Təbii doğuş zamanı elə proseslər baş verir ki, onlar qeysəriyyə əməliyyatı ilə heç cür mümkün deyil
İki cana yazıq...
Analar elə bilirlər ki, qeysəriyyə əməliyyatının üstünlükləri daha çoxdur
Təbii doğuş zamanı elə proseslər baş verir ki, onlar qeysəriyyə əməliyyatı ilə heç cür mümkün deyil
Təbii doğuş zamanı elə proseslər baş verir ki, onlar qeysəriyyə əməliyyatı ilə heç cür mümkün deyil
Körpənin ağciyəri, tənəffüs sistemi möhkəmlənir, baş-beyin sistemi güclənir, körpənin immun sistemi, çox vacib olan qıcıqlandırma sistemi formalaşır
Firdovsinin dünya ədəbiyyatının incilərindən sayılan «Şahnamə»sində pəhləvan Zalın övladı Rüstəm doğularkən anası Rübabə çox əziyyət çəkib. Və yanılmıramsa, dastanda Rüstəm məhz anasının böyrü qılıncla kəsilərək ana bətnindən çıxarılıb. Hər dəfə qeysəriyyə əməliyyatı barədə hansısa bir xəbər eşidəndə məhz «Şahnamə»də Rüstəmin dünyaya gəlməsi yadıma düşür. Bilmirəm, səhv edirəm, ya yox, amma uşaq vaxtından Rüstəm pəhləvan haqqında əfsanələr danışanlar deyərdilər ki, körpə o qədər cüssəli imiş ki, anasının qarnını kəsib körpəni böyürdən çıxarıblar. Və bu epizod həmişə müasir qeysəriyyə əməliyyatlarını da gözümün önünə gətirir.
Qeysəriyyə əməliyyatı təkcə Rüstəm pəhləvanla deyil, eyni zamanda Roma imperatoru Yuli Sezarla da bağlıdır. Bu da bir əfsanədir ki, Sezar da əməliyyatla doğulub. Hazırda müasir Türkiyədə bizim qeysəriyyə kəsiyi dediyimiz əməliyyat «sezaryan kəsiyi» adlanır. Ruslar da «keserevo seçeniye» deyir. Yəni, kesersayağı kəsik. Sözün kökünə diqqətlə baxanda isə bu elə təmiz türk sözüdür – keysər – keser - kəsik. İstənilən halda, söhbət körpənin ananın qarnı kəsilərək bətndən çıxarılmasıdır.
Belə əməliyyatlar keçmiş əyyamlarda da olub, müasir zamanda da olur. Amma günümüzdə qeysəriyyə əməliyyatı sanki dəb halını alıb. Hamiləlik vaxtı bir balaca «o yan - bu yan» varsa, həkimlər mütləq şəkildə qeysəriyyə əməliyyatını məsləhət görür, tövsiyə edir. Elə ana olmağa hazırlaşanlar da nə işdisə, qeysəriyyə əməliyyatını seçirlər, bəzən hətta həkimin tövsiyəsi olmadan da. Gənc xanımlarda belə bir yanlış təsəvvür formalaşıb ki, guya, təbii üsulla doğuş qadının bədən quruluşunu mənfiyə doğru dəyişir. Ağrı çəkmək də istəmirlər, asan yolu seçirlər; gözümü yumum, açanda görüm, körpə «hazırdı». Daha bunun fəsadlarını düşünmürlər ki, əməliyyatla doğuşun gələcəkdə hansı mənfi tərəfləri ola bilər. Qadınlar da dözümsüzləşib, həkimlərin də, təbii ki, hamısının yox, əlinə fürsət düşür; pulunu ödə, əməliyyat edək, vəssalam, iş bitsin.
Bu da acınacaqlı bir faktdır ki, son dövrlər doğuş, əməliyyat zamanı, həmçinin doğuş və əməliyyat sonrası ana və körpə ölümlərinin sayı artıb.
Növbəti ölüm hadisəsi
Bir neçə gün əvvəl qeysəriyyə əməliyyatı yenə bir can alıb. Neftçala rayonunda 1997-ci il təvəllüdlü Gülnaz Elxan qızı Abdullayevanın qeysəriyyə əməliyyatından sonra dünyasını dəyişməsi faktı ilə bağlı hüquq-mühafizə orqanları araşdırmalara başlayıb.
Bu barədə Səhiyyə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, martın 23-də Neftçala Mərkəzi Rayon Xəstəxanasında dünyasını dəyişən G.Abdullayevanın birinci doğuşu olub. Onun bətnindəki dölün çəkisi 5 kiloqram olduğuna görə qeysəriyyə əməliyyatı edilməsi qərara alınıb: "Uğurlu keçən əməliyyatdan sonra qadın palataya köçürülüb, 5 saat sonra qəfil dünyasını dəyişib. İlkin ehtimala görə, ana tromboemboliyadan dünyasını dəyişib. Artıq hüquq-mühafizə orqanları ölüm faktı ilə bağlı araşdırmalara başlayıb. Ekspertlərin rəyi hazır olduqdan və araşdırmalar başa çatdıqdan sonra hadisəyə hüquqi qiymət veriləcək".
Qadınların dilinin əzbəri - «keserka»
Ana olmağa hazırlaşanlar niyə qeysəriyyə əməliyyatını seçir? Bu, həkimin göstərişi iləmi olur, yoxsa şəxsi istəklə?
Respublika Perinatal Mərkəzin direktoru Sevinc Məmmədova «Şərq»ə açıqlamasında qeysəriyyə əməliyyatına dair vacib göstərişləri izah etdi:
- Dövlət başçısının və Nazirlər Kabinetinin qeysəriyyə əməliyyatı ilə bağlı ciddi göstərişləri var. Hansı halda qeysəriyyə əməliyyatına icazə verilir; elə göstərişlər var ki, yalnız doğuş zamanı tətbiq olunur. Əgər hamilə qadının kardioloji problemləri varsa, ürək-damar sistemi xəstəlikləri müəyyən edilibsə, böyrək çatışmazlığı, digər patalogiyalar müəyyən edilibsə, həkimlər qeysəriyyə əməliyyatı qərarı verir. Lakin burada bir deyil, ən azı 3 həkimin qərarı olmalıdır. Qeysəriyyə əməliyyatı qərarı həkimlərin konsilimunda qərara alınır. Elə qadınlar olur ki, həkimlər ona hamilə qalmağı, körpə dünyaya gətirməyi tövsiyə etmirlər. Bunun özünün də konkret səbəbləri var. Bəzən qadınlarda sinir sistemi ilə bağlı dəyişikliklər baş verir.
Doğuş öncəsi gözlənilməz hallar yaşana bilir. Dölyanı maye axıntısı müşahidə edilirsə, təzyiq yüksəlibsə, qanaxma baş verirsə – belə təxirəsalınmaz vəziyyətdirsə, qadın əməliyyata alınır. Hamiləlik zamanı qadın travma alıbsa, vəziyyətə uyğun həkimlər qeysəriyyə əməliyyatı göstərişi verir. Bəzən qeysəriyyə əməliyyatı planlı şəkildə aparılır. Əvvəlcədən hamiləliyin müəyyən patalogiyası bilindiyindən əməliyyata göstəriş verilir.
Uşaqlığın üzərində çapıq varsa, qeysəriyyə əməliyyatı tövsiyə edilir. Uzunmüddətli sonsuzluq sonrası hamiləlikdirsə, yaxud ekstrakorporal mayalanma (süni mayalanma) ilə hamiləlikdirsə, qeysəriyyə əməliyyatı tövsiyə edilir. Göstərişlər müxtəlif və çoxdur. Lakin heç bir halda qeysəriyyə əməliyyatı üçün ananın şəxsi istəyi arzusu nəzərə alınmır. Qeysəriyyə əməliyyatına dair ananın – valideynin istəyi kimi bir göstəriş qeydə alınmayıb, yoxdur. Ancaq həkimlərin birgə qərarı və tibbi göstərişlər qeysəriyyə əməliyyatının gerçəkləşməsinə icazə verir. Bəzən analar qeysəriyyə əməliyyatından imtina edir, o zaman həkim vəziyyəti aktlaşdırmalıdır. Həkim təhlükə olduğunu bildirirsə, lakin ana əməliyyatdan imtina edirsə, məsuliyyət pasiyentindir.
Təbii olan üstündür
S.Məmmədova qeysəriyyə əməliyyatının təbii doğuşun üstünlüklərinə malik olmadığını vurğuladı:
- Şübhəsiz, hər şeyin təbiisi üstündür. Allahın yaradılış qanunu var. Allah körpənin ana bətnindən dünyaya gəlməsi üçün bir yol təyin edib. Təbii doğuş zamanı elə proseslər baş verir ki, onlar qeysəriyyə əməliyyatı ilə heç cür mümkün deyil.
Körpənin ağciyəri, tənəffüs sistemi möhkəmlənir, baş-beyin sistemi güclənir, körpənin immun sistemi, çox vacib olan qıcıqlandırma sistemi formalaşır. Analar səhvən belə düşünürlər ki, guya, təbii doğuş onların orqanizminə, bədən quruluşuna mənfi təsir göstərəcək, əksinə, təbii doğuş qadının orqanizmini cavanlaşdırır.
Cavanlaşma, gəncləşmə prosesi gedir orqanizmdə. Biz həkimlər bütün analara təbii doğuşu tövsiyə edirik. Lakin patalogiyalar müəyyən edilibsə, qeysəriyyə əməliyyatına dair göstərişlərlə uyğunluq varsa, artıq əməliyyat qərarı verilə bilər, amma yenə də bu qərar mütləq konsilium sonrası alınmalıdır.
Məlahət Rzayeva