İndi zamanıdır...

Dilqəm və Şahbazın məsələsi də itkin düşənlərin qaytarılmasının tərkib hissəsi olmalıdır




"Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) əsir və itkinlərlə bağlı danışıqlara başlayıb”. Bu barədə Komitənin Bakı nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova məlumat verib. Onun sözlərinə görə, qurum münaqişə tərəflərinə öz neytral vasitəçi xidmətlərini təklif edib: "Hazırda tərəflərlə dialoq aparılır”.

Məlumat üçün bildirək ki, aprelin 1-dən 2-nə keçən gecədən başlayaraq Azərbaycanın bütün cəbhəboyu mövqeləri iriçaplı silahlar, minaatanlar, qumbaraatan və artilleriya qurğularından intensiv atəşə tutulub. Eyni vaxtda qoşunların təmas xəttinə yaxın mülki əhalinin kompakt yaşadığı bir sıra yaşayış məntəqələri də düşmən atəşinə məruz qalıb. Müdafiə Nazirliyinin rəsmi məlumatlarında ordumuzun 31 şəhid verdiyi bildirilib. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası qoşunların təmas xəttində baş vermiş son hərbi əməliyyatlar zamanı itkin düşdüyü bildirilən hərbçilərimizin sonrakı taleyinə aydınlıq gətirilməsi üçün aidiyyəti dövlət qurumlarının və beynəlxalq təşkilatların vasitəçiliyi ilə müvafiq araşdırmalara başlanıldığını açıqlayıb.

Məsələyə münasibət bildirən Modern.az saytının baş redaktoru, Parlament Jurnalistlər Birliyinin (PJB) sədri Elşad Eyvazlı "Şərq”ə söyləyib ki, artıq tərəflərlə danışıqlara başlanılıb. Hətta əsir düşənlərin və eyni zamanda dünyasını dəyişənlərin nəşinin qaytarılmasına dair təkliflər irəli sürülüb. Bildiyim qədər təkliflərin hamısı həyata keçiriləcək. Amma hələ ki, bu haqda bizə məlumat vermirlər”. Kəlbəcərdə girov götürülən soydaşlarımız Dilqəm Əsgərov və Şahbaz Quliyevin məsələsinə gəlincə, E.Eyvazlı söyləyib ki, bu işlərdə BQXK-nin vasitəçiliyi var: "Dəfələrlə məktub aparıb, gətiriblər. Həmçinin onların səhhətlərinə dair məlumatlar veriblər. Hesab edirəm ki, girovlarımızın işi də son hadisədə itkin düşənlərin qaytarılmasının tərkib hissəsi olmalıdır. İndiki məqamda D.Əsgərov və Ş.Quliyevin qaytarılması da gündəmə gətirilməlidir. Erməni əsirlər qaytarılacaqsa, girovlarımız da ölkəmizə təhvil verilməlidir. İndi elə bir üstünlük qazanmışıq ki, Ermənistan tərəfi əsir və itkinlərlə yanaşı, D.Əsgərov və Ş.Quliyevi də qaytarmağa məcburdur”.

Ayyət Əhməd