Həsən bəy Zərdabinin varisi
Həsən bəy Zərdabinin həyatının, fəaliyyətinin indiyə qədər öyrənilməmiş bir çox məqamları var. Milli mətbuatımızın əsasını qoyan jurnalistika sistemini formalaşdıran, xalqın həyatında böyük rol oynayan bu böyük azərbaycanlının nəsil-şəcərəsi tədqiq olunsa da, onun övladlarının taleyi barədə yetərincə məlumat yoxdur. Həsən bəyin 3-cü övladı Səffət Zərdabinin taleyi də tədqiqatdan kənarda qalıb. İxtisasca memar olan Səffət bəy həm də mühacirət mətbuatında fəal iştirak edib, "Türk izi”, "Mücahid” dərgilərində siyasi-publisistik təhlili yazılar yazıb.
Türkiyədə fəaliyyət göstərən Azərbaycan Milliyyətçilər Dərnəyinin idarə heyətinin üzvü olan Səffət bəy "Mücahid” dərgisinin nəşriyyat müdiri kimi Azərbaycanın istiqlal savaşının əsas ideoloqlarından biridir. Atası kimi azərbaycanlı xarakterinə sahib olan Səffət bəyin bolşevik-kommunist rejiminə qarşı üsyankar publisist obrazı təəssüf ki, hələ öz tədqiqatçısını gözləməkdədir. S.Zərdabinin mühacirət mətbuatında çap olunan bir neçə məqaləsini Azərbaycan türkcəsinə uyğunlaşdıraraq "Şərq”in oxucularına çatdırmaqla bir növ bu işə yardım etdiyimizi düşünürəm.
Akif Aşırlı
İslamiyyət və kommunizm
1917-ci il Rus inqilabının ən mühüm xüsusiyyətlərindən biri, Rusiya imperiyası siyasətinin istiqamətini 180 dərəcə dəyişməsi oldu. Bolşeviklər "peyğəmbər” saydıqları Leninin "nəticə əldə etmək üçün bütün yollar məqbuldur” doktorinasına uyaraq, inqilabın 6-cı həftəsində, 24 oktyabr 1917-ci il tarixində "bütün dünya müsəlmanlarına” müraciət edərək bir manifest, bəyannamə nəşr etdilər. Bu bəyannamədə deyilirdi: "Bu gündən etirabən din və inanclarınız, adət-ənənələriniz, milli-mədəni xüsusiyyətlərinizdə azadsınız... Bu müstəqil milli həyatınızı arzunuza görə qurun, bilin ki, haqlarınız Rusiyadakı bütün millətlərin haqları kimi qorunacaqdır. İranlılar, türklər və hindistanlılar... Sizlərə elan edirik ki, İstanbulun zorla işğal edilməsi, İran və Türkiyənin parçalanması haqda çarlıq dönəmində əqd edilən müddəalar aradan qaldırılıb, sıradan çıxarılıb. İslam millətlərinə kölələşmə təhlükəsi rus inqilabı hökuməti tərəfindən deyil, imperialist Avropa dövlətləri tərəfindən gəlməkdədir. Məmləkətinizin sahibi sizsiniz, istiqlal sizlərin əlindədir”.
Budur, 180 dərəcəlik "dönmənin” ilk nəticəsi, imperatorluq zamanında rus dövləti içərisində yaşamağa məcbur edilən türk-islam millətlərinin dərhal istiqlalını elan etmələri və Avropa dövlətləriylə, boyunduruqlar altında inləyən digər islam millətlərinin münasibətlərinin "müqayisədən, təhlildən” keçirmələri əsaslı bir rol oynadı.
Bolşeviklərin islam dünyasına tətbiq etmək istədikləri "yardımın” məqsəd və səbəbi aşkardır. Səbəb, ümumi hərbdən sonra Türkiyə və İranı parçalayaraq kommunist ideologiyası əsasında qüdrətli Rusiya dövlətini qurmaqdır. İslam məmləkətlərinin öz milli istiqlalını elan etməsindən bir qədər sonra öz ideologiyasına tabe etdirdikləri həmin ölkələri silahlandıraraq Avropa dövlətlərinə öldürücü zərbə vurmaq Rusiyanın ən ümdə planı idi.
Həqiqətən də əsarət altında inləyən islam xalqları arasında tarixdən Avropa və rus imperatorluqları əleyhinə bir münasibət mövcud idi. Bundan əlavə, XIX əsrin ortalarında türk-islam aləminin bəzi aydınları tərəfindən formalaşdırılan milli şüur toxumları cücərmiş, boy göstərmişdi. Birinci Dünya müharibəsindən guya qalib çıxan Avropa dövlətləri çox zəifləmiş, rus imperatorluğu çökmüşdü.
İslam aləminin tərəfini tutmaqla, böyük qazanc əldə edəcəyini təxmin edən kommunistlər, öz ideologiyalarını yaymaq üçün bu əlverişli şəraitdən daha yaxşısını bula bilməzdilər.
Fəqət, kommunistlər bu təxminlərində yanıldıqlarını tez anladılar.
Rus əsarəti altında bulunan islam məmləkətləri istiqlallarını elan etdilər. Fəqət, kommunizm doktorinasını qəbul etmədilər və bu ideologiyaya yaxınlaşmadılar. Anadolu türkləri istiqlal mücadiləsində bolşeviklərin maddi yardımlarını qəbul etdilər, ancaq tək bir rus əsgərini belə Anadoluya ayaq basmağa qoymadılar, kommunist ideologiyasını qəbul etmədilər. Qərb dövlətlərinin əsarəti altında inləyən bütün islam dünyası da siyasi vəziyyətlərini gözdən keçirdilər, təftiş etdilər və bu, dövlətləri geriləməyə məcbur qoydu, fəqət, kommunist ideologiyasını qəbul etmədilər.
2-3 il içərisində təxminlərdə yanıldıqlarını anlayan kommunistlər, təkrar 180 dərəcəlik istiqamətdə hərəkət edərək Rusiya imperatorluğu daxilində röyalarda belə görünməyən bir dəhşətli siyasət həyata keçirdilər, təkrar imperiya siyasətinə döndülər.
Əlləri yetişdiyi yerlərdə, yəni keçmiş rus hüdudları daxilində bulunan və istiqlalını elan edən məmləkətləri Türkiyə və İranın təsirsiz vəziyyətindən faydalanaraq, təkrar işğal etdilər və bu məmləkətlərdə kommunist doktorinasını zorla tətbiq etməyə başladılar. Bu zorluğun da faydasını görməyən kommunistlər ruhən kölə olan millətə layiq bir vəhşətlə bu məmləkətlərin xalqlarını yox etmək yolunu tutdular. Rəsmi hesablara görə, keçmiş Rusiyada 50-60 milyon civarında islam-türk var idisə də, kommunistlərin son statistikasına görə, türk-müsəlman əhalinin sayı 25 milyondur. Doğum faizləri də bu statistikaya əlavə edilərsə, 38 il ərzində Rusiyadakı türklərin yarıdan çoxu yox edilib, (insan haqları bəyannaməsini elan edənlərin qulaqlarından uzaq), ya da kommunistlərin hər bir iddiası kimi bu statistik göstərici də yalandır.
38 il müddətində hüdudları daxilində yaşayan islam dünyasına qarşı vəhşi hərəkəti və mütəmadi şəkildə təşkilatlandırılmış təbliğat strukturlarıyla kommunizm ideologiyasını aşılamağa cəhd edən ruslar bəzən yola gəlməyən millətləri "yola gətirmək” üçün tək bir çarə tapdılar. Yox etmə! Və əllərindən gəlsəydi, bütün islam dünyasını yox etməkdən çəkinməyəcəkləri də aşkardır.
1917-ci il inqilabının ilk illərində islam dünyasını kommunistləşdirmək xülyasıyla hərəkət edən kommunistlər ilk addımlarını ehtiyatla, diqqətlə atdılar. Məqalənin əvvəlində qeyd etdiyimiz manifestdən başlayaraq Bakıda Şərq xalqlarının konqresini keçirdilər. Müəllim və üləmalara toxunmadılar, kommunizmin bir növ qədim islam dini olduğunu və peyğəmbərimiz bu əsrdə yaşasaydı, mütləq kommunist olacağını iddia edib söyləməkdən belə çəkinmədilər.
Bütün bu cəhdlər istədikləri nəticəni vermədiyini görüncə və bunun səbəbinin islamda olduğunu kəşf edincə, dinimizə qarşı "Dinsizlər təşkilatı” vasitəsilə mücadiləyə başladılar. Cami və məscidlər qapadıldı. 1917-ci ildə Həzrəti Osmanın qanına bulaşmış "Qurani-Kərim”i böyük bir jestlə Səmərqəndə, Uluğbəy mədrəsəsinə nəql edən kommunistlər, bu mədrəsəni indi "dinsizlər muzeyi” etdilər. İbadətə qadağa qoyuldu və minlərcə islam əhli yalnız dininə bağlı olduğu üçün günahlandırıldı və yox edildi. Bolşeviklərin bütün vəhşiliklərinə rəğmən, kommunist əməllərini qəbul etməyən, özlərinə sığışdırmayan islam dünyası əcəba, nədən kommunizm fikir və doktorinasını israrla qəbul etmədi? Nədən xristian, musəvi, budda dinlərinə mənsub olanlar kommunist ideologiyasını qəbul edirlər, amma islam aləmi bu ideologiyaya yaxın durmur?
Qənaətimizcə, bunun tək bir səbəbi islam ilə kommunizmin tamamən biri-birinə zidd ideologiyaya sahib olmasındadır.
İslam dininin sosial həyata baxışı o qədər insani, o qədər təbiətə və məntiqə yaxındır ki, belə dünyagörüş insanın təhtəlşüuruna nüfuz etməyə müvəffəq olur və əsrlərcə davam edən belə bir dini dünyagörüşün nəticəsində, bir müsəlman üçün dinini yox etmək, həyatını məhv etməyə bərabər sayılır.
Hər bir dində olduğu kimi, islamda da dinin "xarici mənzərəsi” mövcuddur. Bu "xarici mənzərə”nin qəbulu, tətbiqi və nəzəriyyəsi bu yazımızın mövzusu deyil. Mövzuya aid olan məsələ əsrlərcə təlqin edilən islam ideologiyasının prinsipləridir.
İslam dininin əsaslarından biri mülkiyyətin toxunulmazlığıdır. Birinin malı sahibi tərəfindən halallıq verilmədən başqasına aid ola bilməz. Hər müsəlmanın həyatı və malı digər bir müsəlman üçün müqəddəsdir, çünki Allahın hədiyyəsidir.
Kommunizm isə mülkiyyət məfhumunu ümumən rədd edir. İslamda adına "zəkat” deyilən sosial bir qayda var. Zəkat varlılara nəzərən kasıbların haqlarını qorumağa söykənir. Heç bir müsəlman zəkatı sədəqə kimi qəbul etməz. Zəkat vermək varlılar üçün vəzifə, kasıblar üçün isə dini bir haqdır. Ona görə də, islam prinsip olaraq varlı və kasıb ayrımını, yəni sinfi fərqi qəbul edir.
Kommunizm isə sinif fərqini tamamən inkar edir. İslamiyyət, ailəni hər dövlətin və dövlətçiliyin təməl daşı olaraq qəbul edir, kommunizmdə isə ailə məhfumu heç yoxdur. Cinsi bir birləşmənin nəticəsi olaraq doğulan uşaqlar hamıya aid uşaq evlərində böyüdülür.
Kommunizm qadınla kişiyə fərq qoymadan hər ikisini işçi, iş görən kimi qəbul edir. İslam isə qadını əvvəlcə qadın və sonra isə bir ana olaraq qəbul edir.
Böyüklərimizə hörmət islamda sosial həyatın əsaslarını təşkil edir, kommunist doktorinasına görə isə, bu bir günahdır.
Bu misalların sayını xeyli sayda artırmaq mümkündür və məhz bu amillərə görə müsəlmanlar islam ideologiyasına istinad etdikcə, kommunizm "dininin” ideologiyasını qətiyyən yaxına buraxmaz. Bunu öncə kommunistlərin özləri anladı və başqa çarə tapa bilmədikləri üçün sərhədləri içərisində yaşayan türk-islam xalqını yox etməyə qalxdı. Müvəffəq olub-olmayacağı hələ bəlli deyil, fəqət, bizə elə gəlir ki, dünyada kommunizmə qarşı dimdik, ayaqüstə duran ancaq islam aləmidir. Bu vəziyyəti ilk dəfə anlayan kommunistlər, məqsədlərinə çatmaq üçün əvvəlcə islam aləminin təməllərini sarsıtmağın lazım gəldiyini anladılar və bu məqsədlə sərhədləri kənarında bulunan islam xalqları arasında təbliğat vasitəsilə çarələr axtardılar və bunu vəzifə bildilər. Gah "islam qardaşları” sifəti ilə, gah da əsir millətlərin "müdafiəçiləri” olaraq meydana çıxdılar və təəssüf ki, bəzən də istədiklərinə nail oldular və olmaqdadırlar. Fəqət, məsələyə daha geniş müstəvidə baxılsa, kommunistlər Şərq xalqları üzərində elə yüksək uğur əldə edə bilmədilər, amma qeyri-islamların məmləkətlərində istədiklərini əldə etməkdədirlər. Yəni, kommunistlərin bütün fəaliyyətlərinə rəğmən təbiətin və məntiqin əsası olan islam dini, keçmişdə olduğu kimi bu gün də islam xalqlarının sosial həyat anlayışının təməli olaraq qalmaqdadır. Dinin ideoloji prinsiplərini itirmədikcə, bu millətlər kommunizmin ideologiyasını qəbul etməyəcəklər.
"Türk izi” dərgisi
1952-ci il. №1.
Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb