İnsanlarda inam qalmayıb

“Məhkəmələrə müraciət edəndə hakimlər məmurların xeyrinə qərar qəbul edirlər”
“Hətta aşkar qanun pozuntularında belə məhkəmə vəzifə sahiblərini müdafiə edir”


"Ölkədə məhkəmə islahatlarının aparılmasına ciddi ehtiyac var”. Bunu Milli Məclisin növbəti plenar iclasında 2016-cı il üçün dövlət büdcəsinin müzakirəsi zamanı millət vəkili Qüdrət Həsənquliyev deyib. Deputat bildirib ki, insanların hüquqlarını müdafiə edən məhkəmə sistemindəki mövcud vəziyyət düzəlmədən müşahidə edilən qanunsuzluqların qarşısını almaq mümkün olmayacaq:

"Sahibkar məmur özbaşınalığının qarşısının məhkəmə qərarı ilə alınacağına ümidli olmalıdır. Sahibkarlara normal şərait yaradılmasa, büdcəyə vəsaitin daxil olmasından söhbət gedilə bilməz. Ona görə də bu sistemdə islahat aparılmalıdır”.

Millət vəkilinin təklifinə münasibət bildirən "Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri, hüquqşünas Əliməmməd Nuriyev deyib ki, istənilən islahatın həyata keçirilməsi üçün inam və etimad vacib şərtdir. Amma inam və etimadı müəyyən edən aydın sübutlar olmalıdır: "İndiki halda sahibkar ayrı-ayrı vəzifəli şəxslərin qanunsuz hərəkətləri ilə bağlı məhkəmələrə müraciət edəndə hakimlər məmurların xeyrinə qərar qəbul edirlər. Hətta aşkar qanun pozuntularında belə məhkəmə vəzifə sahiblərini müdafiə edir. Bu səbəbdən insanlarda məhkəmələrə inam azdır. Problemi aradan qaldırmaq üçün konkret nümunələr lazımdır. Əgər hansısa hakim qeyri-qanuni və əsassız fəaliyyətinə, rüşvət sövdələşməsinə görə cəzalanırsa, onun fəaliyyətinə xitam verilirsə, cəmiyyət bundan xəbər tutmalıdır. Doğrudur, son illərdə Məhkəmə Hüquq Şurası tərəfindən bir neçə hakimin fəaliyyətinə xitam verilib və bunun səbəbləri açıqlanıb. Amma bu hallar çox olmalıdır”. Ə.Nuriyev deyib ki, sahibkarlarla məmurlar arasındakı məhkəmə çəkişmələrində ümumiləşdirmə aparılmalıdır: "Ali Məhkəmə araşdırmalıdır ki, il ərzində nə qədər sahibkar məhkəmələrə müraciət edib və onların neçəsinin müraciəti təmin olunub. Bu halda biləcəyik ki, hansı şərtlərə görə sahibkarın iddiası təmin olunub və ya əksinə, geri çevrilib. Vergi orqanları ilə sahibkarlar arasındakı məhkəmə çəkişmələrinin 90 faizi də vergi sisteminin xeyrinə yekunlaşır.

Sahibkarlarla yerli icra orqanları arasında olan münaqişələr də çox zaman icra başçılarının "qələbəsi” ilə başa çatır. Ona görə də sahibkarlar məhkəməyə müraciət etməyə qorxurlar. Çünki bu, onların daha da sıxışdırılmasına gətirib çıxarır”. Hüquqşünas xatırladıb ki, sadəcə yüksək vəzifəli məmurların himayəsində olan "böyük sahibkarlar”ın məhkəmələri udmaq şansı var: "Məhkəmə islahatlarına ehtiyac var. Ancaq tədbirlər kompleks şəkildə həyata keçirilməlidir. Məhkəmə instansiyaları arasında geniş monitorinq aparılmalı və bu yoxlamalar dövlət orqanları tərəfindən yox, bitərəf vətəndaş cəmiyyətləri tərəfindən həyata keçirilməlidir. O zaman daha obyektiv nəticələr əldə etmək olar. Yəni dövlət qurumları öz praktikalarına əsaslanmasınlar, çünki onların sistemində məmur maraqları var”.

İsmayıl