"İnsanlara eşşək əti yedizdirmək cinayətdir"




"Eşşək əti, eləcə də xəstə at ətləri təkcə dönərxanalara deyil, paytaxtda fəaliyyət göstərən restoranlara da satılır”.

Bunu Sherg.az-a Bakıda 1 manatlıq dönərlərin satıldığı məkanlarda mənşəyi məlum olmayan, murdar ətlərin satılmasına münasibət bildirərkən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib. 

O bildirib ki, bu gün ölkədə ətin tərkibini müəyyənləşdirən texnika olmadığı üçün müəssisələrdə eşşək, donuz və ya mal ətindən istifadə edildiyini dəqiqləşdirmək çətindir:

"Ölkədə qidanın təhlükəsizliyinə ciddi nəzarət olunmur. Hazırda mağazalarda insanların sağlamlığı üçün təhlükəli qidalar satılır. Məsələn, "Kinder” şokaladlarını qeyd edim. Bütün dövlət qurumlarına bu malın yığışdırılması ilə bağlı məlumat vermişəm, lakin satışdan yığışdırılmır və dövlət orqanları bu məsələyə biganəlik göstərir. İqtisadiyyat Nazirliyi bildirir ki, biznes qurumlarına toxunmaq olmaz. Belə şəraitdən sui-istifadə olunur, təhlükəli qidalar əhaliyə satılır. Bu azmış kimi, Bakıda insanlara eşşək əti yedizdirirlər. Bu, cinayətdir. Dövlət qurumları bununla bağlı araşdırma aparmalıdır”.

E. Hüseynov hesab edir ki, eşşək əti qarışıq şəkildə və ya döyülmüş ətlərin tərkibində insanlara verilir:

"İnsanlar yedikləri dönərlərin hansı ətdən olduğunu dəqiq bilmirlər. Bu eşşək əti də ola bilər, at əti də”.

Aysel Aslan