Hərənin ağzından bir avaz gəlir

Uşaqlarınızı sosial şəbəkələrdən uzaq tutun, sabah gec olar



Son illər gündəlik yaşamımızın bir hissəsinə çevrilən sosial şəbəkələr işlərimizi asanlaşdırsa da, təhlükəsizlik baxımından bir çox çətinliklərə yol açır. Xüsusilə də yetkinlik yaşına çatmayan şəxslər üçün "ocaq başındakı düşmən” rolunu oynamaqdadır. Bir çox məktəblilərin sosial şəbəkələrdə tanış olduqları, qiyabi tanıdıqları şəxslərin "toruna” düşməsinə dair xəbərlərin artması da bu sahədə vəziyyətin ürəkaçan olmadığını göstərir.

Sosial şəbəkələrin insanlara qəddarlıq, vəhşilik hisslərini təbliğ, təlqin etdiyini vurğulayan millət vəkili Tahir Rzayev Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclasında uşaqları sosial şəbəkələrdən mümkün qədər uzaq tutmağın vacibliyini vurğulayıb: "İnternet, sosial şəbəkələr həyatımıza ciddi surətdə müdaxilə edir, daxil olur və bir çox hallarda da öz mənfi nəticəsini göstərir. Bu yaxınlarda özüm şahidi olmuşam. Bir neçə azyaşlı qız uşağı internetdə tanış olublar və sonra hamısı evlərindən qaçıb gediblər. Onlardan yalnız 10 gün sonra xəbər tutmaq mümkün olub. Onlar niyə qaçıblar, nə işlə məşğul olublar, bəlli deyil. Bu səbəbdən insanlarımızın, xüsusilə uşaqlarımızın düşüncəsinə, psixikasına mənfi təsir edən, zərər vuran halların qarşısının alınması, bunun qanunvericiliklə tənzimlənməsi çox vacibdir”.

Görəsən, cəmiyyət və valideynlər bu bəlalardan uzaq olmaq üçün hansı addımları atmalıdır?

Yazar Sevinc Elsevər bir ana olaraq uşaqları sosial şəbəkələrdən mümkün qədər uzaq tutmağın tərəfdarı olduğunu deyib: " Mən uşaqlarımı sosial şəbəkələrdən istifadə eləməyə qoymuram. Hətta düşünürəm ki, onlara ancaq bu icazəni 18 yaşdan sonra verəcəm. Təkcə ona görə yox ki, mütləq pis adamlarla rastlaşarlar, başlarına nəsə gələr. Axı həm də sosial şəbəkələr dərslərdən yayındırır. Hərənin ağzından bir avaz gəlir. Hərənin öz Allahı var sosial şəbəkələrdə. Ziyanlı fikirləri olan adamlar var. Çoxlu fikir arasında uşaqlar çaş-baş qala bilər. Uşaqlarıma internetdən istifadəyə icazə verirəm. Dərsdən sonra google-da axtarışlar edir, müxtəlif ölkələrə dair yazılar oxuyur, videolara baxırlar, coğrafi məlumat toplayır, heyvanlar, bitkilər haqqında filmlər izləyir, rəssamlıq dərsi alırlar. Müxtəlif tərcümə proqramlarından istifadə edir, cizgi filmlərinə baxır, oyunlar oynayırlar. Amma onlar kompüter arxasına oturan kimi öz profilimi belə açıq qoymuram. Çünki orda elə videolar, elə şəkillər paylaşa bilirlər ki, uşaqlara göstərmək olmaz. Kəsilmiş baş, yaralı insanlar, öldürülmüş uşaqların şəkilləri, cinsi şəkillər və s. Hətta xarici ölkələrdə də bu mövzuda narahatçılıq var. Bu yaxınlarda bir videosüjet izləmişdim. Bir gənc oğlan sosial şəbəkədə 12-13 yaşlı qızlarla tanış olur, onları hətta dilə tutub gecə evlərindən çıxarda bilir. Valideynlərdən soruşurlar ki, sizin qızınız tanımadığı adamla görüşməyə razı olarmı? Valideynlər əminliklə cavab verirlər ki, uşağa tapşırmışıq ki, bu hərəkət yolverilməzdi. Qızımız sözümüzdən çıxmaz, o, ağıllı qızdı. Sonda məlum olur ki, valideynlər yanılırlarmış. Bu sadəcə bir test olmaya, qızları gecə yatağından görüşə çıxara bilən adam bəlkə insan alverçisi də ola bilərdi. Məhz bu narahatlıqla bağlı xarici ölkələrdə çoxlu təbliğat işləri görülür. Yaxşı olardı ki, bizdə də valideynlər belə məsələlərə diqqət eləsinlər. Hətta uşaqların şəkillərinin valideynlər tərəfindən paylaşılmasının əleyhinə olanlar da var. Hardasa haqlıdırlar da. Düzdür, arada uşaqlarımın şəkillərini mən də paylaşıram. Çünki mənim profilim ancaq dostlara açıqdı. Dostlarımı isə seçirəm. Profilimdəki dostlarımın az qala yarısını şəxsən tanıyıram. Çoxu jurnalistlər, sənət adamları, şair-yazıçılardır. Bəziləri də oxucularımdı”.

Sosial şəbəkələrin ancaq qız uşaqları üçün təhlükəli olmadığını vurğulayan yazar xanım eyni şəkildə oğlanlar üçün də mənfi təsirləri olduğunu deyib: "Fransa kimi ölkədə 12-13 yaşlı oğlan uşaqları evdən qaçıb İŞİD-ə qoşulur. Təbii ki, onların çoxu öz əlaqələrini məhz sosial şəbəkələr vasitəsilə yaradırlar. Qızlar üçün sadaladığım müxtəlif zərərli insan qrupları elə oğlanlar üçün də keçərlidi. Bizdə belə bir yanlış yanaşma var ki, qıza icazə verməyim, amma oğlana hər şey olar. Hesab edirəm ki, bu stereotipləri qırmalı və ayrıseçkilik etmədən övladlarımızı yad təsirlərdən qorumalıyıq”.

Uşaqların internet fəaliyyəti ilə bağlı ölkəmizdəki mövcud durumun qənaətbəxş olmadığını deyən "Narınc” Uşaq Psixo-Pedaqoji İnkişaf Mərkəzinin rəhbəri, psixoloq Narınc Rüstəmova hesab edir ki, çatlaşma və virtual tanışlıqdan əlavə uşaqlar üçün internetdə ən zərərli məlumatlardan biri də pornoqrafik informasiyalardır. Onun sözlərinə görə, yeniyetməlik dövründən fərqli olaraq psixoloq bəzən erkən, 6-7 yaşda olan uşaqların da açıq-saçıq kadrlara meyli olduğunu söyləyir. Narınc xanımın dediyinə görə, valideyn xoşagəlməz videoları izləyən uşağın bu hərəkətini açıq-aşkar qabartmamalı, bu davranışa görə onu təhqir etməməlidir: "Yeniyetməlik dönəmində uşaqlara həssas yanaşılmalıdır. Bu dövrdə uşaqlara çox da təzyiq göstərmək olmaz. Valideynin 18 yaşına qədər övladının nə işlə məşğul olmasını araşdırmaq hüququ var. Lakin valideyn bu işi çox ustalıqla etməlidir ki, övladının xəbəri olmasın. Övlada nəzarət lazımdır, çalışmaq lazımdır ki, bunu aşkar bir formada büruzə verməyəsən. Məsələn, uşaq evdə olmadıqda ana kompüteri açıb övladının qovluqlarda nə yerləşdirdiyini öyrənə bilər. Əgər bu qovluqların içində onun yaşına görə zərərli olan məlumat varsa belə, ana bu işdən xəbər tutduğunu büruzə verməməlidir. Nə vaxtsa uşaq kompüteri açdıqda ona yaxınlaşıb, aç bu qovluğa da baxaq, görək içində nə var, deyə bilərsiniz. Uşağın bir o qədər də üstünə getmək lazım deyil. Sadəcə olaraq, uşaqda həyəcan oyatmalısınız ki, o da davranışlarına nəzarət edə bilsin”.

Şəymən