İdman kompleksləri özəlləşdirilməlidir

Dövləti əlavə yükdən azad etmək lazımdır



"Real sektorun inkişafı ilə məşğulluq problemi daha səmərəli həll edilə bilər. Eyni zamanda dövlət xərclərinin azaldılması hesabına real sektora sərmayə qoyuluşunu artırmaq mümkündür"

Millət vəkili Siyavuş Novruzov 2019-cu il dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı təkliflə çıxış edib. Deputat bildirib ki, Azərbaycanda yeni tikilən xəstəxanalar və idman kompleksləri sahibkarlara icarəyə verilməlidir. Onun sözlərinə görə, Azərbaycanda xeyli yeni tikilən xəstəxanalar, idman kompleksləri və digər tikililər var

"Onları hansısa formada saxlamaqdansa, istifadə edilməsi üçün sahibkarlara icarəyə vermək lazımdır. Bununla da dövlət büdcəsindən onlara ayrılan maliyyə azaldıla bilər. Bu addım həmin rayonlara sərmayələr gətirə bilər”. Dövlət büdcəsinə həm qənaət etmək, həm də əlavə vəsait cəlb etmək üçün müəyyən qurumların və obyektlərin özəlləşdirilməsi, iş adamlarına verilməsi tez-tez gündəmə gətirilir. Ekspertlərin fikrincə, bu addımın atılması, maliyyə ilə bağlı mövcud problemlərin qarşısını böyük miqyasda ala bilər.

Məsələni "Şərq”ə dəyərləndirən "Konstitusiya” Araşdırmalar Fondunun eksperti, hüquqşünas Zaur İbrahimli deyib ki, dövlət xərclərinin azaldılması hazırda həyata keçirilən iqtisadi islahatlar kontekstində daha çox müzakirə olunan problemdir. 2019-cu ilin büdcəsinə baxdıqda, bu problem daha aydın görünür: 

"2014-cü ilin sonlarında neftin qiymətinin aşağı düşməsindən sonra bu məsələ çox ciddi şəkildə nəzərdən keçirildi. Hətta böyük özəlləşməyə start veriləcəyi, struktur islahatlarının daha geniş miqyası əhatə edəcəyi bəyan olunurdu. Amma sonradan bu istiqamətdə ciddi irəliləyişlər müşahidə etmədik. Neftin qiymətinin yüksəlməsi bu problemin həlli ilə bağlı təşəbbüslərin arxa plana keçməsinə səbəb oldu. 

Başqa bir məqam məşğulluğun təmin edilməsi ilə bağlıdır. Vurğulanır ki, məqsəd daha çox insanın işlə təmin olunmasına, büdcədən əməkhaqqı almasına çalışılır. Müstəqil ekspertlər bunu qeyri-səmərəli hesab edirlər. Bəyan edirlər ki, real sektorun inkişafı ilə məşğulluq problemi daha səmərəli həll edilə bilər. Eyni zamanda dövlət xərclərinin azaldılması hesabına real sektora sərmayə qoyuluşunu artırmaq mümkündür. 

Dövlət bu cür yüklərdən azad olmalıdır. Səhiyyə obyektləri istisna olmaqla bu cür obyektlərin özəlləşdirməyə çıxarılmasının tərəfdarıyıq. İdman komplekslərinin özəlləşdirilməsi faydalı olar. Bu barədə QHT-lər, vətəndaş cəmiyyətləri dəfələrlə təkliflər səsləndiriblər”.

Z.İbrahimlinin fikrincə, dövlət strateji yanaşma nümayiş etdirməlidir. Bugünkü yanaşma konyuktur maraqları əks etdirir və dövlət vəsaitlərinin bəzən havayı xərclənməsinə gətirib çıxarır: 

"Çox yaxşı haldır ki, artıq millət vəkilləri səviyyəsində bu məsələlərə diqqət yetirilir. Bu onu göstərir ki, dövlət aktivlərinin səmərəli istifadəsi ilə bağlı addımların atılmasının zəruriliyi haqqında konsensus formalaşıb. Ümid edirik ki, yaxın perspektivdə hökumət səviyyəsində qərarların şahidi olacağıq”.

İsmayıl