Beynəlxalq təşkilatlar Leyla Yunusun azadlığa buraxılmasını alqışlayıblar
"Sülh və Demokratiya İnstitutu” adlı təşkilatın rəhbəri Leyla Yunus yenə diqqət mərkəzindədir. Buna səbəb Qərbdəki bəlli çevrələrin "hüquq müdafiəçisi” kimi tanıdığı, əslində isə korrupsiya, maliyyə mənimsəməsi və dövlətə xəyanətdə ittiham edilərək cinayət məsuliyyətinə cəlb olunmuş Leyla Yunusun həbsdən azad edilməsidir. Leyla Yunusun azadlığa buraxılması Avropada, hətta okeanın o tayında bayram əhval-ruhiyyəsi ilə qarşılanıb.
Vəziyyət o həddə çatıb ki, avropalıların şən emosiyası Leyla Yunusun yaxınlarının sevincini də üstələyib. Bunu həmin dairələrin, beynəlxalq təşkilat və qurumların açıqlama və bəyanatlarında da aydın görmək mümkündür. Leyla Yunus həbs ediləndə Azərbaycanı əsassız yerə tənqid edən həmin çevrələr, bu gün məlum məhkəmə qərarından razılıq ifadə edərək ölkəmizin ünvanına təriflər söyləyirlər.
ATƏT də Leyla Yunusun azadlığa buraxılmasını humanist jest kimi dəyərləndirib. Qurumun Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) direktoru Maykl Corc Link Leyla Yunusun səhhətində yaranan problemlərlə əlaqədar azadlığa buraxılmasını alqışlayıb. Avropa Şurasının Baş katibi Torbyorn Yaqland da L.Yunusun azadlığa buraxılmasını təqdir edib. O bildirib ki, Leyla Yunusun həbsdən azad edilməsi müsbət addımdır. Avropa Şurası Parlament
Assambleyasının prezidenti Ann Brassor də tvitter hesabında Leyla Yunusun humanitar əsaslarla azadlığa buraxılmasını alqışlayıb. ABŞ-ın Dövlət Departamenti də Leyla Yunusun azadlığa buraxılması qərarını təqdirəlayiq hesab edib. Qurumun yaydığı açıqlamada qeyd olunub ki, ABŞ Arif və Leyla Yunusların azadlığa buraxılmasını olduqca müsbət addım kimi dəyərləndirir. Departamentin sözçüsü John Kirbi bəyanatında qeyd edib ki, Leyla Yunusun buraxılması sevindirici haldır: "ABŞ Azərbaycan hökuməti və xalqı ilə təhlükəsizlik, enerji, demokratiya və insan hüquqları olmaqla, bütün sahələrdə əlaqələri inkişaf etdirməyə hazırdır”. Böyük Britaniyanın Avropa məsələləri üzrə naziri David Lidinqton da Leyla Yunusun məhkəmə zalından azadlığa buraxılmasından məmnunluq hissi keçirdiyini dilə gətirib. Birləşmiş Ştatların ATƏT-dəki nümayəndəsi Chris Smith və Avropa Parlamentinin vitse-prezidenti Ulrike Lunacek isə Leyla Yunusun azad edilməsini "bayram günü” elan ediblər.
Avropa İttifaqının Xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerini, Almaniyanın xarici işlər naziri Frank-Walter Steinmeier isə bu qərarı "mühüm humanitar addım” kimi qiymətləndiriblər. Avropa Genişləndirmə və Qonşuluq Siyasəti Komissarının sözçüsü Maja Kocijancic deyib ki, biz Azərbaycan ilə münasibətləri genişləndirməyə hazırıq. Avropa Parlamentinin prezidenti Martin Şults da Leyla Yunusun azadlığa buraxılmasının gözəl xəbər olduğunu deyib. "Amnesty İnternational”ın Avropa və Mərkəzi Asiya üzrə proqram direktoru Denis Krivoşeyev bildirib ki, bu, Beynəlxalq İnsan Hüquqları Günü ərəfəsində mühüm ümid mesajı göndərəcək düzgün istiqamətdə olan bir addımdır. "Human Rights Watch” təşkilatından Rachel Denberin açıqlaması isə bir növ insanda "kövrək” hisslər yaradıb: "Mən 17 aydır ki, hər səhər bu xəbərlə oyanacağımı gözləyirdim. Onun və ailəsinin sevincini təsəvvür edə bilmirəm”. "Human Rights House” Şəbəkəsinin Şərqi Avropa və Qafqaz regionu üzrə rəhbəri Ane Tusvik Bonde də həmçinin Leyla Yunusun azadlığa buraxılmasını xoş qarşılayıb.
İsmayıl