İnformasiya müharibəsini gücləndirməliyik

Bu işə diaspora böyük yardım edə bilər



Dünən Dünya Azərbaycanlılarının IV Qurultayında informasiya müharibəsinə dair müzakirələr aparılıb. Qurultay çərçivəsində "Müasir dövrdə informasiya müharibəsi - müdafiədən hücuma: şərtlər, siyasi reallıqlar və yeni fəaliyyət mexanizmləri” mövzusunda panel müzakirələri keçirilib.

Tədbirdə çıxış edən millət vəkili Elman Nəsirli informasiya təhlükəsizliyi məsələlərinin xüsusi önəm kəsb etdiyini bildirib. Deputat deyib ki, Ermənistanla informasiya müharibəsində qalib gəlməyimiz ərazi bütövlüyümüzün təmin olunmasında mühüm rol oynaya bilər. AMEA-nın üzvü, akademik Rasim Əliquliyev də bildirib ki, 1990-cı illərdə Azərbaycanda televiziyanın enerji blokunun partladılması ilə respublikamıza ciddi problem yaradıldı. Ancaq bu gün Azərbaycanın öz peyki var: "Müstəqilliyimiz sərvətimizdir, onu qorumalı və ayıq olmalıyıq. Azərbaycan Vikipediada fəal olmalı, Azərbaycanın uğurları barədə məlumatlar yerləşdirilməlidir. 3-5 milyonluq bədnam qonşumuzun Vikipediada 200 min məqaləsi olduğu halda, 50 milyonluq azərbaycanlının 100 min məqaləsi var”. Özbəkistandan gələn tədqiqatçı, Qarabağ üzrə araşdırmaçı Şöhrət Salamov Azərbaycan və özbək xalqının dostluğundan, qardaşlığından danışıb: "Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik. Ancaq silah yolu ilə deyil, sülh yolu ilə məsələnin həllini istəyirik”. Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri Hikmət Cavadov Prezident İlham Əliyevin fikirlərinə istinad edərək informasiya mübarizəsində daha aktiv olmağın vacibliyini vurğulayıb. H.Cavadov informasiya sahəsində uğurlu fəaliyyət üçün koordinasiya şurasının yaradılması təşəbbüsü ilə çıxış edib. Litva Azərbaycanlıları Cəmiyyətinin sədri Mahir Həmzəyev azərbaycanlıların soyqırımı və Qarabağın işğalı ilə bağlı həqiqətlərin dünyaya yayılması üçün bir sıra xarici ölkələrin təcrübəsindən istifadə edildiyini diqqətə çatdırıb.

İsmayıl