Hökumət hərbi xərcləri artırmağa məcburdur

Əkrəm Həsənov: “Əgər torpağı müdafiə etmirsənsə, əkib-becərməyə dəyməz”Üzeyir Cəfərov: “Azərbaycan daha çox orduya vəsait ayırmalıdır”
Məlum olduğu kimi, 2017-ci ilin dövlət büdcəsinin xərclər hissəsinə dəyişiklik olunub və hərbi
xərclər 1 milyard manat artırılıb. İqtisadi-maliyyə durumu o qədər də ürəkaçan olmayan
Azərbaycanda hərbi xərclərin 1 milyard manat artırılması isə sosial şəbəkələrdə müzakirə
mövzusuna çevrilib. Bəzi insanlar isə sözügedən artımı müharibə ehtimalının reallaşması ilə
əlaqələndiriblər.
Görəsən, ekspertlərimiz hərbi xərclərin artırılmasını necə dəyərləndirir?
İqtisadçı-ekspert Əkrəm Həsənov isə hərbi xərclərin artırılmasının düzgün addım olduğunu
deyib. Onun sözlərinə görə, Azərbaycan müharibə şəraitində olduğundan hərbi təchizat ən
önəmli məsələdir: 
"Hərbi xərclər heç nəyə baxmadan artırılmalıdır. Məşhur filmdə deyildiyi
kimi, əgər torpağı müdafiə etmirsənsə, əkib-becərməyə dəyməz. Bu gün dünyada geosiyasi
vəziyyətin günbəgün ağırlaşdığını görürük. Aprel ayında baş verən hərbi əməliyyatlar da bunu
göstərdi ki, orduya verilən xüsusi önəm davam etdirilməlidir.
Hərbi xərclərin artırılması müqabilində digər xərclərin azaldılması baş verə bilər. Məsələn,
idman, əyləncə və digər bənzər sahələrdə xərclər azaldıla bilər. Amma istənilən halda hərbi
xərclərin artırılması vacibdir”.
Azərbaycanda hərbi büdcənin artırılmasının tamamilə ictimai maraqlara uyğun həyata
keçirildiyini vurğulayan hərbi ekspert, ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov isə
deyib ki, nə qədər ki Azərbaycan torpaqları işğal altındadır, o zamana qədər də Azərbaycan
hökuməti hərbi xərclərini artırmağa məcburdur: 
"Bütün bu addımlar ölkənin müdafiəsi və təhlükəsizliyi üçün nəzərdə tutulub. Burada hansısa qeyri-adi bir şey görmürəm. Əlbəttə, biz də istərdik ki, büdcədən sosial-iqtisadi sahəyə daha çox vəsait ayrılsın. Ancaq reallıq onu tələb edir ki, Azərbaycan daha çox orduya vəsait ayırmalıdır və işğal altındakı torpaqları azad etməlidir. Sosial şəbəkə istifadəçilərinin bəziləri sosial xərclərin azaldılıb, hərbi xərclərin artırılmasına etiraz edirlər. Vətəndaşlarımıza bir qədər səbirli olmağı məsləhət görərdim. Ermənistan ordusu Rusiya tərəfindən qeyri-qanuni yolla silahlandırılır. Bütün bunlar isə yaxın zamanlarda Qarabağ cəbhəsində genişmiqyaslı əməliyyatların başlamasına zəmin yaradır. Həm cəbhə xəttində yaşanan atəşkəs pozuntuları, həm də sülh danışıqlarının nəticəsiz qalması fonunda Azərbaycanla Ermənistan arasındakı münaqişə istənilən an başlaya bilər. Ölkə başçısının da Nazirlər
Kabinetinin sonuncu iclasında qeyd etdiyi kimi, müdafiə və təhlükəsizliyimizlə bağlı nə
lazımdırsa edilir və bundan sonra da ediləcək”.
Şəymən