“İndiki jurnalistikanı 1990-cı illərlə müqayisə etmək olmaz”

“O vaxtlar 3-4 qəzetimiz var idisə və orada ümumilikdə 2 minə qədər jurnalist çalışırdısa, indi orta hesabla 200 mindən çox jurnalistimiz var”
“Mənim çox bəyəndiyim sistem Almaniya sistemidir. Həmin ölkədə reportyor və ya müxbir kimi jurnalistikanın ilkin pilləsində bütün ixtisas sahibləri işləyə bilərlər”


"Lakin idarə heyəti və yönləndirici qurum, məsələn, şöbə müdiri, baş redaktor kimi şəxslər ixtisasca jurnalist olurlar”


Müstəqil Azərbaycan Respublikasında demokratiyanın vacib amillərindən biri kimi söz, mətbuat azadlığının təmin olunması, azad medianın inkişafı hər zaman prioritet istiqamətlərdən olub. Milli və bəşəri dəyərləri rəhbər tutan Azərbaycan mətbuatı demokratiya və aşkarlığın mühüm vasitəsi kimi daim xalqımıza öz ali məqsədlərini həyata keçirmək yolunda bələdçilik edib, müstəsna xidmətlər göstərib. Cəmiyyətin güzgüsü kimi dəyərləndirilən mətbuatın əsas prinsipləri obyektivlik, qərəzsizlik, vətənpərvərlikdir.

Əgər mediamız bu üç amilin vəhdətliyinə əməl etsə, ölkənin bu günü və gələcəyi üçün önəmli məsələlərin müzakirəsinə və həllinə xidmət edən yazılar ortaya çıxar. Bu baxımdan hər bir mətbuat orqanı ictimaiyyətin gözləntilərini hansı səviyyədə yerinə yetirdikləri ətrafında daim düşünməli, özünə daim hesabat verməlidir. Çox təəssüflər olsun ki, vurğulanan əsas prinsipləri fəaliyyətlərində arxa plana keçirən mətbuat orqanları da var. Bəlkə də elə bu səbəbdən ölkə mətbuatının bugünkü durumu heç də qənaətbəxş hesab olunmur. Eyni zamanda reklam bazarının olmaması, oxucuların yazılı mətbuata bir o qədər maraq göstərməməsi də medianın ağır durumunu şərtləndirən əsas faktorlardan sayılır. Son dövrlər meydana çıxan internet medianın, xəbər agentliklərinin də kifayət qədər ciddi problemləri mövcuddur. Amma bütün bunlara baxmayaraq, əksər media nümayəndələri hesab edirlər ki, xüsusən, müstəqillik dövründən etibarən Azərbaycan mətbuatı sürətli inkişaf yolu keçib və xeyli nailiyyətlər əldə edib.

Mətbuatın ümumi durumu, medianın funksiyaları və mövcud problemləri haqda "Şərq”ə müsahibə verən Mətbuat Şurasının sədr müavini, Jurnalist Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli də hesab edir ki, Azərbaycan mediası kifayət qədər inkişaf yolu keçib...



- Ölkə mətbuatının indiki durumunu necə dəyərləndirirsiniz? Bəzən medianı əvvəlki illərlə müqayisə edirlər və ovaxtki jurnalistikanın daha peşəkar olduğunu söyləyirlər. Bu fikirlərə münasibətiniz necədir?

- Hesab edirəm ki, keçmişlə müqayisədə müasir mediamız daha peşəkar və lazımi səviyyədə fəaliyyət göstərir. Düzdür, çox zaman medianı 1990-cı illərlə müqayisə etməyə cəhd göstərirlər və o dövrü daha peşəkar mərhələ kimi təsvir edirlər. Amma mən o fikirlə razı deyiləm. Nəyə görə? Ona görə ki, 1990-cı illərdə Azərbaycan mediasının üzərində dövlət qurumlarının, konkret olaraq Mətbuat və İnformasiya Nazirliyinin nəzarəti var idi. Hər hansı KİV-i qeydiyyatdan keçirmək zərurəti vardı. Media orqanının fəaliyyəti üçün lisenziya tələb olunurdu. Ta 2000-ci illərə qədər bu, belə olub. 2001-ci ildə Mətbuat və İnformasiya Nazirliyi ləğv olundu və media üzərindən dövlət nəzarəti götürüldü. Həmçinin, o dövrdə mətbuat üzərində senzura da var idi. 1998-ci ilə qədər rəsmən qalan senzuranı həmin ildə ümummilli lider Heydər Əliyev ləğv etdi. Sadəcə olaraq ozamankı prosedurlar elə idi ki, jurnalistikaya təsadüfi adamların gəlməsi mümkün deyildi. Çünki medianın üzərində ciddi nəzarət var idi, prosedurlar olduqca ağır idi. Bir tərəfdən Mətbuat və İnformasiya Nazirliyi, digər tərəfdən senzorlar mediaya nəzarət və müdaxilə edirdilər. Eyni zamanda başqa baryerlər də var idi ki, bu, medianın əl-qol açmasını məhdudlaşdırırdı. Bu səbəbdən həmin dövrdə media orqanlarının sayı da az idi. Məsələn, 1990-cı illərin ortalarına və sonlarına nəzər salsaq, Azərbaycanda 4-5 populyar qəzet var idi. Yaxud da 2-3 tanınmış informasiya agentliyi fəaliyyət göstərirdi. Yəni mətbu orqanların sayı və informasiya məkanımız kifayət qədər məhdud idi. Həm də jurnalistikada çalışanların tərkibi çox deyildi. Amma bu gün o baryerlərin hamısı aradan götürülüb. İndi nə senzura var, nə dövlət qurumu olaraq Mətbuat və İnformasiya Nazirliyi. Eyni zamanda KİV-lərdən qeydiyyat da tələb olunmur. Hazırda fəaliyyət göstərmək istəyən media qurumları sadəcə Ədliyyə Nazirliyinə müraciət etməklə işə başlaya bilərlər. KİV-lərin indiki dövrdə fəaliyyət göstərməsi o qədər rahatlaşıb və maneəsiz olub ki, hazırda ölkədə 5000-dən çox media qurumu var.

- İndiki jurnalistlərin hamısı peşəkar hesab olunurmu?

- Təbii ki, yox, biz bunların hamısını peşəkar media qurumları və jurnalistlər hesab etmirik. Onların arasında kifayət qədər qeyri-peşəkar redaksiyalar və jurnalistlər var. Amma bu o demək deyil ki, ümumiyyətlə indiki jurnalistikanın peşəkarlığı aşağı düşüb. Hazırkı jurnalistikanı 1990-cı illərlə ümumiyyətlə müqayisə etmək olmaz. Çünki həmin dövrlə müqayisədə mediamız xeyli dərəcədə inkişaf edib. Tutaq ki, 1990-cı illərdə 3-4 qəzetimiz var idisə və orada ümumilikdə 2 minə qədər jurnalist çalışırdısa, indi orta hesabla 200 mindən çox jurnalistimiz var. İki yüz min jurnalistin də ən kəskin rəqəmi götürsək, 50 faizi qeyri-peşəkar olsun. Yerdə qalan 50 faiz peşəkar media nümayəndəsinin olması keçmişlə müqayisədə 10-15 dəfə çoxdur. İnternetin inkişafı da bu proseslərə ciddi təsir göstərir. Saytlar medianın inkişafında yeni qol yaradıb. Həmçinin, sosial şəbəkələr yaranıb və vətəndaş jurnalistikası da inkişaf edib. Bu səbəbdən son dövrlər jurnalistikaya güclü axın olub və bu sahəyə yüksək təbəqə toplaşıb. Axın çox olduğuna görə, jurnalistikanın içində qeyri-peşəkarlar da var, neqativ fəaliyyət göstərənlər də var. Amma ümumilikdə götürəndə Azərbaycanın peşəkar mediası xeyli inkişaf edib. Təsadüfi deyil ki, ABŞ-dan tutmuş Afrikaya qədər ən müxtəlif yerlərdə media qurumlarımızın yerli büroları fəaliyyət göstərir. Bu gün Avropa Şurasında Azərbaycan media qurumlarının ofisləri var. Onlar dünyaya çıxır və səsimizi beynəlxalq ictimaiyyətə çatdırırlar. Bunlar çox böyük inkişafdır.

- Media nümayəndəsinin peşəkar və ya qeyri-peşəkar olmasını birbaşa jurnalistika ixtisası ilə bağlamaq olarmı? Bir çox hallarda bunu problem kimi qabardırlar...

- Bilirsiz, dünyanın hər bir yerində jurnalistika bütün cəmiyyətin təbəqələri üçün açıqdır. Yəni biz mətbuat sahəsində sırf jurnalistika ixtisası almış adamlarla yanaşı, ixtisasca çilingər olan adama, tibb bacısına və rəssama da rast gələ bilərik. Bu faktdır və təkcə Azərbaycana xas olan amil deyil. Bütün dünyada vəziyyət belədir. Əslində bu, çox yaxşı effekt verir. Çünki bu gün jurnalist ixtisası almış bir şəxsin yazacağı hansısa məqalə ilə sırf həmin sahə adamının qələmə aldığı yazı eyni ola bilməz. Məsələn, təhsil sahəsində müəllim daha yaxşı material hazırlaya bilər, nəinki bir jurnalist. Bu baxımdan hansısa müəllimin jurnalistikaya gəlməsi problem yaratmır. Nə olsun ki, onun ixtisası təhsillə bağlıdır. Jurnalistika bütün sahələrə açıqdır. Amma burda maraqlı bir nüans da var. Mənim çox bəyəndiyim sistem Almaniya sistemidir. Həmin ölkədə reportyor və ya müxbir kimi jurnalistikanın ilkin pilləsində bütün ixtisas sahibləri işləyə bilərlər. Burda hansısa problem yoxdur. Lakin idarə heyəti və yönləndirici qurum, məsələn, şöbə müdiri, baş redaktor kimi şəxslər ixtisasca jurnalist olurlar. Bəzi xarici ölkələrdə araşdırmaçı jurnalistlər də qeyri-ixtisas sahibləridir. Bu üsul öz müsbət təsirini göstərir. Belə bir struktur Azərbaycanda olsaydı, yaxşı olardı. Amma bizdə hələlik idarəçilikdə qeyri-ixtisaslı jurnalistlər çoxdur. Ancaq buna baxmayaraq, Azərbaycanda ixtisasca jurnalist olmayanlar bu sahədə kifayət qədər uğur qazana biliblər. Hətta populyar media qurumlarının tərkibinə baxsaq, onların əksəriyyətinin qeyri-ixtisas sahibi olduğunu görərik. Mövzu ilə bağlı xüsusi bir məqamı da vurğulamaq istəyirəm. Məsələ ondadır ki, burada söhbət ikinci təhsildən gedir. Ola bilər, bir adamın bir neçə istiqamətdə təhsili olsun. Məsələn, mənim özümün üç ali təhsilim var. Yəni birinci təhsil jurnalistika olmaya bilər, amma istənilən şəxs daha sonra bu sahədə təhsil alıb peşəyə yiyələnər. Jurnalistika daim inkişafda olan sahədir. Mütəmadi olaraq kurslar, seminarlar təşkil olunur. Qeyri-ixtisaslı jurnalistlər kurslarda iştirak edərək öz ixtisaslarını artıra bilərlər. Bu da normal bir şeydir. Dünyanın əksər ölkələrində jurnalistika akademiyaları fəaliyyət göstərir. Orada jurnalistlərə ali təhsil yox, sadəcə çalışan müxbirlərə sifarişlə iki-üç aylıq kurs keçirlər. Orada yay və qış məktəbləri də təşkil olunur. Jurnalistlər orada təkmilləşmə kursları keçirlər. Yəni vurğulamaq istəyirəm ki, 5 il jurnalistika fakültəsində oxumaq vacib deyil. Ola bilsin, jurnalist başqa bir ixtisasın sahibidir, amma jurnalist kimi fəaliyyət göstərir və lazım olan anda təkmilləşdirmə kurslarında iştirak edir.

(Davamı var)

İsmayıl