca məsələyə dair qətnamə yer alıb. Birinci, Azərbaycan torpaqlarının işğala məruz qalması, ikincisi isə Sərsəng su anbarının istifadəsi ilə əlaqədar idi. Həmin qətnamələrdən yalnız birini - Sərsəng su anbarının istifadəsini keçirmək mümkün oldu. Düzdü, bəziləri iddia edirlər ki, bu tam uğur deyil. Amma yanılırlar. Bütün addımlarımız, səylərimiz ona hesablanmışdı ki, qətnamələrin ikisini də keçirək. Bu nüfuzlu qurumda erməniləri küncə sıxmağa çalışdıq. Birinci qətnamənin keçməsi üçün 4 səs çatmadı. Ancaq erməniləri müdafiəyə izahat verməyə məcbur etdik. Bu da özlüyündə olduqca vacibdir. Əvvəllər belə qətnamələri heç komitələrdən çıxmağa imkan vermirdilər. İndi artıq qətnamələrin çıxarılmasına nail olmuşuq”.

Həmsədrlərin müdaxiləsi ölkəmizin əleyhinədir

R.Musabəyovuun fikrincə, Minsk Qrupu müdaxilə etməsəydi, ikinci qətnamənin də qəlul olunmasına müvəffəq olardıq: "Bütün istəklərimizə nail olmasaq belə, Ermənistana təzyiqlərimizi davam etdirəcəyik”.

Qəbul olunan qətnamənin icrasına gəlincə, parlament üzvü diqqətə çatdırıb ki, buna inanmaq sadəlövhlük olardı: "Baxın, hərbiçilər müdafiəmizi möhkəmləndirir. Bu da hamı üçün bir nümayişdir. Digər büdcələrdə ixtisarlar olsa da, hərbi büdcədən bir manat da kəsmədik. Bəli, cəbhə xəttində erməniləri sakit oturmağa qoymuruq. Ona görə də zarıyırlar ki, gəlin müşahidəni gücləndirək. Təzyiqlərdən özlərini sığortalamaq istəyirlər. İşin diplomatik tərəfinə gəlincə, deyim ki, beynəlxalq siyasi arenada da onların rahatlığını pozmalıyıq. Yuxularına haram qatmalıyıq. Bu da Ermənistana təzyiqdir. Belə təzyiqləri BMT, ATƏT, NATO və başqa parlamentlərdə davam etdirməliyik. Haqlı olaraq çalışırıq ki, hər bir parlamentdə ermənilərin işğalçı olmasına dair əminlik yaradaq. Onlar çox sırtıq millətdir. Rəhbərləri cinayətkardır. Serj Sarksiyan anlayır ki, Dağlıq Qarabağdan çıxsalar, erməni xalqının qabağında cavab verməli olacaqlar. Çünki erməniləri bu bəlaya Sarkisyan və Ohanyan salıb. O cinayətkarlardan torpaqlarımızdan sakitcə çəkilmələrini gözləmək olmaz. Təzyiqlərimiz -iqtisadi, nəqliyyat və diplomatik blokadanı sərtləşdirməliyik. İnformasiya müharibəsi və hərbi təzyiqlər davam etdirilməlidir. Bütün bunların hamısı onları ağıllandırmalıdır. Ağıllanmasalar, cənab Prezidentin də dediyi kimi, Azərbaycan güc yolu ilə də olsa, öz torpağını azad etməkdən boyun qaçırmır. Təbii ki, müharibəni heç kim istəmir. Müharibə çox riskli və təhlükəlidir”.

Həmsədrlər vaxt qazanırlar

R.Musabəyovun qənaətincə, həmsədr ölkələr konfliktin dondurulmasına çalışır: "Onlar Ermənistana işğalçı adını vermir. Yəni onları öz adları ilə çağırmırlar. Məkrli əməllərindən əl çəkməsinə dair tələblər qoymurlar”.

Milli Məclis üzvü bəyan edib ki, 2015-ci ildə də Dağlıq Qrabağla bağlı aparılan danışıqlar nəticə verməyib: "Həmsədlərin təkidi ilə baş tutan Ermənistan-Azərbaycan Prezidentlərinin görüşü, də nəticəsiz qaldı. Cənab Prezident də söylədi ki, mənasız, heç nəyi həll etməyən və formal bir görüş idi”.

Almaniyadan gözləntilər çoxdur

Deputat qeyd edib ki, bu il Almaniya ATƏT sədrliyinə keçib: "Almaniya nüfuzlu dövlətdir. Demək olar ki, Avropanın aparıcı dövlətidir. Azərbaycanın işğala məruz qalması məsələsi təhlil edilib, qiymət verilməlidir. Bu prosesə müdaxilə etmək vaxtı yetişib. Alman diplomatlarla görüşlərim deməyə əsas verir ki, Almaniya bu istiqamətdə müəyyən addımlar ata bilər. Bir sözlə, Dağlıq Qarabağ münaqişəsində ümumi mənzərə kifayət qədər çətindir. Yəni sülh prosesi üçün məqbul deyil”.

Rusiya, Türkiyə qarşıdurması ölkəmizə mənfi təsir göstərir

R.Musabəyov hesab edir ki, Dağlıq Qarabağ münaqişəsinin həlli Rusiya ilə Türkiyənin bölgədəki anlaşmasından asılıdır: "Əvvəllər, Moskva-Ankara münasibətləri münaqişənin həllini yaxınlaşdırırdı. Hətta, Rusiya XİN başçısı Sergey Lavrov Bakıya gəldi. Sonra Ermənistana səfər etdi. Müəyyən təşəbbüslər gözlənilirdi. Türkiyə-Rusiya münasibətləri konflikt səviyyəsinə qalxdığı gündən demək olar ki, bu istiqamətdə müsbət nəsə gözləmək çətindir. Azərbaycan da kifayət qədər çətin sual qarşısında qalıb. Türkiyə strateji müttəfiqimizdir. Münasibətlərimiz var.

Ürəyimiz Türkiyə ilə döyünür. Rusiya da böyük qonşumuzdur. Moskva ilə normal və xoş münasibət saxlamaq zəruridir”.

Moskva və Ankara arasında vasitəçiliyə ehtiyac yoxdur

Azərbaycanın Rusiya və Türkiyə arasında vasitəçiliyindən söz açan millət vəkili deyib ki, buna ehtiyac yoxdur: "Səfirlikləri öz yerindədir. Qazaxıstan və Azərbaycan rəhbərliyi bu konfrantasiyanın dərinləşməsini istəmir. Biz onda maraqlıyıq ki, Rusiya Türkiyə arasındakı böhran aradan qalxsın və vəziyyət müsbətə doğru dəyişsin”.

"Qars” müqaviləsi ləğv olunmayacaq

Millət vəkili son zamanlar "Qars” müqaviləsilə bağlı yaranan qalmaqala da aydınlıq gətirib: "Bu müqaviləni heç kəs ləğv edə bilməz. Müqaviləni Azərbaycan, Türkiyə, Gürcüstan və Ermənistan bağlayıb. Ermənistan gedib, nə qərar qəbul edir etsin. Düşmən ölkənin bu qərarın arxasında dayanmağa gücü yoxdur. Düzdür, Rusiya Duması da bir az sarsaqlayır. Bu müqaviləni "Moskva” müqaviləsi də adlandırırlar. Onların da məsuliyyətli davranan rəhbərləri var. Dərk edirlər ki, bunun ikitərəfli münasibətlər üçün fəsadları ağır ola bilər. Bir daha qeyd edirəm ki, reallıqda heç nə dəyişməyəcək. Bunlar cəfəng şeylərdir. Çox fikir verməyin”.

Ayyət Əhməd