Həsən bəy Zərdabinin varisi





Həsən bəy Zərdabinin həyatının, fəaliyyətinin indiyə qədər öyrənilməmiş bir çox məqamları var. Milli mətbuatımızın əsasını qoyan, jurnalistika sistemini formalaşdıran, xalqın həyatında böyük rol oynayan bu böyük azərbaycanlının nəsil-şəcərəsi tədqiq olunsa da, onun övladlarının taleyi barədə yetərincə məlumat yoxdur. Həsən bəyin 3-cü övladı Səffət Zərdabinin taleyi də tədqiqatdan kənarda qalıb.

İxtisasca memar olan Səffət bəy həm də mühacirət mətbuatında fəal iştirak edib, "Türk izi”, "Mücahid” dərgilərində siyasi-publisistik təhlili yazılar yazıb. Türkiyədə fəaliyyət göstərən Azərbaycan Milliyyətçilər Dərnəyinin idarə heyətinin üzvü olan Səffət bəy Azərbaycanın istiqlal savaşının ideoloqlarındandır. Atası kimi azərbaycanlı xarakterinə sahib olan Səffət bəyin bolşevik-kommunist rejiminə qarşı üsyankar publisist obrazı təəssüf ki, hələ öz tədqiqatçısını gözləməkdədir. S.Zərdabinin mühacirət mətbuatında çap olunan bir neçə məqaləsini Azərbaycan türkcəsinə uyğunlaşdıraraq "Şərq”in oxucularına çatdırmaqla bir növ bu işə yardım etdiyimizi düşünürəm.

Akif Aşırlı

Amerika bolşevizmdən xilas komitəsi

Avropada fəaliyyət göstərən antikommunist təşkilatları haqqında oxucularımıza məlumat verməyi faydalı hesab etdiyimizdən, bizə daha yaxın olan "Amerika bolşevizmdən xilas komitəsi”nin proqram və fəaliyyəti barədə ətraflı danışmaq istərdik.
Haqqında bəhs olunan bu təşkilatın yürütdüyü siyasət və istiqamət barəsində dərginin gələcək sayında izahlarla birgə ayrıca ətraflı məlumat verəcəyik. Bu gün isə Amerika komitəsinin prinsiplərini və siyasi yolunu anlatmağa çalışacağıq.
Hələ çoxdan bəri kommunizmlə aktiv mübarizə aparan amerikalılar qrupu 1951-ci ilin əvvəlində "Amerika bolşevizmdən xilas komitəsi” adı ilə bir təşkilatın təməllərini yaratdılar. Təsisçilərin qənaətinə görə, azad, mədəni və sivil dünya ilə sovetlər birliyində yaşayan xalqların mübarizəsinə heç bir səbəb yoxdur. Amerika Birləşmiş dövlətləri ilə azad millətlərin mənafe və mənfəətləri üst-üstə düşür. Sovetlər birliyində yaşayan millətlərin də arzuları azadlığa qovuşmaqdır. Bu vəziyyətdə sovet xalqları ilə deyil, Sovet diktatorluğu ilə mübarizə aparılmalıdır. Yarandığı ilk gündən etibarən Amerika komitəsinin bəyan etdiyi və bu günə qədər yeritdiyi siyasətin məqsədi Kreml oliqarxlarına qarşı mübarizə aparan, məmləkətlərini bolşevizmdən xilas etmək üçün fədakarlıq göstərən sovet mühacirlərinə maddi və mənəvi yardım etməkdir.
Bu mücadilənin təsirini artırmaq və gücləndirmək məqsədilə bütün mühacir qruplarını bir araya gətirmək və bir Mərkəz ətrafında birləşdirmək Amerika komitəsinin əsas arzuladığı iş idi. Bu Mərkəzi təşkilatın əsas hədəfi bütün mühacirlərin bir araya gələrək Vətənlərini bolşevik hakimiyyətindən qurtarmaq mücadiləsində iştiraklarının təmini idi.
Amerika komitəsi fəaliyyətə başlamamışdan əvvəl Sovet xalqlarının mənfəətlərinə, həm də Amerika tarixi ənənələrinə söykənən bir təşkilatın qurulmasına başladılar və düşünüldü ki, bu mərkəzi orqan hansı formatda fəaliyyət göstərə bilər.
Mərkəzi komitənin siyasəti və idarəçiliyi elə olmalı idi ki, Sovet hökuməti tərəfindən rus xalqına qarşı Rusiyanı parçalama ittihamı irəli sürülməsin. Həmçinin Sovet antidemokratik üsullarla bu millətləri idarəsi və hökmləri altında saxlayan rejimin dəyişməsinə rus olmayan millətlər tərəfindən etiraz edilməsin.

Amerika komitəsinin qənaətinə görə, Amerika ənənələrinə uyğun bu təşkilatın ancaq aşağıda nəzərdə tutulan təbliğat metodlarına uyğun fəaliyyət göstərməsi faydalı ola bilər.
Sovetlər Birliyinin siyasi və geosiyasi əsaslarının ancaq birlikdə yaşayan millətlərin özlərinin müəyyənləşdirəcəyi fikrini qəbul etməyən mühacir qruplar Mərkəzi təşkilata daxil ola bilməzlər.
Millətlərin arzu və istəklərini nəzərə almayan və bu günkü Sovetlər Birliyinin mövcudluğunun qorunub-saxlanılmasında israr edən qeyri-rus millətlərin mühacir qruplarının da təşkilata qəbul edilməsi mümkünsüzdür.
Bolşevizm ilə aktiv mübarizəyə başlamaq arzusunda olan və eyni zamanda bütün millətlərin demokratik əsaslara söykənərək yaşamalarını qeyd-şərtsiz qəbul edən rus və qeyri-ruslar bərabər şəkildə təşkilatı işlərdə çalışıb, bir-birlərinə yardım etmələri Amerika komitəsinin prinsiplərindən biridir.
Düşüncə və fəaliyyətləri Amerika komitəsinin prinsiplərinə zidd olmamaq şərti ilə, hər bir mühacir qrup təşkilat və proqramından vaz keçməməklə öz fəaliyyətlərini davam etdirib, bu mərkəzi təşkilatda təmsil oluna bilərlər. Yəni bolşevizmin yıxılmasıyla Sovetlər Birliyində yaranacaq problemlərin həllində müxtəlif ideyalar, siyasi nöqteyi-nəzərləri dilə gətirməkdə mühacir qruplar sərbəstdirlər. Bununla yanaşı, bu qruplar komitənin ana xəttini təşkil edən hər bir xalqın öz müqəddəratını təyinetmə prinsiplərini qəbul etməlidirlər.
Amerika komitəsinin qənaətinə görə, bu müddəalar üzvlərin birlikdə çalışması üçün lazımdır və yaranacaq birliyin ilkin əsaslarıdır.
Çoxsaylı konfrans və müşavirələrdən sonra, 1952-ci ilin sonlarında Almaniyada Birləşmiş Mühacirət təşkilatı qurulub və qərargaha Münhendə olan Antibolşevik Mücadilə Koordinasiyası mərkəzi fəaliyyətə başlayıb.
Amerika komitəsi Münhendə "Azadlıq” radiosunu və "Sovetlər Birliyinin öyrənmə institutunu” yaratdıb.

P.S. Məqalədəki faktlar Amerika Bolşevizmdən Xilas Komitəsinin "Dvc Ctoroni Dedabi” adlı buroşurasından götürülüb.

Oxucularımıza

"Mücahid”ə qarşı göstərdiyiniz diqqətə görə sizlərə dərin təşəkkürlərimizi bildiririk. Diqqət və qayğınızın "Mücahid”çi dostlarınıza yeni enerji verdiyini sizlərə çatdırmağı özümüzə borc bilirik. Məktublarınızı bir-bir, özü də təkrar-təkrar oxuyuruq. Aşağıdakı bəzi məsələləri açıqlamaqla məktublarınıza bir növ cavab verdiyimizi fikrən və ruhən buna qane olacağınızı düşünürük.

"Mücahid” şəxsləri, zümrələri hədəfə almadığından, Azərbaycan və bütün Türk ellərinin ağrı-acılarından, dərdlərindən sui-istifadə edən, kin və küdurətin məhsulu olan və milli müqəddəratımızı zədələyən yazılara heç bir zaman sütunlarında yer verməyəcəkdir.

Azərbaycanlıların və həmçinin də bütün Türk ellərinin dəyərlərini bir araya gətirməyən, çətin şərtlər daxilində fəaliyyət göstərənlərin əməyindən faydalanmağı "Mücahid” prinsip olaraq qəbul edib. Bizə yazı göndərmək istəyində bulunan bütün Ülküdaşlarımızın da qısa və yuxarıda qeyd olunan əsaslar daxilində məqalə göndərmələrini xüsusən rica edirik. Şəxsləri hədəfə alan yazıların nəşr edilməyəcəyini əvvəlki nüsxələrimizdə də çap etmişdik. Bəzi məcmuələrin milli birliyimizi zədələyən yazılara bir növ cavab tonunda yazılan məqalələri çap etməyimizi istəyən sayın oxucularımız bu xüsusda bizi anlayışla qarşılamalarını ümid edir, yalnız əsaslı, qurucu və birləşdirici yazılarına səhifələrimizdə yer veriləcəyini bildiririk.

İkinci açıqlamamızı şərtləndirən digər məqam məcmuənin qiymətindəki dəyişiklikdir. "Mücahid” xaricdən və ya daxildən maliyyələşdirilən hər hansı təhkilatın pulu ilə nəşr olunan məcmuə deyil. Adlarını "Mücahid” sütunlarında gördüyünüz, uzaqdan və ya yaxından tanıdığınız, sizə həmfikir olan dostların öz günlük qazanclarından kəsərək verdikləri para ilə məcmuə işıq üzü görür.

"Mücahid”in nəşrinə başlarkən 1,5 formatda çıxarılması qərarlaşdırıldığından qiymət də 50 quruş müəyyən olundu. İlk sayın nəşrindən sonra aldığımız məktublar və məqalələr dərginin səhifələrini artırmağa bizi məcbur etdi. İkinci saydan sonra da oxucuların tələbləri, teleqraf və məktublarına uyğun "Mücahid”in səhifələrinin sayının artımı yenə gündəmə gəldi. Dostlarla bir araya gəlib bu xüsusda xeyli düşündük və üz qabığı xaric məcmuənin 2 formatda standart olaraq çıxarılmasını uyğun gördük. "Mücahid”in 3-cü sayından etibarən qiymətini yüz quruş etməyimizin səbəbi budur. Bununla da oxucuları təmin etmiş oluruq. Bir daha onu bildiririk ki, həyat qayğısı ilə çarpışan dostlarımız məcmuənin nəşri ilə təmənnasız məşğul olur və "Mücahid” heç bir zaman para qazanmaq məqsədi güdməyir. Oxucuların dəstəyi ilə maddi durumu yaxşılaşacağı təqdirdə "Mücahid” nəşrini davam etdirərək "Türk ellərini tanıyalım” adlı silsilə məqalələri oxuculara çatdıracaq. Bununla da Türküstan, Azərbaycan, Şimali Qafqaz, Krım, İdil-Ural və başqa Türk ellərinin coğrafiyası, iqtisadiyyatı və mədəniyyətini tanıtmağa çalışacağıq. Bu məmləkətlərin davalarını da müxtəlif yönlərdən dünyaya çatdırıb, haqlarını müdafiə edəcəyik.
Redaksiyaya göndərilən məqalələrin nəşr edilməməsi və abunə qiymətinin artımı səbəbinin yetərincə açıqladığımızı düşünürük. Ancaq "Mücahid”in daha mükəmməl çıxması üçün tənqid və təkliflərinizi bizdən əsirgəməməyinizi rica edirik.

"Mücahid”in qayəsi

Millətlərin haqq və hüququnun qorunması gündəmdə olmasına baxmayaraq kommunist rejimi yüz milyonlarla insanın haqqını, hüququnu qəsb edərək, onları dəmir pərdə arxasında istismar edir. Kommunistlər "Dünya proletarları birləşin” şüarı altında insanlığı məhv edir, millətlərin haqlarını, mənliyini, dini-milli varlıqlarını sıradan çıxarmaq üçün hər cürə hiylə, fəsad və iftiralardan istifadə yolunu tutur.

Ümidini zülm, səfalət və aclığa bağlayan kommunist rejimi əsarət altında saxladıqları məmləkətləri və millətlərin azad dünya ilə əlaqəsini kəsir. 38 ildir ki, bu cürə siyasəti həyata keçirən qızıl rejim dünya mərkəzinin Moskva, bütün millətlərin dilinin rus dili olması üçün ən kiçik fürsəti belə əldən qaçırmayır, təcavüzkar əməllərini davam etdirirlər. Hürriyyət, istiqlal aşiqi olan milyonlarla insan Sibirin buzlu çöllərində Solavke və Tundura həbs düşərgələrində hər an həyat və ölüm arasında qalıb, can verir. Azadlığın əngin qüdrətinə inanan insanlar kommunistlərin qanlı xəncəri altında can verərkən belə "Hürriyyət” deyə haykırırlar. Dəmir pərdə arxasında yaşayan zavallı, biçarə insanlar azadlığa qovuşacaqları günü böyük səbrlə gözləyirlər.

İnsanlığın üz qarası olan və 38 ildən bəri davam edən bu qanlı rejimin həqiqi siması azad dünyaya bəllidir və kommunizmin yalan dolu təbliğatı keçərli silah olmaq gücünü itirib. Bu gün bütün dünyanı təhdid edən kommunizmə qarşı birləşmiş azad dünya millətlərinin tək qayəsi dəmir pərdə arxasındakı böyüklü-kiçikli bütün millətlərin gecikmədən hürriyyət və istiqlalına sahib olmalarıdır. Başda Birləşmiş Amerika olmaqla bu məqsəd uğrunda birləşən millətlər sonsuz əzm və fədakarlıqlarla çalışmaqdadırlar. Biz də Birləşmiş Millətlərin ana davası olan "İnsanlara hürriyyət, millətlərə istiqlal” amacına cüzi də olsa xidmət etməklə fəaliyyətə başlayırıq. Türk və həmçinin məhkum millətlərin mücahidlərini bir arada görmək və düşmənə qarşı bir yerdə mübarizə aparmaq ən böyük qayəmizdir. Biz özümüzə şüar seçdiyimiz bu məsələyə xidmət üçün "Mücahid”i nəşr edirik.

"Mücahid”in başlıca qayəsi bunlardır: kommunist zülmünə qarşı 60 milyon insanı əhatə edən Türkistan, Azərbaycan, Krım, İdil-Ural və Şimali Qafqaz türklərinin apardığı azadlıq mübarizəsini əks etdirmək, məhkum türklərin coğrafi, iqtisadi və mədəni qaynaqlarını tanıtmaq və eyni zamanda türk elləri arasında fikir birliyini təmin etməyə çalışmaqdır.

Bu gün azad insanlar cameəsi arasında sabit mövqeyi ilə seçilən Türkiyə Cümhuriyyəti insanı Türk vətəninə və istiqlalına xəbis niyyət bəsləyənlərə qarşıdır və biz böyük əzmlə aparılan bu mücadilənin şahidiyik. Ana vətən torpaqlarında "Millətlərə istiqlal, insanlara hürriyyət” nəzəriyyəsini mənimsəyən bizlər hürriyyət və istiqlal düşməni olan kommunizmə qarşı mücadiləyə "Mücahid”lə başlayırıq. Bizə kömək edən və bu cəsarəti özündə tapan bütün dostlarımıza təşəkkürlərimizi bildiririk. Bütün bu yolun yolçularının dəstək və yardımlarını görən zaman məsləyimizdə, istək və arzularımızda həqiqi bir yol tutduğumuzu düşünüb bəxtiyar olacağıq.

"Mücahid”, 1955-ci il
İyul №1.

Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb