İkili standartlar davam edir

AŞ PA-nın monitorinq proseduruna yenidən baxmağa ciddi ehtiyac yaranıb





Avropa Şurası Parlament Assambleyasının vitse-prezidenti, Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov deyib ki, AŞ PA-ya üzv ölkələrə münasibətdə ikili standartlar var. Onun sözlərinə görə, Avropa Şurasına üzv dövlətlərə qarşı qeyri-obyektiv yanaşmalar hələ də davam edir:

"Hesab edirəm ki, AŞ PA daxilində monitorinq prosedurunda dəyişikliklər etməliyik. Biz ölkələrdə insan hüquqları məsələlərini təhlil edərkən daha obyektiv olmağa çalışmalıyıq. Təəssüf ki, üzv dövlətlərin bir hissəsində baş verənlər nəzərə alınmır, digərləri isə daim tənqid atəşinə tutulur”. Deputat bildirib ki, əgər Fransa, Almaniya, Böyük Britaniya və Avropa Şurasına üzv olan digər ölkələrdəki vəziyyəti təhlil etsək, çox mühüm məsələlərin üzərində dayana bilərik: "Bu məsələlərə islamafobiya, ksenofobiya kimi mənfi fenomenləri misal göstərmək olar. Təəssüflər olsun ki, AŞ PA daxilində dövlətlərə münasibətdə fərqli yanaşmalar mövcuddur”.

Qurumun vitse-prezidentinin yanaşmasına münasibət bildirən siyasi ekspert Zaur İbrahimli "Şərq”ə açıqlamasında deyib ki, AŞ PA 1993-cü ildən bəri monitorinq proseduru təsis edib. Ekspertin sözlərinə görə, qurumun insan hüquqları üzrə komissiyalarına yeni üzv dövlətlərin öhdəliklərini nəzarətdə saxlamaq həvalə olunub: 

"AŞ PA qərar verib ki, monitorinq əsasında müntəzəm hesabatlar açıqlanmalıdır. 1997-ci ildə qurumda Monitorinq üzrə xüsusi Komissiya yaradılıb. Bu komissiya AŞ üzvlərinin öhdəliklərini necə yerinə yetirməsini diqqətdə saxlayır. Komissiya iki ildə ən azı bir dəfə hesabat təqdim etməlidir. Monitorinq obyekti olan ölkələr üzrə isə məruzəçilər təyin olunurlar. 

Bu mexanizm özlüyündə yaxşıdır və demokratiya, insan hüquqları ilə bağlı vəziyyəti diqqətdə saxlamağa kömək edir. Bununla belə, bu cür monitorinqlər o zaman effekt verir ki, obyektivlik, qərəzsizlik prinsiplərinə riayət edilsin. Amma son illər biz şahidi oluruq ki, bu cür monitorinqlərdə subyektiv və siyasi amillər ön plana çıxır. Monitorinq zamanı biz bərabər yanaşma və obyektivlik müşahidə etmirik.

 Konkret Azərbaycana münasibətdə monitorinqin nəticələrinin siyasi baxışları və ideoloji doktrinaları əks etdirdiyinin şahidi oluruq. Ermənistan, Gürcüstan, Ukrayna və Moldovaya münasibətdə, daha doğma və yumşaq yanaşma görürük. Azərbaycana yanaşma isə sərtliyi və subyektivliyi ilə seçilir. Bir çox hallarda konkret deputatların təklifi ilə sərt formullar qəbul edilir”.

Ekspertin sözlərinə görə, Azərbaycanın əldə etdiyi tərəqqi kifayət qədər əks olunmur: "Azərbaycanla bağlı məlumatların toplanılmasında eyni mənbələrə istinad olunur, reprezentativlik təmin edilmir. Bütün bunlar sonunda monitorinq proseduruna inamı və etibarı sarsıdır. Bu baxımdan Səməd Seyidov son vaxtlar AŞ PA-da çox aktual olan fikri açıq və publik şəkildə əsaslandırıb. 

AŞ PA depuatatlarının, xüsusən məruzəçilərin fəaliyyətində korrupsiya faktları, tərəfkeşlik halları geniş yayılıb və son bir ildə qalmaqalların ardı-arası kəsilmir. Bu kontekstdə monitorinq prosedurlarına yenidən baxmağa ciddi ehtiyac yaranıb. Xüsusən məruzəçilərin təyin edilməsi, ölkə üzrə məlumatların təhlili, bütün maraqlı tərəflərin rəylərinin alınması qaydaları ilə bağlı yeniliklər zəruridir. Bu hesabatlar hazırlanan zaman mütləq və mütləq reprezentativlik təmin edilməlidir. Toplanmış məlumatların obyektiv yoxlanılması mexanizmi müəyyən olunmalıdır. Əks halda monitorinq prosesi siyasi çalardan xilas ola bilməyəcək. 

Monitorinq prosesi AŞ PA-da təmsil olunan siyasi qrupların, lobbiçilərin əlində təzyiq və təsir aləti kimi qalacaq”. Z.İbrahimlinin sözlərinə görə, qurum lobbiçilik fəaliyyəti ilə bağlı da sərt qaydalar tətbiq etməlidir: "Biz dəfələrlə erməniləri dəstəkləyən qruplar və onların lobbiçilərinin Azərbaycana qarşı təzyiq etmək səylərinin şahidi olmuşuq. AŞ PA rəhbərliyi bu məsələlər barədə də ciddi düşünməlidir”.

İsmayıl