Hüquq müdafiəçiləri Mehman Hüseynovla görüşüb: "Hər şey qaydasında idi " - Eksklüziv





"Bu gün Ədliyyə Nazirliyi yanında İctimai Komitənin üzvləri bloqer Mehman Hüseynova baş çəkiblər".

Bu barədə "Sherg.az"a komitənin kordinatoru, hüquq müdafiəçisi Səadət Bənanyarlı məlumat verib. 

O qeyd edib ki, hazırda M.Hüseynovun səhhəti normaldır:

"Artıq yemək məsələsi həll olunub. Düzdü, birdən -birə çox qida qəbul edə bilməyəcək. Ona vitaminli sistemlər asılacaq. Əvvəl özü razı olamasa da, sonra razılıq verib. Bu gün Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) üzvləri də Mehmanla görüşüb. Mehman saxlanma şəraiti ilə bağlı bizə şikayət etmədi. Əksinə həkim nəzarətində olduğunu söylədi. 2018-ci ilin 26- dekabrında aclıq aksiyasına başlayıb, 29-da xəstəxanaya köçürülüb. Ayın 31-də Mehman aksiyanı dayandırıb".

S.Bənanyarlı onu da əlavə edib ki, M.Hüseynovun mədəsində sıxlıq yarandığına görə, yüngül narahatlığı vardı. Çünki aclıqdan sonra çox qida qəbul etməməli idi:

"Bu da növbəti günlərdə düzələcək. Bir daha qeyd edirəm ki, onun durumu çox yaxşı idi. Problemi yoxdur. "Yoqurt", "tvarok" yeyib. Onun kamerasında da oldum. Hər şey qaydasında idi. Atası da yanına gəlmişdi".

Ayyət Əhməd