İctimaiyyətlə çox işləyənlərə şərait yaradılmalıdır

İcra hakimiyyətlərinin nəzarətində olan İctimai Şuralardan heç kimə fayda gəlməz



"İctimai nəzarət haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb. Qanun layihəsinin məqsədi vətəndaşların və hüquqi şəxslərin qanuni maraqlarının qorunması, şəffaflığın və hesabatlılığın təmin olunmasında ictimai nəzarətin tənzimlənməsidir. İctimai nəzarət mexanizmlərinə monitorinq, müşahidə, ekspertiza və müraciətlərin araşdırılması daxildir. İctimai nəzarət mərkəzi və yerli icra hakimiyyəti orqanları yanında fəaliyyət göstərən ictimai şuralar vasitəsilə həyata keçirilir.

İctimai şuralarda QHT-lər, KİV, Həmkarlar İttifaqı, məhəllə komitələri və vətəndaş qruplarının nümayəndələri təmsil oluna bilər. Layihə ilə bağlı danışan QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev deyib ki, ictimai nəzarətlə bağlı qanunvericilikdə müəyyən müddəalar olsa da, bu məsələ tam təkmil formada deyil: "İctimai Şuralarla bağlı təcrübə qaneedici deyil. Şuralarla bağlı həm müsbət, həm də mənfi təcrübə var. Şuralar mərkəzi və yerli icra

hakimiyyətlərindən kənarda yaradılmalı və tam müstəqil şəkildə fəaliyyət göstərməlidir”. Deputat bildirib ki, bəzən yerli icra hakimiyyəti orqanları İctimai Şuraların yaradılması ilə bağlı mövcud qanunvericiliyə əməl etmir, yaxud da şəffaflıq prinsipinə söykənməyərək bir günün içərisində ictimai şuraların yaradıldığını elan edirlər: "Əsas məqsədimiz ictimai nəzarətin təminatına kölgə salacaq qanunsuzluqları aradan qaldırmaqdır. Müvafiq orqanlar Prezident və Prezident Administrasiyası ilə bilavasitə təmasları təmin edə bilməlidir”.

"Turan” İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev "Şərq”ə bildirib ki, İctimai Şuraların icra hakimiyyətlərinin nəzarətində olması qətiyyən məqsədəuyğun deyil. Çünki yerli icra orqanlarındakı vəziyyət hamıya bəllidir: "Əksər icra hakimiyyətlərində korrupsiya, özbaşınalıq, qeyri-kontingentlik geniş vüsət alıb. Belə bir qurumun İctimai Şuralara nəzarət etməsi qurumların işini xeyli dərəcədə çətinləşdirəcək. Bu şəraitdə işləyən İctimai Şuralarda hansısa şəffaflıqdan söhbət gedə bilməz. Şuralar tam müstəqil olmalıdır, amma dövlət qurumları ilə də əməkdaşlıq etməlidir. Bu əməkdaşlıq nədən ibarətdir? İctimai Şuralar müəyyən sahələr üzrə nəzarət edir, vəziyyəti öyrənir, təkliflər verir və onların həlli yollarını tapır. Bütün bunların hamısı ictimai nəzarət deməkdir. Bu da qeyri-hökumət təşkilatlarının işidir. Əgər İctimai Şuralar nəzarət etməli olduqları orqana, yəni icra hakimiyyətlərinə tabe olacaqlarsa, burada hansı obyektivlikdən, şəffaflıqdan danışmaq olar? Bu, qeyri-normal vəziyyətdir”.

"İnsan Hüquqları üzrə Maarifləndirmə” İctimai Birliyinin sədri, hüquqşünas İradə Cavadova da bəyan edib ki, İctimai Şuraların yaradılması çox müsbət haldır. Onun sözlərinə görə, əgər Şuralar ədalətli və şəffaf fəaliyyət göstərərsə, çox müsbət nəticələr əldə etmək olar: "Bunun üçün Şuralara müstəqil qeyri-hökumət təşkilatları daxil edilməlidir. Varmı bu gün müstəqil QHT-lər? Sözün açığı, bu məsələ bir az şübhəlidir. O baxımdan, müstəqil hüquqşünasların da Şuralarda təmsil olunması müsbət addım olar. Burada insan faktoru mühüm rol oynayır. Çox istərdim ki, Şuralara qərəzsiz, ədalətli adamlar cəlb olunsun. Amma düzü, mən buna inanmıram. Haqlı olaraq deyilir ki, nazirliklərin, yerli icra hakimiyyətlərinin nəzdində yaradılan İctimai Şuralar həmin qurumlara tabe olur. Belə Şuraların tərəfsizliyi, obyektivliyi şübhə doğurur. Son dövrlər məmurlar barədə yayılan söhbətlər bir daha göstərdi ki, onların nəzarətində şəffaf, sağlam fəaliyyət göstərmək mümkün deyil. Məmurlar öz vəzifələrindən sui-istifadə edirlər. İcra hakimləri özbaşınalığa yol verir, qanunları pozurlar. Bunların aradan qaldırılması üçün ictimai nəzarətin olması olduqca vacibdir”. Hüquqşünas İŞ-lərin iş prinsipindən də danışıb: "İctimai Şuralara çoxlu şikayət daxil olur. Amma şikayətlərin doğru və yanlış olduğunu ciddi araşdırmaq lazımdır. Çünki bəzi hallarda hansısa məmuru "vurmaq” üçün ona qarşı qərəzli informasiyalar gündəmə gətirilir. Hər neqativ halla bağlı monitorinq aparılmalıdır. Ümumiyyətlə, Şuraya şikayət daxil olmasa belə, KİV-lərdə gedən problemlərlə bağlı araşdırmalar aparılmalıdır”.

Hüquq müdafiəçisi Novella Cəfəroğlu İctimai Şuralarla bağlı QHT-lər adından parlamentə təkliflər verdiklərini deyib: "İctimai Şuralarda qeyri-hökumət təşkilatlarının yer alması, prosesin şəffaf olması baxımından daha effektlidir. İcra hakimlərinin nəzarətində olan Şuralardan heç kimə fayda gəlməz. Hesab edirəm ki, Şuralarda mütləq kənardan gələn şəxslər təmsil olunmalıdır. İctimaiyyətlə ən çox işləyənlər, məhz qeyri-hökumət təşkilatlarıdır. İnsanlar narazı olduqları məsələləri bizimlə daha rahat paylaşırlar”. N.Cəfəroğlunun sözlərinə görə, təkliflər nəzərə alınarsa, əksər narazılıqları həll etmək mümkün olar: "Biz insan haqları ilə bağlı belə bir metoddan istifadə etmişik. Rayonlara gedərək şikayətçilərdən ərizələr almışıq və ərizələr əsasında polislə, prokurorluqla əlaqə saxlamışıq. İnsanların problemlərini yerindəcə həll etmək olur”.

İsmayıl