Məktəblərdə Qızıl Aypara Cəmiyyətinə pul toplanır
Bu günlərdə internet xəbər portallarında orta məktəblərdə orduya yardım adı ilə şagirdlərdən pul yığıldığı haqqında xəbər dərc olunub. Məlumata əsasən övladı Xətai rayonundakı Azərbaycanın Milli Qəhrəmanı Zakir Yusifov adına 194 saylı ümumtəhsil orta məktəbinin 1C sinfində oxuyan valideynlərdən biri deyib ki, məktəbdə son hadisələri bəhanə edərək əsgərlərə yardım adı altında hər uşaqdan 2 manat olmaqla vəsait toplanılır.
Məsələyə münasibət bildirən Təhsil Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Cəsarət Valehov isə məlumatı təkzib edib. Həmin məktəbin direktorunu şəxsən tanıdığını qeyd edən C.Valehov belə bir halın baş verməsinə inanmadığını bildirib: "Tanıdığım üçün deyə bilərəm ki, o məktəbin direktoru indiki vəziyyətdə əsgərlərə yardım adı ilə uşaqlardan pul yığası adam deyil. Lakin buna baxmayaraq məsələ araşdırılacaq”.
Cəsarət Valehovun əksinə uşaqlardan həqiqətən də vəsait yığıldığını təsdiq edən 194 saylı məktəbin direktoru, orduya deyil, vəsaitin Qızıl Aypara Cəmiyyətinə yığıldığını bildirib. "Məktəbə Qızıl Aypara Cəmiyətinin Xətai rayon təşkilatının rəhbəri Talıb Rəhimovun imzası ilə məktub daxil olub. Müəyyən məbləğin toplanması və çatdırılması xahiş olunur”, - deyə Ə.Əliyev açıqlayıb. Direktorun sözlərinə görə, bu, Xətai Rayon İcra Hakimiyyətinin tapşırığı əsasında ildə bir dəfə könüllülük prinsipi əsasında tək onun idarə etdiyi məktəbdən deyil, bütün məktəblərdən yığılır. Məsələyə münasibət bildirən təhsil sahəsi üzrə ekspert Nabatəli Qulamoğlu "Şərq”ə deyib ki, orta məktəblərdə şagirdlərdən müəyyən məqsədlərlə pul toplanması ciddidir: "Könüllülük əsasında Qızıl Aypara Cəmiyyətinə və ya başqa qurumlara vəsait toplanması halları mövcuddur. Lakin bu, deyildiyi kimi, yalnız könüllülük əsasında təşkil edilməlidir. Təəssüflər olsun ki, məktəb direktorları bunu bəhanə edərək, könüllülük deyil, daha çox məcburetmə çərçivəsində bu vəsaitin toplanmasına təşəbbüs göstərirlər. Bu səbəbdən valideynlərin şikayəti reallığı əks etdirir. Artıq kütləvi hal almış orta məktəblərdəki qanunsuzluqların aradan qaldırılması üçün Təhsil Nazirliyi direktorların dəyişdirilməsi məsələsinin ciddi şəkildə üzərində dayanmalıdır”. N.Qulamoğlu nazirliyin və məsul şəxslərin haqqında ittiham səsləndirilən məktəb direktoruna etimad göstərməsinin onun şəffaf işlədiyi anlamına gəlmədiyini deyib: "Cəsarət Valehov həmin direktoru şəxsən tanıdığını desə də, onun məktəbdə direktorluq fəaliyyətinə bələd olmaya bilər. Vaxtilə Bakıda yerləşən 211 saylı orta məktəbdə də oxşar hadisə baş vermişdi və həmin vaxt sabiq təhsil naziri Misir Mərdanov bunu təkzib edərək, direktorun belə addım atmağına inanmadığını bildirmişdi. Lakin sonradan direktorun müavininin şagirdlərdən pul toplaması videolent vasitəsilə təsdiq olundu. Nəticədə nazirliyin etimadını doğrultmayan şəxslər elə nazirlik qarşısında cavab verməli oldular. Belə halların sıxlıqla tez-tez verməsini Təhsil Nazirliyi nəzərə almalı və orta məktəblərdə etimad prinsipi ilə deyil, düzgün müəyyən olunmuş mütəşəkkil standartlara uyğun idarəetmə qurmalıdır”.
Aysel Aslan