Həsən bəy Zərdabinin varisi
Həsən bəy Zərdabinin həyatının, fəaliyyətinin indiyə qədər öyrənilməmiş bir çox məqamları var. Milli mətbuatımızın əsasını qoyan, jurnalistika sistemini formalaşdıran, xalqın həyatında böyük rol oynayan bu böyük azərbaycanlının nəsil-şəcərəsi tədqiq olunsa da, onun övladlarının taleyi barədə yetərincə məlumat yoxdur. Həsən bəyin 3-cü övladı Səffət Zərdabinin taleyi də tədqiqatdan kənarda qalıb.
İxtisasca memar olan Səffət bəy həm də mühacirət mətbuatında fəal iştirak edib, "Türk izi”, "Mücahid” dərgilərində siyasi-publisistik təhlili yazılar yazıb. Türkiyədə fəaliyyət göstərən Azərbaycan Milliyyətçilər Dərnəyinin idarə heyətinin üzvü olan Səffət bəy Azərbaycanın istiqlal savaşının ideoloqlarındandır. Atası kimi azərbaycanlı xarakterinə sahib olan Səffət bəyin bolşevik-kommunist rejiminə qarşı üsyankar publisist obrazı təəssüf ki, hələ öz tədqiqatçısını gözləməkdədir. S.Zərdabinin mühacirət mətbuatında çap olunan bir neçə məqaləsini Azərbaycan türkcəsinə uyğunlaşdıraraq "Şərq”in oxucularına çatdırmaqla bir növ bu işə yardım etdiyimizi düşünürəm.
Akif Aşırlı
Azərbaycanın istiqlalına gedən yollar
Azərbaycan bolşeviklər tərəfindən işğal edildikdən sonra əcnəbi məmləkətlərə mühacirət edən Azərbaycan türklərinin hamısının fikri Vətənimizin istiqlalı olduğu halda, bu istiqlala gedən yollar barədə fikir ayrılıqları, təəssüf ki, aramızdakı birliyin yaranmasına imkan vermədi.
İstiqlal hər millət üçün müqəddəsdir, fəqət, bir türk üçün müqəddəs olmaqla yanaşı, milli bir xarakteri də ifadə edir. Tarix boyunca heç bir türk kölə olmayıb, hətta şəxsi həyatında belə türk əzilməyi özünə yaxın buraxmaz. Yadlar tərəfindən himayə edilərək yaşamaq istəməz, lakin öz qardaşının yardımından da imtina etməz, bir şərtlə ki, yenə öz azadlığını qoruyub saxlasın. Davranışlarının, yaşayışının, düşüncələrinin azad olmasını istəyir, amma dövlət və şəxsi azadlığını anarxiya ilə əvəzlənməyə də yol verir. Yəni, daim millətinin və vətəninin böyük şəxsiyyətlərinə hörmət edir. Amma bu hörmət şəxsiyyətə pərəstiş deyil, şəxsiyyətlərə azad, müstəqil yanaşmaqdan doğur. Bu hörmət və itaət bir kölənin itaəti deyil və əsla ola bilməz. Ruhən hər bir insanın ictimaiyyət, cəmiyyət içərisində yaşamaq zərurətinin məntiqi nəticəsidir. Ruhən azad olan mənliyini itirməz və bu xarakterli, dünyagörüşlü insan üçün hər kəsin haqqı öz haqqı kimi, hər kəsin şərəf, həyat anlayışı öz şərəf və həyat anlayışı kimi müqəddəsdir. Bu cür yanaşma tərzindən örnək ola biləcək fakt odur ki, Osmanlı dövləti əsrlərcə hakim olduğu millətlərin milli, dini hisslərinə toxunmadı. Türk xaqanları əsrlərcə hakimiyyətləri altında olan slav (yəni slavyan) kölələrini türkləşdirməyi belə düşünmədilər. Bəyaz və qırmızı rus dövləti içərisində yaşayan türklər nə ruslaşdı, nə də ki kommunist oldular. Azərbaycan türklərinin istiqlalını tələb etmələri bu hissi-duyğunun təzahüründən başqa bir şey deyil.
Təbiətin bizə hədiyyə etdiyi bu xüsusiyyət, bu xarakter bizi başqa millətlərdən ayırır. Türk hərbi sevmir, o yalnız haqqını, istiqlalını nə bahasına olursa olsun, müdafiə edir. Azadlığımızı, haqqımızı müdafiə edərkən bəzən gücsüzləşir, mənən əzgin oluruq, amma milli dilənçilik bizə yaddır. Yaradılışımız, milli qürurumuz, ən başlıcası xarakterimiz bu cür davranışa əsla yaddır. Yaradılışımız böylə olduğu halda bəzi Azərbaycan mühacir zümrələri bizi istiqlalımıza aparan yollara, milli keyfiyyətlərimizə, xarakterimizə uyğun olmayan istiqamət verməyə çalışırlar. Məhz bu zümrələrin dolayısı ilə hər fürsətdə bəhs etdikləri ruslarla birlikdə federasiya şəklini arzu edib, münasib görmələri istiqlalımıza uyğun deyil.
Azərbaycan mühacirət zümrələrindən bir hissəsi istiqlalımızı ancaq keçmiş Rus imperatorluğu çevrəsində olmuş millətlərin birləşməsiylə, digəri isə Qafqaz Konfederasiyası yolu ilə qazanmağımızı düşünür. Yəni hər iki "yolçu” Azərbaycan istiqlal mübarizəsinin əcnəbilər, xarici tərəfdaşlar tərəfindən aparılmadan müsbət nəticə verməyəcəyi qənaətindədirlər.
Gəlin indi keçmiş Rus imperatorluğu sərhədləri daxilində federasiya şəklində formalaşacaq birliyin və ya Qafqaz Konfederasiyasında Gürcüstanla Ermənistanın Azərbaycana necə "dəstək” olacağını tədqiq edək. Belə çətin vəziyyətdə bir sual ünvanlamaqdan özümü saxlaya bilmirəm: "Vətən və millətin bu qədər gücsüz, heç nəyə qadir və "dəstəyə” möhtac olduğunu düşünənlər niyə yaradılışımıza, düşüncə tərzimizə, xarakterimizə tamamən yad olan "dəstəklərə” ehtiyac gördüyü halda, ölkəsində yaşadığı, dünyaca hörmət gördüyü və üstəlik də öz qardaşı olan dövləti (yəni Türkiyəni - A.A.) nədən əcəba "dəstək”çi rolunda görməyir?”
Keçmiş Rus imperatorluğu sərhədləri daxilində yaşayan millətlərin federasiyada birləşməsi tezislərini müdafiə edənlərin bəziləri o qədər irəli gedirlər ki, istiqlal yolumuzun Moskvadan keçdiyini idiia edirlər və bu fikirləri söyləməkdən çəkinmirlər. Bu fikrin daşıyıcısı olan kiçik zümrə bu ideyanın doğruluğunu sübut etmək üçün Amerika dövlətini misal göstərirlər. Müxtəlif məmləkətlərdən təşəkkül edən Birləşmiş Amerikada hər bir vətəndaş öncə amerikalıdır. Yaradılışı nəzərdə tutulan bu federasiyanın xalqı bəs hansı adı daşıyacaq? Bu sualın cavabı varmı? Sovet Sosialist Cümhuriyyəti və ya hansısa SSS addımı daşıyacaq? Mənliyini əsrlərcə itrməyən türk xalqı hansı haqla bir formul, şərti ad altında yaşamağa dəvət edilir? Başqa bir tərəfdən, məgər qızıl SSRİ imperatorluğu zatən federasiya deyilmi? Yalnız rəngini dəyişdirməklə istiqlalımıza qovuşacağıqmı? Bizlərə qızıl ilə ağın nə fərqi var ki? Bunların hər ikisi türkün, digəri yenə türkün və həm də bütün dünyanın düşmanı deyilmi?
Türkü və türkçlüyü ağlar tədricən, qızıllar isə kütlə halında yox etmək istəməyirlərmi? Zatən, bir kölə fürsət əlinə düşəndən sonra keçmiş sahibini, ya əfəndisindən intiqamını necə alır? Elə isə bu əcaib federasiya oyununu oynayanlar, bu yolda yürüyənlər türk millətinin bir parçasını təşkil edən Azərbaycanı hansı haqla, səlahiyyətlə təmsil etməyə cəsarət edirlər?
Zümrələrdən digəri Qafqaz Konfederasiyası yolunu tutub. Yalnız bu yolda da anlaşılmayan bəzi mövzular var. Bir federasiya və ya konfederasiya təşkil etmək üçün bu nəsnələrin əvvəlcə
sərhədlərini müəyyənləşdirmək məcburiyyəti var. Yəni qonşu ölkələrlə sərhədləri, konfederasiya quran ölkələrlə daxili sərhədləri müəyyənləşdirməlisən. Bir gün Qafqaz Konfederasiyası sərhədlərini öyrənmək məqsədi ilə bir məcmuənin üz qapağındakı xəritəni tədqiq etdim. Bu xəritədə konfederasiyanın xarici sərhədləri belə bir mənzərə yaradır: "Quzeydə hüdudsuz bir sahə. Bu boş, hüdudsuz sahədə bəzi millətlərin adları yazılıb. Yazılan bu adlar içərisində şimali qafqazlılar, kalmıklar, kazaklar (?) bu konfederasiyaya daxildir. Bu günə qədər adını belə duymadığım "kazak milləti” nə deməkdir? Xəritədə bu "millətə” ayrılan yer, bizim bildiyimiz Şimali Qafqaza aid deyilmi?
Konfederasiyanın güney sərhədləri isə tamamən anlaşılmır. Hansı etnoqrafik, coğrafi və geopolitik əsaslara görə bu sərhədlər cızılmış, bilinməyir. Bildiyimiz isə budur ki, uzun müharibələr nəticəsində Türkiyə, İran və Rusiya arasında bir bəlli sərhəd tərtib olunub. Hansı əsaslara görə Qafqaz Konfederasiyası bu sərhədləri öz sərhədləri kimi qəbul edir? Konfederasiya üzvlərinin bəziləri, məsələn, Qars və Ərdəhan öz sərhədlərini müəyyənləşdirmək tələbi irəli sürərsə, digər üzv dövlətlər nə edəcəklər? Ya da bir üzv dövlət etnoqrafik sərhədlərini müəyyənləşdirmək istəsə, digər iki dövlət nə edəcək və nə etməlidir? Bir də qonşu dövlətlər əsrlərcə malik olduqları əraziləri geri istəsələr, tələb etsələr, nə baş verəcək? Konfederasiyanın güney hüdudları geopolitik baxımdan tədqiq edilib, ya yox?
Tədqiq etdiyim bu xəritədə konfederasiyanın daxili sərhədləri müəyyən edilməyib. Məlum olmayan bir məsələyə yaxşı və ya pis demək olmur. Fəqət, bu konfederasiya "yolçuları” "keçmiş rəhbər” olduqları üçün bunların "musiqiçiliyi” faydalı deyil. Bu hüdudlar istiqlal günlərimizdəki hüdudlarla eyni olmalıdır. Yoxsa, bilməm hansı səlahiyyətlər çərçivəsində bu sərhədlər Varşavada cazılıb?
İndi icazənizlə soruşmaq istəyirəm: Nədən, hansı haqla Azərbaycanın hərbi imkanları olmadığı bir vəziyyətdə fürsətdən yararlanaraq Gəncəni belə işğal etmək istəyən, qarşısı Poylu stansiyasında çətinliklə alınan gürcü əsgərlərinin zəbt etdiyi yerləri Gürcüstan sərhədi kimi qəbul edirlər?
İstiqlal günlərimizdə Azərbaycanın Ermənistandakı nümayəndəsi Təki xanın anlatdığına görə, Ermənistan paytaxtı İrəvandan 10 km bir tərəfə, 20 km isə o biri tərəfə Azərbaycan ərazilərini belə erməni ərazisi kimi Ermənistan cümhuriyyəti rəisi Xatisov qəbul edirdi, indi bunu necə qəbul etmək olar? Yoxsa erməni Mikoyanla, gürcü Cuqaşvili (Stalin) tərəfindən təsbit edilən bugünkü sərhədləri utanmadan qəbulmu edirsiniz? Bunların heç birinin qəbul edilmədiyinimi söyləyirsiniz? Onda isə müəyyənləşdirdiyiniz konfederasiyanın nə xarici, nə də ki, daxili sərhədləri müəyyən edilməyib, bu halda nə qurmaq istədiyinizi sora bilərəmmi?
Fəqət, biz bu qeyri-müəyyən sərhədlər içərisində Qafqaz Konfederasiyasını necə qəbul edək?
Yeni və gənc Azərbaycan dövləti qonşuları ilə əsgəri ittifaq bağlamış, müstəqillik yaşı 1 il 6 ay olduğu halda ilk müharibəsini kimlərlə etməyə məcbur qaldığını unutduzmu? Bu hərb uğurla bitdikdən sonra, müzəffər ordumuzu şimaldan gələn bolşevik təhlükəsinə qarşı göndərmək əvəzinə, hərbi hissələri həftələrlə Yevlax stansiyasında hərəkətsiz buraxan və ordunun bir hissəsini İran və Türkiyə sərhədlərinə sövq edən və həmçinin Yalama stansiyasında bir güllə atmadan bolşevikləri vətənimizə buraxan, o zamankı iqtidar partiyası hər halda çox şeyləri unutmuşdur. Təkcə unudulan bumu? Millətimin çətinliklə özünü toparlayan hissəsi Gəncədəki 11-ci rus ordusuna qarşı hücuma keçmək istəyərkən, bizi arxadan vuranın kimlər olduğu da unudulub. İndi bu qonşularlamı istiqlalımıza qovuşacağıq? Öz güc-qüvvəsiylə ayaqda durmayacağını iddia etdiyimiz millətimiz bunlardanmı kömək gözləyir? Bunlaramı "dəstək” deyib, müraciət edilir?
Qafqaz Konfederasiyası ideyasının hərbi-siyasi mənzərəsi bu vəziyyətdəykən, bəlkə iqtisadi baxımdan qonşularımızla birləşmək və birlik da faydalı, lüzumludur. Ola bilər, bəzi məmləkətlər iqtisadi baxımdan bir-birinə möhtac olduğundan birləşirlər. Amma bu cür birliklərdə iqtisadi ehtiyacların ödənilməsi şərtdir. Yəni bir üzv, digərinin iqtisadi kəsirlərini tamamlamalıdır. Qafqaz Konfederasiyası üzvlərinin Azərbaycana çox möhtac olduqları şübhəsizdir. Fəqət, Azərbaycanın Gürcüstanın qarğıdılası ilə Ermənistanın duzuna ehtiyacı varmı?
Bir hər kəslə daim dost olmağa hazırıq. Gözümüzün önündə qosqoca Anadolu türkləri var. Rumlara, yuqoslavlara, hətta bolqarlara ilk dostluq əlini uzadan böyük Atatürk olmadımı? Fəqət, ümumi hərbdən əzilərək çıxan Anadolu türkü serb və bolqarlara "dəstək” deyə müraciət etmədi. Dost olmaq başqadır, "dəstəkləmək” isə tamam ayrı məsələdir. Nə fayda ki, bizim konfederasiya tərəfdarları və bu yolun yolçuları bu iki məfhumu ayırd edə bilmirlər. Əgər bu insanlar məcmuənin üz qapağında konfederasiyanın xarici və daxili hüdudlarını şərti göstərirlərsə, bu, mühacirətin işi olmamalıdır. Bu, istiqlalını bərpa edəcək Azərbaycan dövlətinin işi olmalıdır və inşallah, bu mövzuda aramızda birlik də yaranar. Ancaq təsbit etdikləri bu sərhədlərlə Vətənimizin ayrılmaz parçalarını "dəstəkçilərə” bağışlayarlarsa, məmləkətimi və millətimi təmsil edə bilməzlər. Və buna da ümid etməsinlər. Bu çarpaz yolun yolçuları 32 il olduğu kimi yenə də gözləməyə məhkum olacaqlar.
Bəzi şəxslər 32 il müddətində Azərbaycanın istiqlal uğrunda ancaq bu mövzular üzərində çalışanların mübarizə apardıqlarını söyləyirlər. Bəlkə də doğrudur, onların nə iş gördüklərini bilirik. Biz isə tək müstəqil türk dövləti kimi mövcudluğunu qoruyub saxlayan Anadolunun düşmənlərdən azad olunmasına çalışırıq. Milli qürur və şərəfə uyğun gəlməyən xarici "dəstəyə” ümid etmirik. Bu məmləkətdə çalışaraq, əlimizdən gələn köməkliyi göstərdik və bunu milli borcumuz olaraq qəbul etdik. Çünki inamımıza görə, istiqlalımız Anadolunun istiqlalına bağlıdır.
Bu yolda yürürkən məmləkətimizi və istiqlalımızı unutmadıq. Ancaq biz vətən və millətimizi əmtəə kimi satışa çıxarmadan millətin şərəfini, qürurunu mühafizə etdik.
Səffət Zərdabi,
"Türk izi” dərgisi, iyun, iyul. 1952-ci il. № 2-3
Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb