"Qiymət artımından əldə olunan vəsait nəqliyyat sahəsində infrastrukturun yenilənməsinə yönələcək. Bu da həmin sahədə müsbət dəyişikliklərə səbəb olacaq”.
Bunu "Sherg.az” Tarif Şurasının qiymət artımı ilə bağlı qərarına münasibət bildirərkən yol və nəqliyyat üzrə ekspert Azər Allahverənov deyib.
Mütəxəssis bildirib ki, dövlət subsidiyaları olmadan nəqliyyat vasitələrinin, xüsusən metropelitenin fəaliyyəti mümkün deyil:
"Həmin subsidiyalar hesabına yeni qatarlar alınır, müasir texnologiyalar tətbiq olunur. Sərf olunan vəsaitin çox az hissəsi vətəndaşlardan toplanan gəlir hesabına təmin olunursa, böyük hissəsi dövlətin büdcəsindən ayrılan subsidiyalar hesabına təmin edilir. Məlumdur ki, metropolitendə zaman-zaman qiymət artımı baş verib. Xatırlayırsızsa, metroda gediş haqqı əvvəl 15 qəpik idi, daha sonra 20 qəpik oldu. Bildiyimiz kimi, 2015-2017- ci illərdə yanacağın qiymətində artım baş vermişdi. Bu, devalvasiyadan sonra baş verən proseslər idi.

O zaman nəqliyyat sahəsində qiymət artımı gözlənilən idi, lakin bu, baş vermədi. İnsanların üzərinə əlavə yük qoyulmadı. Uzun müddətdir bununla bağlı müzakirələr aparılırdı və bu məsələ gündəmdə saxlanılırdı. Bununla yanaşı Bakıətrafı qəsəbələrdə fəaliyyət göstərən marşrut avtobusları rentabelli işləmədiyinə görə, sahibkarlar nəqliyyat parkını yeniləyə bilmirdilər. Bu da insanların narazılığına səbəb olurdu. Əlbəttə, burada "Baku Bus” istisnadır. Ancaq nəzərə alaq ki, "Baku Bus” dövlətin maliyyəsi hesabına yaradıldığı üçün keyfiyyətli xidmət verir”.
Ekspert vurğulayıb ki, vətəndaş ödədiyi artıq pulun qarşılığında yüksək xidmətdən yararlana biləcək. Yüksək keyfiyyət müqabilində müəyyən qədər xərc çəkmək mümkündür. Düşünürəm ki, belə də olacaq. Artan qiymət infrastruktur yenilənməsinə və keyfiyyət artımına yönələcək və bu da vətəndaşlar tərəfindən rəğbətlə qarşılanacaq. Tarif Şurası bu qərarı verməyə məcbur olub”.
A.Allahverənov vurğulayıb ki, qiymət artımı alternativ marşrut xətlərinin qurulmasına şərait yaradacaq: "Məsələn, mərkəzlə ətraf qəsəbələri əlaqələndirən sürət qatarları şəbəkəsinin qurulması. Hərcənd ki, bu sahənin inkişaf etdirilməsi hazırda gündəmdədir. Bakı ilə Sumqayıt arasında sürət qatarı fəaliyyət göstərir. Məsafə nöqteyi nəzərindən sürət qatarında qiymətlər aşağıdır. İnsanlar böyük məmnuniyyətlə istifadə edə bilərlər. Belə olduğu halda, bu, onların məsrəflərinin azalmasına gətirib çıxardır.
Ümid edirəm ki, bu qiymət artımı keyfiyyətin daha da artmasına gətirib çıxaracaq və insanların ixtiyarına alternativ xidmətlər veriləcək. Bir şeyi də qeyd edim ki, xarici ölkələrdə insanlara güzəştli paketlər təklif olunur. Məsələn, tələbələr, əlillər və aztəminatlı ailələrin nümayəndələri üçün gediş haqlarında güzəştlər tətbiq olunur. Bu məsələ də gündəmdə saxlanıla bilər. Qiymət artımı baş verir, lakin əhalinin müəyyən təbəqəsi üçün güzəştlər olur”.
İsmayıl