Həsən bəy Zərdabinin varisi

Həsən bəy Zərdabinin həyatının, fəaliyyətinin indiyə qədər öyrənilməmiş bir çox məqamları var. Milli mətbuatımızın əsasını qoyan, jurnalistika sistemini formalaşdıran, xalqın həyatında böyük rol oynayan bu böyük azərbaycanlının nəsil-şəcərəsi tədqiq olunsa da, onun övladlarının taleyi barədə yetərincə məlumat yoxdur. Həsən bəyin 3-cü övladı Səffət Zərdabinin taleyi də tədqiqatdan kənarda qalıb.
İxtisasca memar olan Səffət bəy həm də mühacirət mətbuatında fəal iştirak edib, "Türk izi”, "Mücahid” dərgilərində siyasi-publisistik təhlili yazılar yazıb. Türkiyədə fəaliyyət göstərən Azərbaycan Milliyyətçilər Dərnəyinin idarə heyətinin üzvü olan Səffət bəy Azərbaycanın istiqlal savaşının ideoloqlarındandır. Atası kimi azərbaycanlı xarakterinə sahib olan Səffət bəyin bolşevik-kommunist rejiminə qarşı üsyankar publisist obrazı təəssüf ki, hələ öz tədqiqatçısını gözləməkdədir. S.Zərdabinin mühacirət mətbuatında çap olunan bir neçə məqaləsini Azərbaycan türkcəsinə uyğunlaşdıraraq "Şərq”in oxucularına çatdırmaqla bir növ bu işə yardım etdiyimizi düşünürəm.
Akif Aşırlı
Şimali Qafqaz
Cənubdan Qafqaz dağları silsiləsi, şimaldan Noqay səhraları arasında, Aral dənizindən Xəzər dənizindək uzanan, 800 min kv. kilometr ərazini əhatə edən məmləkətin adı Şimali Qafqazdır.
İran, Ərəbistan, Hindistan və Anadolu ilə Şərqi Avropa və Asiya arasında yerləşən bu məmləkətin 4 milyon yarım əhalisi bu keçiddən keçən millətlərin, dağların uca zirvələri arasında məskunlaşdığı müxtəlif tayfalardan ibarətdir.
Tarixin qaranlıq dövrlərindən etibarən bu keçiddən kimlərin gəlib keçdiyi, kimlərin bu ərazilərdə qaldığı bəlli deyil. Tarixin aydın, bəlli olduğu dövrlərdə Şimaldan və Dərbənd keçidindən əsrlərlə bölgəyə axın edən türk tayfalarının bu məmləkətin bugünkü əhali sayında əhəmiyyət təşkil etdiyini görürük.
Qara dəniz sahillərində ticarət mərkəzlərinin qurmuş qədim yunan və Ceneviz tacirləri məmləkətlərinə dönən zaman hazırladıqları xəritələrdə tərk etdikləri məmləkəti "Sirkasiya” yəni, "Çərkəzlər məmləkəti” adlandırıblar. Bu ad Avropanın ədəbiyyat və tarix kitablarında yer alaraq bütün Şimali Qafqaz xalqına "çərkəz” adının verilməsinə səbəb olub.
Təəssüf ki, Osmanlı dövlətində də bu ad eyni mənada işlədilib və miras olaraq yaşadığımız günlərə qədər Anadolu türkləri arasında yayılıb.
7-ci əsrin sonlarında və 8-ci əsrin başlanğıcında Şimali Qafqaza gələn ərəb fatehləri bu məmləkətə islam dinini gətirdilər. Əməvi səltənətinin çökməsindən sonra ərəblərin buranı tərk etmələrinə baxmyaraq islam dini genişləndi və 11-ci əsrdə Şimali Qafqaz bütünlüklə islamlaşdı. Qafqaz dağlarının əzəmətli mənzərəsi, yeknəsəq bir iqlim, düşmənə qarşı birgə mübarizə aparmaq zərurəti və islamın birləşdirmə qüdrəti müxtəlif tayfalardan təşkil olunan Şimali Qafqaz xalqında eyni adət və ənənələri yaratdı. Bu amillər millətlər topluluğunu vahid hala gətirdi. 1480-ci illərdə rusların türk-moğol istilasından qurtuluşu və 1556-cı ildə Kazan və Həştərxan xanlıqlarının istilası rus dövlətinin ərazisini Şimali Qafqaz sərhədlərinə qədər böyütdü.
1606-cı illərdə Çar Boris Qudunovun Qafqazı istila planları nəticə vermədi və ruslar bir əsrə yaxın müddətdə bu işğalçılıq düşüncələrindən vaz keçdilər.
1722-ci ildə Birinci Pyotr bu planı təkrar həyata keçirdi, Dərbəndi işğal etdi. Fəqət, Şimali Qafqaz Azərbaycanla birləşərək rusların bu işğal planının qarşısını aldı. Bu dəfə Birinci Pyotr Osmanlı dövlətinin zəifləməsindən istifadə etməyi düşündü və Qafqazın işğalına Qara dəniz sahillərindən başlamağı planlaşdırdı. Ancaq Şimali qafqazlıların şiddətli müqaviməti qarşısında bu niyyətinə nail ola bilmədi. 1774-cü ildə ruslar Osmanlı dövləti ilə bağladıqları müqaviləyə istinadən Qara dənizə çıxış sərbəstliyi əldə etdi. 1792-ci ildə Suvorov noqayları yox edərək Şimali Qafqaz sərhədlərini şimaldan təhdid etməyə başladı. Bu sırada islamiyyətin ilk dövründə ərəblər tərəfindən Azərbaycana gətirilən, bir növ islam mistikası olan "müridizm” və ya "imamat” deyilən dini bir məfkurə Şimali Qafqazda yayıldı. Müridizm rus təhlükəsi qarşısında milli cərəyan, ideoloji proqram rolunu oynamağa başladı. Dini birlik məfhumunu xalqa təlqin edən müridizm 4 milyonluq xalqı 70 milyonluq rusa qarşı bir əsrin mübarizəsinin istinadgahı, əsası oldu.
Şimali Qafqazda müridizm təsiri ilə ilk dəfə dövlət təşəkkül etdi və bu dövlət 1834-1859-cu illərdə İmam Şamilin idarəçiliyi zamanında özünün ən yüksək inkişaf mərhələsini yaşadı. Təəssüf ki, bu dövrlərdə Osmanlı və İran dövlətləri öz güc-qüdrətlərini itirdiyindən Şimali Qafqaza hər hansı köməkdə buluna bilmədilər.
1829-cu ildə osmanlılarla rusların Qara dəniz sahillərində apardıqları müharibədən istifadə edən İmam Şamil 3 il ərzində çox qüvvətli ordu yaratmağa müvəffəq oldu. Bu ordu ilə o, Qara dəniz sahillərindən Qafqazın içərilərinə doğru irəliləyən ruslara qarşı hər qarşı torpaq uğrunda mübarizə apardı və bu coğrafi əraziləri qorudu.
Şamilin ordusu ilə bacara bilməyəcəyini anlayan ruslar 1840-cı ildə 200 minlik ordu ilə hərəkətə keçdi və bu qədər hərbi qüvvə ilə bir nəticə hasil etməyəcəyini düşünüb əsgəri sayı 300 minə çatdırdılar.
1859-cu ildə İmam Şamil mücadilədən vaz keçməyə məcbur qaldısa da, ruslara qarşı xalqın mübarizəsi 1864-cü ilə qədər davam etdi.
Çəyirtkə sürüsü kimi Şimali Qafqazı istila edən rusların ilk "fəaliyyətləri” 1 milyon yarım xalqı Osmanlı dövlətinə sürgün etmək oldu. Rusların iddia etdiklərinə görə, bu, 1 milyon yarım insan əsrlərcə yaşadıqları, ata-babalarının dəfn olunduqları bu torpaqları könüllü olaraq tərk ediblər. "Öz arzularına” görə, öz vətənlərini tərk edən qadın, uşaq, qoca köhnə rus gəmilərinə mindirildi və bu gəmilərin bir qismi Qara dənizdə sərbəst hərəkət hüququ əldə edən ruslar tərəfindən batırıldı. 70 milyonluq rus xalqının 4 milyonluq Şimali qafqazlıları əsrlərcə davam edən mücadilədən sonra məğlub etməsi, qadın, uşaq və ahılları Qara dənizdə batırması utanc olduğu halda, rus tarix kitablarında Qafqazın işğalı "şərəfli zəfər” olaraq çap olunub. Məmləkətlərini tərk etməyən Şimali qafqazlılar bu tarixdən sonra ruslaşdırılmaya məruz qaldı. Milli müqavimət hərəkatında iştirak edən qəhrəmanlar tutularaq Sibirə sürgün edildi, əsrlərcə yaşadıqları münbit torpaqlardan köçürülən qafqazlıların yerinə "rus mujikləri” yerləşdirildi. Bütün bu olaylara rəğmən 1877-1878-ci illərdə xalqın üsyanı müharibə şəklini aldı. 1905-ci ildən 1918-ci ilə qədər davam edən rus inqilabı nəticəsində 1917-ci ilin martında ilk dəfə, avqustdan isə ikinci dəfə Terek-qalada (Vladiqafqazda) toplanan Şimali qafqazlıların konfransı keçirildi. Bu konfrans Şimali Qafqazın Rusiya ilə federativ əsaslarla birliyini və istiqlalını elan etdi. Yeni yaranan hökumət qonşuları kalmıklarla "Cənubi-şərq Birliyi” adlı bir dövlət yaratmaq təşəbbüsündə olsalar da, 1917-ci il bolşevik inqilabı bu təşəbbüsün reallaşmasına imkan vermədi. Bolşevik rejimini qətiyyətlə tanımayan Şimali qafqazlılar bolşeviklərin təhdidi qarşısında 11 mart 1918-ci ildə Şimali Qafqaz Cümhuriyyətinin müstəqilliyini elan etdi və 8 iyun 1918-ci ildə Osmanlı dövləti ilə dostluq, əməkdaşlıq müqaviləsi imzaladı. Tarixin bu mərhələsində alman-türk ittifaqının məğlubiyyəti, Rusiyanın bolşevik inqilabı nəticəsində ortadan qalxması Çar Rusiyasının müttəfiqi İngiltərənin Qafqazda söz sahibi olmasını şərtləndirdi. Qafqaza daxil olan ingilislər yeni qurulan Şimali Qafqaz Cümhuriyyətindən keçmiş müttəfiqi Çar Rusiyasının xeyrinə, yəni Denikin ordusuna yardım etməsini tələb etdi. Əsrlərcə azadlığı üçün ruslarla mübarizə aparan Şimali qafqazlılardan bu dəfə ağ rus ordusuna qapı açmaları tələb edilirdi. Yeni hökumətin tərəddüdünü görən general Tomson Denikin ordusunun Şimali Qafqaz Cümhuriyyətinin daxili işlərinə qarışmayacağı vədini verərək ağ rusların Şimali Qafqaz torpaqlarına daxil olmasını təmin etdi. Fəqət, ruslar Şimali Qafqaz torpaqlarına daxil olandan sonra yeni yaradılan bu cümhuriyyəti tanımaq istəmədilər. Milli hökumətin rus ordusundan torpaqlarını tərk etmək tələbinə bu dəfə İngiltərənin nümayəndəsi statusu ilə Denikin ordusunda vəzifə icra edən Kolenel Ravlonson rədd cavabı verdi. Bundan sonra ruslara qarşı mübarizə yenidən alovlandı. Milli hökumətin yeni formalaşması səbəbindən mübarizə müsbət nəticə vermədi və ağqvardiyaçılar ingilislərin yardımı ilə üç ay müddətində Dağıstandan başqa bütün Şimali Qafqazı işğal etdilər. Ancaq bu müddətdə işğala məruz qalmayan Dağıstanda formalaşdırılan hərbi qüvvələr bir gecədə Denikin ordusunu pərişan etdilər və iki il azadlıq savaşı apardılar. İki il ərzində silahsız, heç bir yerdən kömək almayan xalqla bacara bilməyən Denikin ordusu ingilis müşaviləri ilə birgə əsas qayənin bolşeviklərlə mübarizə olduğunu unudaraq, hərbi qüvvələrinin bir qismini bolşevik cəbhəsindən çəkərək Şimali qafqazlılarla müharibəyə cəlb etdi. Bu planın nəticəsi olaraq Denikin ordusu bolşeviklərə məğlub oldu və həm özünün, həm də mübarizə gücünü itirən qafqazlıların məsum aqibətini müəyyənləşdirdilər.
İslam məfkurəsinə, azadlıq eşqinə mübtəla olan Şimali Qafqaz xalqı bolşevizm doktrinasını zorən qəbul etməli idi. Bunu anlayan bolşeviklər ağqvardiyaçılarla məşğul olduğu vaxt, xalqı öz tərəflərinə çəkmək məqsədilə xarici işlər naziri Çiçerin bəyanatı vasitəsilə Şimali Qafqaz Cümhuriyyətini rəsmən tanıdı. Ancaq ağqvardiyaçılardan məmləkəti təmizlədikdən sonra 1920-ci ildə rəsmən tanıdıqları bu cümhuriyyəti tərəddüd etmədən ortadan qaldırdılar.
Bolşeviklər Şimali qafqazlıların mücadilə qüdrətini və milli birlik yaratdıqlarını anlayaraq gənc cümhuriyyətin istiqlalına son qoymamışdan əvvəl xalqın vahid cəbhəsini parçaladılar. Beləliklə də Şimali Qafqazı parçalayaraq Dağlılar və Dağıstan cümhuriyyəti adlı "iki müstəqil” dövlət yaratdılar. Bu parçalanmadan da bir fayda görməyən bolşeviklər növbəti addımlara əl atdılar. 1922-ci ildə məmləkət 5 hissəyə - Dağıstan, Qaraçay, Kabardin-Balkar, Çeçen və Adige Muxtar Cümhuriyyətlərinə bölündü. Bu parçalanma yenə də davam etdirildi. 1924-cü ildə İnquşetiya və Osetiya Cümhuriyyətləri təsis olundu və beləliklə məmləkət yeddi hissəyə ayrıldı. Bu əcaib parçalanmadan da məmnun qalmayan Qızıl Rus Ordusu hakimiyyətlərini möhkəmləndirmək məqsədilə sənaye mərkəzləri qurmaqla yeni plan həyata keçirməyə başladılar. Ancaq bu məqsədi həyata keçirmək üçün "KQB” və ordu bu ərazilərdə minlərcə rus millətindən olan işçi sinfini məmləkətə gətirirərək onları bu ərazilərdə yerləşdirdilər. Beləliklə Şimali Qafqaz bütünlüklə 1931-ci ildə rus idarəsi altına daxil edildi. Fəqət, ruslar bu azadlıq aşiqi olan milləti davamlı olaraq qorxutdu. Ehtiyatlı siyasətlə Şimali Qafqazı müxtəlif dil və şivələrinə görə millətlərə ayıraraq bu qondarma millətlərin hər birinə ayrı-ayrı əlifba və ədəbiyyat uydurdu. Beləliklə, Çar Rusiyasının işğal siyasəti prinsiplərinə uyğun parçalanmaları, ayrımçılığı davam etdirdilər. İllərcə Şimali Qafqazı ruslaşdırmaq üçün böyük qüvvə sərf edən rus dövləti 1937-ci il represiyalarında minlərlə insanı sürgün və edam etdirdi. "Antikommunist məhkəmələr” insan həyatına son qoydu. Bu qanlı tədbirlərin aparılmasına rəğmən məmləkətdə ruslara qarşı üsyanlar davam etdirildi. Belə mübariz millətlə davranmağın çətin olduğunu görən Qızıl rus dövləti İkinci Dünya müharibəsində istiqlal savaşını davam etdirən Şimali qafqazlıları, süni şəkildə yaratdıqları İnquşetiya, Çeçenistan, Kabardin-Balkar, Qaraçay və osetinlərin muxtar dövlətlərində yaşayan 1 milyon yarım insanın almanlarla birlikdə olduqlarını iddia edərək 1944-cü ildə bir gecə içində sürgün etdilər və yerlərinə Rusiyadan gətirilən rusları yerləşdirdilər. Hürriyyət və vətən uğrunda əsrlərcə mövcudluqlarını övladlarının qanı ilə tarixə yazdıran bu məmləkətin vəhşi üsullarla yox edilməyəcəyini rus milləti unutmamalıdır.
Səffət Zərdabi,
"Mücahid” dərgisi, 1955-ci il, sentyabr. № 3
Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb