“İlham Əliyev qurultayda bir neçə mesaj verdi”

Nizami Cəfərov: “Dünyada müxtəlif münaqişələrin baş verdiyi bir halda geniş xalq kütlələri səviyyəsində müzakirələrin aparılması tarixi əhəmiyyətə malikdir”



Bakıda Dünya Azərbaycanlılarının IV Qurultayı öz işini bu gün də davam etdirir. İki gün davam edəcək qurultayda 49 ölkədən 500-dən çox diaspor nümayəndəsi və qonaq iştirak edir. Qonaqların içərisində xarici ölkələrin Azərbaycana dost münasibəti ilə tanınan nüfuzlu siyasətçiləri, ictimai xadimləri, elm adamları və bir neçə ölkənin yüksək vəzifəli şəxsləri, parlament üzvləri də var.

Mərasimə xaricdən dəvət edilən qonaqlarla yanaşı, Azərbaycanın müxtəlif dövlət və hakimiyyət strukturları, qeyri-hökumət təşkilatları, elm, təhsil, mədəniyyət və digər yaradıcı qurumların, siyasi partiyaların təmsilçilərindən ibarət 360 nəfərlik nümayəndə heyəti də qatılıb. Qurultay öz işini panel iclaslarla davam etdirir. İclaslarda diaspor rəhbərləri müasir dövrdə informasiya müharibəsi, bu sahədə yeni fəaliyyət mexanizmlərinin tətbiqi, Azərbaycan diaspor hərəkatında gənclərlə bağlı yeni strategiyanın hazırlanması, yeni qlobal iqtisadi tendensiyalar fonunda lobbi quruculuğu, cəmiyyətə inteqrasiya, siyasi həyatda iştirak və digər bu kimi əhəmiyyətli mövzularda fikir mübadiləsi aparılıb. Rəy və təkiliflər səsləndirilib. Qurultay işini iyunun 4-də yekunlaşdıracaq.

Qurultayın əhəmiyyətini yüksək dəyərləndirən akademik, millət vəkili Nizami Cəfərov "Şərq”ə söyləyib ki, bu, ölkəmizin beynəlxalq imicinə müsbət təsir göstərən tədbirdi: "Qurultayın açılışında Azərbaycan Prezidenti İlham Əliyev çox mükəmməl çıxış etdi. Bütün qonaqlar dövlət başçısını həm çox diqqətlə, həm də həyəcanla dinlədilər. Əvvəla, Prezident özünün bir neçə mesajını verdi. Bildirdi ki, həmişə olduğu kimi hazırda da bütün dünya ölkələrində yaşayan azərbaycanlılar Azərbaycan dövlətinə öz dayaqları kimi baxmalıdırlar. Baxırlar da. İndiki mürəkkəb şəraitdə soydaşlarımız Azərbaycan dövləti və xalqının beynəlxalq aləmdə mənafeyinin qorunmasında bir elçi olmalıdırlar. Düzdür, Azərbaycan dövləti başqa ölkələrin işinə qarışmır. Heç vaxt da qarışmaz. Amma dünyanın müxtəlif yerlərində yaşayan azərbaycanlılar həmin ölkələrin mətbuatı, dövlət qurumları və biznes strukturları ilə əlaqədə olmalıdırlar. Dövlətimizi, xalqımızı dünya miqyasında müdafiə etməlidirlər. Şübhəsiz ki, Azərbaycan dövləti özünü müdafiə edir. Beynəlxalq hüquq normalarına uyğun olaraq fəaliyyətini davam etdirir”.

Millət vəkili diqqətə çatdırıb ki, tədbirdə diaspora təşkilatlarına görülməli olan işləri xatırladıldı: "Dağlıq Qarabağ məsələsinə də ayrıca önəm verildi. Ordumuzun böyük əzmkarlıq nümayiş etdirməsindən söz açıldı. Sonra cənab Prezident diaspor təşkilatlarının quruculuq işlərinə xüsusi diqqət yetirdi. Söylədi ki, müxtəlif ölkələrdə bir sıra diaspor təşkilatlarımızın bir-bir ilə rəqabəti bəzən problemlər yaradır. Bu isə o deməkdir ki, diaspor qurumları normal işləmir. Sonra müxtəlif ölkələrdəki səfirliklərimizlə diaspor təşkilatlarının birgə işləməsi məsələsinə toxunuldu. Bu da ciddi məsələ idi. Sonra ölkə başçısı dünyanın müxtəlif ölkələrində yaşayanların Azərbaycanla bağlı olması, Azərbaycan dili, ədəbiyyatı, mədəniyyəti və tarixini yaxşı bilməsinin zəruri olduğunu söylədi. Prezident dedi ki, çox yaxşı olardı ki, ən azı ildə bir dəfə hər bir azərbaycanlı ölkəmizə gəlsin. Azərbaycan haqqında təsəvvürləri mükəmməl olsun. Bir sözlə, dünyada müxtəlif münaqişələrin baş verdiyi bir halda geniş xalq kütlələri səviyyəsində müzakirələrin aparılması tarixi əhəmiyyətə malikdir”.

Ayyət Əhməd