“Çünki AŞ PA-nın qərarı siyasidir, Avropa Məhkəməsinin qərarı isə hüquqidir və burada faktiki olaraq Ermənistan işğalçı olaraq tanınır”
Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Azərbaycana qarşı qəbul etdiyi qətnamə bu qurumun faktiki olaraq, Avropa İnsan Haqları Məhkəməsinə qarşı çıxdığını göstərdi.
Belə ki, qətnamə layihəsi müzakirəyə çıxarılarkən bəzi avropalı və erməni deputatların təklifi ilə "Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ və digər yeddi rayonu” cümləsi "Dağlıq Qarabağ münaqişəsi barədə” cümləsi ilə əvəz edildi. AŞ PA qətnamə layihəsinə düzəliş edərək Azərbaycana qarşı sənədi qəbul etdi. Bu qərar ilk növbədə Avropa İnsan Hüquqları Məhkəməsinin "Çıraqovların işi” ilə bağlı məhkəmə hökmünə qarşıdır. Digər tərəfdən, bir neçə il əvvəl AŞ PA Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal olunmasına dair qətnamə qəbul edib. Qurum bu qərarı ilə öz sənədlərinə və prinsiplərinə, həmçinin, beynəlxalq hüquqda təsbit olunan dövlətlərin ərazi bütövlüyü prinsipinə qarşı olduğunu nümayiş etdirdi.
AŞ PA-nın anti-Azərbaycan qərarı təsadüfi deyil. Xüsusilə, bu qərarın I Avropa Oyunlarının Bakıda keçirilməsi ərəfəsində qəbul edilməsi Azərbaycana qarşı ümumi hücum planının tərkib hissəsi olduğu aydın olur. Əvvəlcə Avropa Parlamentində Azərbaycanla bağlı "dinləmələr” keçirildi, ardınca Almaniya Bundestaqı qətnamə qəbul etdi, indi də AŞ PA. Beynəlxalq hüququ əsas prinsipi elan edən bu təşkilat da Qərbin siyasi maşınının alətinə çevrildi. Bu qurum ermənilərin mövqeyindən çıxış edərək Azərbaycana qarşı qərarlar qəbul edir. AŞ PA-nın irəli sürdüyü dəyərlərin yalnız kağız üzərində olması artıq aksiomadır.
Qafqaz Universitetinin professoru, beynəlxalq hüquq üzrə ekspert Fərhad Mehdiyev AŞ PA-nın qərarının siyasi xarakter daşıdığını deyib: "Prosedura görə, hansı ölkəyə qarşı qərar qəbul edilirsə, o ölkənin AŞ PA-da təmsil olunan deputatları buna səs verə bilmir. Bu qərarda da Azərbaycan nümayəndə heyətinin üzvləri səs verə bilmədi. Əvəzində erməni deputatlar etiraz etdi, nəticədə işğal ifadəsi çıxarıldı”. Politoloqun sözlərinə görə, bu, "Çıraqovların işi” ilə bağlı Avropa İnsan Hüquqları Məhkəməsinin hökmünə ziddir: "Lakin hazırkı situasiya Azərbaycanın xeyrinədir. Çünki AŞ PA-nın qərarı siyasidir, Avropa Məhkəməsinin qərarı isə hüquqidir və burada faktiki olaraq Ermənistan işğalçı olaraq tanınır. Bu qərar köhnə Şaumyan rayonundan çıxarılan şəxslərlə bağlı həm Ermənistan, həm də Azərbaycana qarşıdır. Yəni o rayondan çıxarılanların mülkiyyət hüququ tanınır. Azərbaycan tərəfi ermənilərin mülkiyyət hüququnu tanıyaraq, onlara kompensasiya ödəyə bilər. Həmçinin, yaşamaq hüququnu təmin edər. Lakin Ermənistanın vəziyyəti çətindir. Çünki bununla işğalçı olduqlarını etiraf edəcək, nəticədə işğal olunmuş 7 rayonu qaytarmağa məcbur olacaq. Azərbaycandan köçüb getmiş ermənilər də eyni iddianı Azərbaycana qarşı qaldıra bilərlər. Amma Azərbaycan Ermənistandan fərqli olaraq bunu qəbul edəcək. Digər tərəfdən, ortada ciddi say fərqi var. Azərbaycana qarşı iddia qaldıracaq 100 min erməni tapmaq mümkün deyil. Lakin Azərbaycanın 750 min köçkünü yenidən Avropa Məhkəməsinə müraciət edə və Ermənistandan haqlarını tələb edə bilərlər”.
İsmayıl