“İndiyə qədər heç bir gənc xətrimə dəyməyib”
Elçin Abbasov: “Bu cür arzuolunmaz münasibəti daha çox yaşlı nəslin nümayəndələrindən görürəm”
Müsahibimiz Abbasov Elçin Rükəxan oğludur. O, 1982-ci ildə Lerik rayon Ərdəbil kəndində dünya göz açıb. E.Abbasov 6 yaşında olarkən görmə qabiliyyətini tamamilə itirib. Bundan sonra bir çox üzüntülərə məruz qalsa da, ayaqda durmağı bacarıb. Qüsuruna görə, valideynləri tərəfindən cəmiyyətdən gizlədilən həmsöhbətimizin heç bir təhsili yoxdur. Bununla belə o çox qeyri-adi bacarığa malikdir. A.Elçin bir müddətdir ki, şərf, papaq, corab və isti jiletlər toxuyub satmaqla məşğuldur. Müsahibimiz bu sənəti əlillərin reabilitasiya mərkəzində mənimsəyib.
Sevdiyi qadına qovuşa bilməyən Elçin elə bu səbəbdən doğulub boya-başa çatdığı kəndi tərk edərək paytaxta üz tutub. Hazırda Bakının Sabunçu rayonunda kirayədə yaşayır. Elə biz də onunla ötən şənbə gecə saat 11-də metronun "28 may” stansiyası yaxınlığındakı Səməd Vurun parkında rastlaşdıq. Dostum Pərvin Mansurovla sözügedən parka yenicə ayaq basmışdıq ki, bir-birimizdən xəbərsiz diqqətimiz gecə saatlarında gözünə qara eynək taxıb, əllərinə baxmadan paltar toxuyan bir şəxsə yönəldi. Gözdən əlil olması aydınca sezilən bu gəncin istedadı və bacarığı bizi heyrətləndirməyə bilməzdi. Bu səbəbdən marağımızı boğa bilməyib, ona yaxınlaşdıq.
"Qəzetçiyəm, sizdən müsahibə götürmək istəyirəm, bu mümkündürmü?” soruşdum.
"Problem yoxdur” - tərəddüd etmədən, məmnuniyyətlə razılıq verdi. Ad, soyadını öyrənib, söhbətə başladıq.
- Toxuduğunuz nədir?
- Şərfdir. Sifarişdir. Eyni zamanda corab, papaq, jilet və s. geyim növləri toxuyuram. Bununla dolanıram. Gözdən əliləm. Heç bir gözüm görmür. Günün işığı da mənə qaranlıq kimidi. Bununla belə iynə saplayıram. Telefon işlədirəm, kimə lazım olsa, mesaj yazıram. Xalçaçılıq kursunu da keçmişəm. İlmə vurmağı da bacarıram. Bundan başqa xırda muncuqlardan güllər düzəldib, dibçəklərə qoyuram.
- Dibçəkləri də satırsınız?
- Düzdür, elə olur ki, ürəyim istəyən adama hədiyyə edirəm. Amma onları satmaq məqsədilə hazırlayıram. Üstəgəl, bir məşğuliyyət kimi başımı qatıram. Eyni zamanda dolanma pulu çıxardıram. Bilirəm ki, pul üçün kiməsə ağız açmıram.
- Bir şərfin qiyməti neçəyədir?
- Tək şərfi 8-10, papaqla birgə 15 manata satıram. Düzdü, indi mövsümlə əlaqədar sifariş verənlər azdır. Lakin havalar soyuyan kimi alıcılar çoxalır. Toxuduğumun biri də üstümdə qalmır.
- Mağazalara verib, satdırırsınız?
- Xeyr, özüm satıram. Çünki mağazalar məndən ucuz istəyirlər. Özləri isə aparıb, əl işidi deyib, baha satır. Ona görə də alverçilərə vermirəm. Həm də üstümdə qalmır ki, onu mağazaya verim. Yayda toxuyub, evə qoyuram, payız aylarında çıxardıb, satacam. Keçən il qışı bütün günü toxuyub satmışam. Hətta ötən il anam xəstə idi. Öz pensiya kartımla kredit götürdüm. O kredit borclarını papaq, şərf toxuyub satmaqla ödədim. Hətta ailəmizin də dolanmasını çıxartdım.
- Bu əsnada dostum müdaxilə etdi. Həmişə bu parkda olursunuz?
- Burada da oluram. Amma daha çox Nərimanov parkına gedirəm. Orada məni tanıyırlar. Sifariş daha çox olur. Bu səbəbdən ora tez-tez üz tuturam.
- Bu sənətə necə yiyələnmisiniz?
- Əslində həmişə musiqi və incəsənəti sevmişəm. Yeni Ramanada sağlamlıq imkanları məhdud olan gənclərin peşə reabilitasiya mərkəzi var. Orada hər şeyi yeni üsullarla öyrədirlər. Kruçokla toxunmalardır. Kataloqa baxıb, müəllim bizə izah edirdi. Bu toxumanı orada öyrəndim.
- Qeyd etdiniz ki, 100 faiz görmürsünüz, bu qüsur sizdə anadangəlmə olub, yoxsa sonradan yaranıb?
- 6 yaşıma kimi tam olmasa da, rəngləri seçirdim. Adamları qismən də olsa görə bilirdim. Gözümdə anadangəlmə travma olub və göz təzyiqi yaranıb. Bu xəstəliyi müalicə etdirmək üçün paytaxtdakı göz institutuna gəldik. Burada da dedilər ki, Moskvaya aparmaq lazımdır. Həmin həkim söylədi ki, bunun Rusiyada və başqa xarici ölkələrdə müalicəsi var. Valideynlərim bir gözümü əməliyyat etdirdilər ki, xeyri olsa, o birisini də etdirsinlər. Amma əməliyyatdan sonra evdə oynayırdım, yıxıldım stolun tini əməliyyat olunan gözümə batdı. Ondan sonra həmin gözüm tam tutuldu. Yəni illər keçdikcə, təzyiqdən gözümün görmə siniri sıradan çıxdı. İndi heç bir şeyi görə bilmirəm. Amma anam üçün lazım olanda iynəni də saplayıram.
- İndiki halda müalicə üçün harasa müraciət etmisinizmi?
- 2007-ci ildə Zərifə Əliyeva adına göz xəstəxanasına getdim. Dedilər ki, təzyiqdən gözünün görmə siniri tutulub. Amma müalicəsi var demədilər. Ola bilər ki, haçansa, çarə olar. O, Allahın işidi. Qismətlə razılaşmaq lazımdır. Bunu taleyimə Allah yazıb. Ona görə də şükür edirəm. Narahat olmuram. Əslində narahat olsam, vəziyyətim çox pis olar. Düzdü, adam bir az sarsılır. Amma çalışıram, onu da aradan qaldırım. Yəni öz işimi özüm həll edirəm. Heç kimə yük olmuram. İstədiyim bir ləvazimatı marşruta minib gedib, Sədərəkdən alıram. Həm də əsa ilə gəzirəm. Harada maneə olanda onu hiss edirəm. Şükür ki, ölkəmizdə mədəni, xeyirxah insanlarımız çoxdur. Onlar köməklik göstərirlər.
- Dəfələrlə şahidi olmuşam ki, bəziləri fiziki qüsurlu insanları gülüş obyektinə çeviriblər. Siz də bu cür insanlara rast gəlmisinizmi?
- Əlbəttə, mənə yuxarıdan aşağı baxanlar da olub. Amma onları normal insan saymadığımız üçün davranışları mənə toxunmur. Çünki əvvəllər belə şeylər məni çox üzürdü. İndi elə adamlara fikir vermirəm. Çünki kiminsə insanlığı yoxdursa və o, bunu nümayişkaranə şəkildə büruzə verirsə, mən onu adam saymıram. Bəzən elələri olur ki, salam verib, yol soruşmaq istəyirəm, keçib gedirlər. Yol göstərmirlər.
- Onların yerindəcə dərsini verirsinizmi?
- Baxın, bir gün yaşlı bir kişi yaxınlaşıb, soruşdu ki, nə toxuyursan? Dedim şərf toxuyuram. Deyir sən onu görürsən? Deyirəm yox. Bir az keçdi yenidən bir sual da verdi ki, heç görmürsən? Deyirəm yox. Yenidən bir də soruşdu ki, məni də görmürsən? Dedim yox. Sonra bildirdim ki, olar sizdən bir söz soruşum. Dedi soruş. Dedim məni və əlimdəkini görürsünüzmü? Hə dedi. Mən də cavab verdim ki, inanmıram. Deyir necə inanmırsan? Dedim ki, sən görsəydin, bayaqkı sualları mənə verməzdin. Söylədim ki, mənim gözlərim, sənin isə bəsirət gözün kordu. Bax, belə məsələlər adamın qəlbindəki sızıltıları daha da gücləndirir. Bu cür arzuolunmaz münasibəti daha çox yaşlı nəslin nümayəndələrindən görürəm. İndiyə qədər heç bir gənc xətrimə dəyməyib.
- Ailəniz neçə nəfərdən ibarətdir?
- Ailədə 11 nəfər olmuşuq. Atam, anam, 4 bacı və 5 qardaşıq. Atam rəhmətə gedib. Anam və bacı qardaşlarım var. Onlar Lerikdə qalırlar. Mən isə bura gəldim. Qohumlarla Sabunçuda kirayədə qalıram. Rayon yeri bir az qapalıdır deyə, dura bilmədim. Bakıya gəldim. Burada əl işlərimi satmaq imkanı var. Həm də cəmiyyətə çıxmaq mənə çox rahatlıq gətirir.
- Məsələn, kimlərlə daha çox ünsiyyətdə olursunuz?
- Hər insanla yol getmirəm. Dostlar iki cür olur. Ünsiyyət üçün dostlar və bir də inanılmış dostlar. Ünsiyyət qurmağı xoşlayıram. Amma elə adamlar var yekəxanadırlar. Onlardan uzaq gəzirəm. Adam var iç dünyası o qədər zəngindir ki, əl işimi görməsə də belə, insanın hisslərini başa düşür. Yaxınlaşırlar. Dərdləşirik. Dərdlərimi paylaşıram və bu da mənə rahatlıq gətirir. Məsələn, bu yaxınlarda sənətinə və özünə hörmət etdiyim müğənni Elnarə Abdullayevaya əl işlərimdən birini hədiyyə etdim. Məndə onun mobil nömrəsi var. Əlaqə saxlamışıq. Onu sırf həmin müğənniyə hədiyyə etmək üçün hazırlamışdım. Və efirlərin birində hədiyyəmi verdim. Əl işlərimdən gül düzəldib, vermişdim, mənə çox təşəkkür etdi. Bax, belə məsələlər həyata və yaşamağa olan istəyimi daha da artırır.
- Ondan sonra sizə hansısa müğənni sifariş verirmi?
- Xeyr. Amma "Günəbaxan” verilişinin aparıcısı Kamran Həsənli və ATV-də "Gündəlik” verilişinin aparıcısı Mətanət xanıma əl işlərimdən hədiyyə vermişəm. Onlar sifariş etməsələr də, sıravi vətəndaşlardan sifariş verənlər olur. Az-çox dolanırıq.
- Bəs, sosial və mənzil şəraitinizi yaxşılaşdırmaq üçün hansısa aidiyyəti dövlət orqanına müraciət etmisinizmi?
- Dövlətdən 127 manat pensiya alıram. Bunun elə də böyük köməyi olmur. İndiyə kimi heç kimdən təmənnasız pul istəməmişəm. Həmişə xoşlamışam ki, öz əməyimlə dolanım. Halal zəhmətimdi. Amma istəyərəm ki, dövlət köməklik göstərsin.
- Ailəlisiniz?
- Xeyr, subayam.
- Evlənmək barədə düşünürsünüzmü?
- Əlbəttə, istəyirəm ki, evlənim ailəm, uşağım olsun.
- Namizəd varmı?
- 10 il qabaq bir qız vardı. Sağlam və imanlı bir ailədən idi. Halal bir insan idi. Ona olan istəyimi elə ürəyimdəcə saxlayırdım. Keçən il bu məsələni ailədə açıqladım. Elçi düşdük. Amma baş tutmadı. Qardaşı vermədi. Doğrusu, buna çox üzüldüm. Yaşadığım travmadan da çox təsir göstərdi mənə. Ona görə də kənddə qalmaqdan imtina edib, paytaxta gəldim. Bilirsinizmi, hər bir valideyn istəyir ki, qızını fiziki qüsuru olmayan birinə versin. Övladı gedib, xoşbəxt olsun. Amma vallah, xoşbəxtlik qüsursuzluqla bağlı deyil. Elə insan var ki, fiziki cəhətdən heç bir qüsuru yoxdur, amma görünməyən eyibləri kifayət qədərdir. Nə edim, xoşbəxt həyatımı onunla görürdüm. Təəssüf ki, alınmadı.
- İndi necə, başqa bir namizədiniz varmı?
- Düzdü, evdən bəzən deyirlər ki, filankəsin qızı var. Lakin heç kimə imkan vermərəm ki, işimə müdaxilə eləsin. Yəni bu işdə qərarı özüm verəcəm. Tanıdığım biri ilə ailə qurmaq istəyirəm ki, biri-birimizi anlaya bilək. Amma hələlik elə bir namizədim yoxdu.
- Təhsiliniz varmı?
- Xeyr. Çünki uşaq olanda valideynlərim utandıqlarından məni hər kəsdən gizlədirdilər. Mənim ictimaiyyətə çıxmağımı istəmirdilər. Bunu hiss edirdim. Valideynlərimin bu cür rəftarı məni mənən əzirdi. Amma çalışırdım özüm gizlənim ki, bunu valideynim mənə deməsin. Onların deməsi mənə daha böyük zərbə idi. Elə bir vərdiş almışdım, paltarsız bir insanın qaçıb gizləndiyi kimi hamıdan qaçırdım. Bir adam gəlib yanımdan keçəndə həyəcanımdan udqunurdum. Sonra gördüm ki, belə yaşamaq mümkünsüzdür. Hətta ürəyimdən intihar etmək keçirdi. Öz-özümə deyirdim ki, mən yararsız bir insanam. Yaşadım, yaşamadım, kimə lazımam? Sonra düşündüm ki, bədbinliyə qapılmağımın da mənası yoxdur. Bütün sarsıntıları yenib, ayaqda durmağı bacardım. Açıb, valideynlərimə dedim ki, məni niyə başqalarından gizlətməyə çalışırsınız? Düzdü, onlar fikrimi inkar etdilər. Buna rəğmən dedim ki, hiss eləmişəm. Amma belə etməyin, sabah siz həyatda olmayanda mən neyləyəcəm? Cəmiyyətdən gizlənəcəmsə, onda yaşamağımın da mənası yoxdur. Çünki mən insanlardan qaçanda, fikirləşirdilər ki, mənim əqlim, şüurumda da problem var. Bunu da hiss edirdim. Hətta özümə o qədər qapanmışdım ki, heç kimə salam vermirdim. Sonra isə hər şeyi əksinə dəyişdim. Onda da artıq gec idi. Həmyaşıdlarım orta məktəbi bitirmişdilər. Təhsilsizliyimin yeganə səbəbi bu oldu.
- Hazırda evdəkilər sizi sərbəst buraxırmı?
- Şübhəsiz ki, valideynlərimin məni qapalı mühitdə saxlaması məndə ağır bir təsir qoyub. Nə qədər aradan qaldırmaq istəsəm də, baş tutmur. Baxın, sınmış xrustal qabı nə qədər ustalıqla bərpa etsən də, onda həmin qırıq izləri qalacaq. Amma deyim ki, mənim etirazımdan sonra onlar da məni anladılar. Ondan sonra heç bir işimə qarışmadılar. Əlbəttə, onlar da dərd çəkirdilər. Hətta anam hər gün məndən gizlin ağlayırdı. Bunu da bilirdim. Bir gün anama dedim ki, bu ağlamağının heç bir mənası yoxdur. Sənin ağlamağın gözlərimə işıq gətirməyəcək. Daha da həyata olan ümidlərimi param-parça edirsən. Dedi yox da, bala, narahat oluram. Dedim millət öləni ağlayır. Sənin ağlamağın belə məna verir ki, mən ölmüşəm. Ana qəlbidi də, istər-istəməz narahat olur. Amma anama təskinlik vermək, göz yaşı axıtmaması üçün dedim ki, iynə-sapı bura gətir. Dedi neynirsən? Dedim paltarımı tikirəm. İynəni götürüb sapladım. Bundan sonra anam söylədi ki, sənə yox, özümə ağlayacam. Çünki görməyən sən yox, mənəm. Söz düşəndə anam deyir ki, Elçin mənə elə təskinlik verib ki, mən daha ondan nigaran qalmıram. Həqiqətən də mənə görə heç nigaran deyil. İndi gecə saat 11-di. Mən şəhərdə, parkdayam, o da rayondadır. Parkda olduğumu bilir, amma heç nigaran da deyil. Məni ailədə daha əlil kimi görmürlər. Bir sözlə, üz qırxmaqdan tutmuş dırnaq kəsməyə qədər hər bir işi özüm edirəm. Heç kimə möhtac deyiləm. Hətta boş vaxtım olanda bəzi yeməklərdən də bişirirəm. Yanımda heç kim olmasa da, bütün işlərin öhdəsindən gəlirəm.
- Bakıda ev almaq kimi planınız varmı?
- Təbii, lakin Bakıda qeydiyyatda deyiləm. Ona görə də burda qeydiyyatdan keçdim ki, qeydiyyatım olsun. Çünki gözdən əlillərə və Qarabağ əlillərinə dövlət tərəfindən ev tikilib, istifadəyə verilir. Növbədə duranlar var. Burada qeydiyyatım olandan sonra növbəyə duracam. Havası xoş, səfalı olsa da, kənd yerində yaşamaq məni darıxdırır.
- Niyə?
- Burada çox tanınırsan, sənin əl işlərini bilib görən olur. Əl əməyini dəyərləndirirlər. Məsələn, mən kənddə olsam, siz mənlə rastlaşıb, müsahibə etməzdiniz. Ona görə şəhərdə yaşamağa üstünlük verirəm. Həm də burada insanlar adama daha çox dəyər verir. İndiki halda dünya işığını, pul-para var-dövlətdə deyil, mənə, insanlığa verilən dəyərdə görürəm. Çünki pul-paranı mədəniyyətsiz də əldə edə bilər. Amma ən vacib amil insanların sevgisini qazanmaqdır.
Ayyət Əhməd