"İcra orqanları qanunvericiliyin şərtlərinə əməl etməlidir ! " - Təhsilsizlər işə götürülməsin !

Əliməmməd Nuriyev: "Dövlət qulluğunda yalnız ali təhsilli şəxslər çalışa bilər"
"Dövlət qulluğunda yalnız ali təhsilli şəxslər çalışa bilər. Qanunvericiliyin şərtlərinə əməl etmək lazımdır”.
Bu sözləri "Sherg.az”a yerli icra hakimiyyəti orqanlarında inzibati vəzifələrdə çalışan orta təhsilli şəxslərin işdən azad olunması prosesini izah edərkən "Konstitusiya” araşdırmaları Fondunun prezidenti Əliməmməd Nuriyev deyib. 
O bildirib ki, boş qalan yerlərə yenidən müsabiqə elan edilib, imtahan vasitəsilə yenidən işçilər götürülə bilər:
"Amma həmin vaxta qədər İcra Hakimiyyətləri müqavilə əsasında boş yerlərə işçilər götürə bilərlər. Çünki imtahana qədər idarələrin işləri görülməlidir. Sonradan həmin vəzifələr vakansiya yerləri kimi elan ediləcək”.
Orta təhsilli şəxslərin dövlət qulluğuna qəbul edilməsinin səbəblərini izah edən Ə.Nuriyev xatırladıb ki, bu şərtlər son illərdə qanunvericilikdə təsdiq edilib:
"Həmin şəxslər qanunvericilikdə mexanizmlərin tam şəkildə müəyyənləşmədiyi dönəmdə işə qəbul edilib. Çoxlarını qanun qəbul edilənə qədər işə götürüblər. O zaman qanunvericilikdə belə şərtlər yox idi. 2001-ci ildə qanun qəbul edilib və 2005-ci ildə imtahan sistemi müəyyənləşib. Ona qədər mexanizmlər olmadığı üçün belə hallar ortaya çıxıb.
Qəbul edilmiş müvafiq qanunlar hamı üçün keçərli olmalıdır. Bundan sonra ali təhsilli şəxslər imtahan vasitəsilə boş yerlərə qəbul ediləcək. Bu, daimi əsaslarla müəyyən ediləcək. Müvəqqəti əsaslarla isə müqavilə imzalana bilər. İstənilən halda həmin yerlər vakant yer kimi təqdim ediləcək”.
Qeyd edək ki, "Dövlət qulluğu haqqında” qanunun qəbulundan, yəni 2001-ci ildən əvvəl bu vəzifədə işləyirsə, bu dəyişiklik onlara şamil olunmur və onların dövlət qulluğuna xitam verilmir.
Aysel Aslan