İnsanlarımız yalanlara aldanırlar

İlham Şaban: “Klassik lampaları satan məmurlar yalandan şayiələr buraxırlar ki, guya ağ lampalar hansısa xəstəlik yaradır”“Halbuki Avropa ölkələrində közərmə, yəni volframlı lampalar qanunla qadağan olunub”
Norveç gələn onillikdə bütün növlərdən olan qazıntı yanacağın istifadəsini qadağan etməyə hazırlaşır. İddialara görə, 2025-ci ilədək Norveçdəki maşınların 100 faizi yaşıl enerji ilə hərəkətə gətiriləcək.
Ölkə siyasətçilərinin fikrinə əsasən bu qərar Norveç üçün xüsusi onəm daşıyır. Çünki ölkənin əsas maliyyə fondları neft sənayesinə söykənir. Norveçdə 2025-ci ilədək benzinlə işləyən maşınların ləğv olunacağı barədə xəbəri sevinclə qarşılayanlardan biri də ABŞ elektrik avtomobilləri istehsalçısı Tesla Motorsun baş icraçı direktoru Elon Musk olub.
Böyük Britaniya da bu istiqamətdə işlərini yekunlaşdırmaq üzrədir. Əgər ingilislərin planı baş tutarsa, ölkədə 2030-cu ilə kimi benzinlə işləyən maşın qalmayacaq. Görəsən, nə vaxtsa Azərbaycan yollarında elektrik enerjisi ilə çalışan maşınların şahidi olacağıqmı? Məsələyə münasibət bildirən Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban "Şərq”ə açıqlamasında deyib ki, Norveç 2005-ci ildə Avropa Birliyinin enerji təhlükəsizliyi ilə bağlı verdiyi qərarları icra edir: "Enerji təhlükəsizliyi ilə bağlı qərarların birinci hissəsi diverfikasiya, ikinci tərəfi isə enerjinin qənaətcil istifadəsi, yəni enerji texnologiyalarından istifadədir. Burda söhbət əldə olunan alternativ enerjidən və ondan alınan elektrik enerjisinin qənaətcil istifadəsindən gedir. Əgər biz alternativ enerjidən elektrik enerjisi alırıqsa və onu qənaətcil istifadə etmiriksə, onda bu tapıntı mahiyyət kəsb etmir. Çünki alternativ enerjidən böyük həcmdə elektrik enerjisi almaq mümkün deyil. İnkişaf etmiş ölkələr 2020-ci ilədək özlərinin enerji balansını 20 faiz elektrik enerjisinə çatdırmağı hədəf götürmüşdülər. Ancaq 2015-ci ilə qədər həmin ölkələr artıq 30 faizə gəlib çatdılar. Bu göstərici Qərb dövlətlərinin innovativ texnologiyaların inkişafında keçdikləri qısa yolun mühüm nəticəsi idi. Baxaq görək, biz bu istiqamətdə nə işlər görmüşük. Müstəqillik illərindən bu yana bizim ümumiyyətlə, innovativ texnologiyalara meylimiz sıfırın altındadır”. Ekspertə görə, bizdə neft hasilatından başqa heç bir sahədə innovasiyaya meyillilik yoxdur: "Sadə bir misal çəkim. Hazırda insanların çoxu az enerji sərf edən ağ "spiral” lampalardan istifadə edir. Düzdür, onlar adi lampalardan 4-5 dəfə bahadır. Ancaq bu lampalar klassik volframlı lampalardan daha az enerji sərf edir. Problem odur ki, bunun kütləviləşməsi üçün lazım olan addımlar atılmır. Məsələn, ölkədə hamının az enerji sərf edən həmin lampalardan istifadə edə bilməsi üçün o məhsulların ölkəyə gətirilməsinə sıfır vergi tətbiq edilə bilər. Belə olarsa, onların qiyməti indiki kimi 3-4 manata yox, 50 qəpiyə gələr. Elektrik enerjisinə və həmin stansiyalarda istifadə olunan milyardlarla kubmetr qaza ancaq belə üsullarla qənaət etmək mümkündür. Ancaq biz bunu etmirik. Çünki klassik lampaları satan məmurlar yalandan şayiələr buraxırlar ki, guya ağ lampalar hansısa xəstəlik yaradır. Maariflənmə kifayət qədər güclü olmadığı üçün insanlarımız belə yalanlara aldanırlar. Halbuki Avropa ölkələrində közərmə, yəni volframlı lampalar qanunla qadağan olunub. Bax, fərqimiz budur. Əlbəttə, elektrik enerjili maşınların daha çox yayılması müsbət haldır. Son 5 ildə dünya sürətlə buna keçməkdədir. Amma Azərbaycanda yaşıl enerjili avtomobillərin işə düşməsi və geniş yayılması çox uzaq gələcəyin layihəsidir”.
İsmayıl