
İflasa uğrayan mitinq – Xalq bu qüvvələrin yalançı vədlərinə inanmır
“Orda iştirak edən təşkilat rəhbərləri anlamalıdır ki, xalq onları dəstəkləmir"
Dünən özlərini demokratik qüvvələrin Milli Şurası adlandıran radikal müxalifət düşərgəsinin azsaylı üzvləri Bakıda mitinq keçirdilər. Daha çox piketi xatırladan yığıncaq çox uğursuz şəkildə başa çatdı. Belə ki, bütün radikal müxalifət partiyalarının, onların ətrafında olan müxtəlif təşkilatların birgə keçirdiyi mitinqdə cəmi 2800 nəfər iştirak edib. Heç mitinqçi sayı 3 min nəfərə çata bilməyən yığıncağı mitinq adlandırmaq doğru sayılmaz.
Onu da qeyd edək ki, Milli Şuranın mitinqi öz xaotikliyi, təşkilatçılığın zəifliyi, sistemsizliyi ilə diqqəti çəkdi. Bu da təbiidir, müxalif qüvvələr hələ tədbir keçirməyi, bacarmırlar. Ona görə də, radikalların mitinqinə çox az sayda adam qatıldı. İştirakçılar da demək olar ki, həmin partiyaların azsaylı üzvlərindən ibarət idi. 25 ildən çoxdur dəyişməyən eyni simalar, eyni şüarlar, eyni populist və mənasız çağırışlar, əsassız ittihamlar, yalan vədlər, çıxışçıların qulaq yorucu səs tembrləri yenidən təkrarlanmış oldu.
Məsələ burasındadır ki, 10-a yaxın müxalifətçinin çıxış etməsinə baxmayaraq, heç bir real təklif səslənmədi, konstruktiv ideya irəli sürülmədi. Qeyd etdiyimiz kimi, eyni simalar, eyni şüarlar…Burda hansısa real təklifdən, ideyadan söhbət gedə bilməz. Çünki mitinq təşkilatçıları ötən əsrdən qalma şüarları səsləndirirlər. Belə bir vəziyyətdə hansısa sosial baza formalaşdırmaqları müşküldür. Bu insanlara xalq inanmır.
Onu da bildirək ki, aksiyada heç bir ziyalı, cəmiyyətdə tanınan şəxsin iştirakı nəzərə çarpmadı. Bu da təbiidir. Azərbaycan xalqının ziyalıları və ümumi cəmiyyətin tanınmış simaları nəyin necə olduğunu bilirlər. Bu mitinqin hansı məqsədlə keçirildiyini, hansı qüvvələrə xidmət etmək məqsədilə təşkil olunduğunu cəmiyyət, ictimaiyyət nümayəndələri çox gözəl bilirlər. Azərbaycanı sevməyən, Azərbaycanın müstəqilliyini həzm edə bilməyən qüvvələrin göstərişi ilə keçirilən piketə təbii ki vətəndaşlar qatılmayacaqlar.
Bu arada bir məsələni də qeyd edık – faktiki olaraq Milli Şura adlandırılan qurumun özünü sədri hesab edən AXCP sədri Əli Kərimli başqa siyasi qüvvələrin, digər siyasi partiayların rəhbərlərinin aksiyaya qatılmamasından istifadə edərək özünü müxalifətin lideri kimi qələmə verdi. Miitinqi təkbaşına təşkil etdiyini iddia edərək, kütləyə onun üçün inanılmaz, boş vədlər verdi. Bu da Kərimlinin nə qədər siyasi ambissioner olduğunun, populist şəxs simasını qoruyub saxladığının bariz nümunəsidir. Mitinqdəki hərəkətləri ilə Kərimli digər siyasi partiya liderlərinə iztehza etməyi də unutmadı.
Bütün hallarda isə, müxalifətin son mitinqi də göstərdi ki, radikal qrupların sosial bazası yoxdur. Əvvəlki yığıncaqlardan heç nəyi ilə fərqlənməyən piket xarakterli yığıncaq bu dəfə də iflasa uğradı. Uğursuz cəhdin daşa dəyməsini adi bir misalla göstərmək mümkündür - 10-dan artıq siyasi qurumun iştirak etdiyi aksiyada "Məhsul” stadionu dolmadı. Bu amil bir daha vətəndaşların radikal qrupların çağırışlarına biganə qaldığını, bu qrupların heç bir sosial dayağının olmadığını açıq nümayiş etdirdi.

Sosial Demokrat Partiyasının sədri, deputat Araz Əlizadə deyir ki, ümumiyyətlə dünənki şounu mitinq adlandırmaq olmaz. Millət vəkili Sherg.az-a bildirib ki, bu tədbir Milli Şuranın növbəti biabırçılığı idi:
"Bu adamlar reallıq hissini itiriblər. Əgər bir azca qabiliyyətləri olsaydı, siyasətdən gedərdilər. Onların keçirdikləri mitinqə gələn insanların sayına baxanda bu şəxslər anlamalıdırlar ki, xalq bunlara inanmır. Ona görə də insanlar mitinqə gəlmirlər. Məsələ burasındadır ki, dünən mitinq keçirən adamlar 30 ildir siyasətdədirlər, amma hələ də mübarizə yolu tapa bilməyiblər, nə istədiklərini dəqiqləşdirməyiblər. Xalq nə etdiyini bilməyən insanlara niyə inansın ki?”.
Əlizadə bildirib ki, Milli Şura Azərbaycanı sevməyən qüvvələrdən aldıqları maliyyənin hesabatını verməlidirlər:
"Bu səbəbdən də mitinq alındı və yaxud da iflas etdi, bunlar üçün fəqri yoxdu. Yetər ki, yığıncaq keçirdik deyə bilsinlər”.
Deputat vurğulayıb ki, müxalifətin keçirdiyi piketlərin heç bir effekti yoxdur:
"Orda iştirak edən təşkilat rəhbərləri anlamalıdır ki, xalq onları dəstəkləmir. Bu mitinqlər xalqa heç nə verməyib və verməyəcək də. Üstəlik, həmin aksiyalar xaricdən təhrik olunur. Xaricdən təhrik olunan nə varsa, həmişə nəticəsiz qalır. Onlar xalqı arxalarınca apara bilməzlər. Xalq da bu adamlara baxıb, onların heç nəyə nail olmadıqlarını və xalqı bədbəxt etməyə çalışdıqlarını görüb. Bir daha bunların populist, yalançı vədlərinə inam olmayacaq".
Anar