İnsanların məlumatları çox azdır
Əyalətlərdə vəziyyət daha acınacaqlıdır
Millət vəkili Qənirə Paşayeva Milli Məclisin ötən iclasında çıxışı zamanı bölgələrdə vətəndaşlara məxsus evlərin icbari sığortasının həyata keçirilməsinin sürətləndirilməsi məsələsini gündəmə gətirib. "İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun qəbulundan 2 ildən artıq vaxt keçməsini xatırladan millət vəkilinin sözlərinə görə, 2 milyondan artıq yaşayış evindən 120 mini, yəni təqribən 6 faizi sığortalanıb.
Hökuməti bu qanunun həyata keçirilməsi istiqamətində daha fəal olmağa çağıran xanım deputat bildirib ki, rayonlarda, kəndlərdə evlərin böyük əksəriyyəti sığortasızdır, hər hansı bədbəxt hadisə, faciə, təbii fəlakət, yanğın, partlayış, daşqın baş verdiyi zaman, mənzil dağıldığı və ya yararsız vəziyyətə düşdüyü zaman bu cür hallarla üzləşən belə bir ailə çox ağır vəziyyətdə qalır və ona kömək etmək imkanları da çox çətin olur. O hesab edir ki, vətəndaşlar arasında sığortanın vacibliyi və önəmi ilə bağlı təbliğat-təşviqat işlərini daha da artırmaqla bərabər, rayonlarda və kəndlərdə evlərin sığortalanmasının sürətlənməsi istiqamətində bütün istiqamətlərdə daha da çox addımlar atmaq lazımdır.
İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti, iqtisadçı Samir Əliyev isə hesab edir ki, insanların bu sahədə məlumatı azdır və maliyyə savadsızlığı onların icbari sığortanın verdiyi üstünlüyü müəyyənləşdirməsinə imkan vermir: "Əhalinin sosial vəziyyətinin aşağı olması da sığortanın inkişafına mane olur. Digər tərəfdən, sığorta şirkətlərinə inam yoxdur. Bir sıra hallarda sığorta şirkətlərinin işini düzgün qurmaması, öhdəliklərini tam yerinə yetirməmələri onlara qarşı inamsızlıq yaradır və bu da onların xidmətindən imtinaya səbəb olur”.
İqtisadçının sözlərinə görə, qanunvericilik daşınmaz əmlakın icbari sığortasını nəzərdə tutsa da, bu prosesin tətbiqi hələ də gözlənilən nəticəni vermir. Bunun əsas səbəbi "İcbari sığortalar haqqında” qanunun lazımi qaydada tətbiq edilməməsi və daşınmaz əmlakın dövlət qeydiyyatında mövcud olan problemlərin həllini tapa bilməməsidir: "Yəni həmin qanuna görə, dövlət qurumları və bələdiyyələr tərəfindən sökülməsi nəzərdə tutulan, tikintisi başa çatmayan, qəzalı vəziyyətdə olan və icazə verilməyən yerlərdə inşa edilmiş daşınmaz əmlaklar icbari sığortaya cəlb olunmur. Təsəvvür edin ki, hazırda yüz minlərlə evin sənədi yoxdur. Bu evlərin bir hissəsi tikintisi başa çatmayan hesab olunur. Xüsusilə də MTK-lar tərəfindən tikilən və təhvil verilməyən binalar kifayət qədərdir. Həmin evlər icbari sığortadan kənarda qalır. Evlərin bir hissəsi icazə verilməyən yerlərdə inşa edildiyindən belə evlər də qanunun tətbiq dairəsinə düşmürlər. Bunun üzərinə saylarının az olmasına rəğmən sökülməsi nəzərdə tutulan və qəzalı vəziyyətdə olan evləri də əlavə etsək, bu halda böyük həcmdə evlərin sığortadan kənarda qalmasının şahidi olarıq”.
İqtisadçı-ekspert Əli Əlirzayev isə deyib ki, keçmiş SSRİ dövründə icbari sığorta məcburi idi və dövlət sığortalanmış daşınmaz əmlaka dəyən ziyanı kompensasiya etməyə tam təminat verirdi. Bu təzminatların ödənilməsi üçün dövlət büdcəsindən maliyyə vəsaiti ayrılırdı: "Amma müasir dövrümüzdə belə bir prinsip yoxdur. Əhalinin maddi vəziyyəti icbari sığortalanma üçün kifayət etmir. Ona görə də bu proses könüllü sığortalanma qaydası ilə həyata keçirilməlidir. Maarifləndirilmə işləri aşağı səviyyədə aparıldığından sığorta barədə məlumatı olmayan vətəndaşlar kifayət qədərdir. Rayonlarda bu barədə məlumatı olan insanlar çox azdır. Bu səbəbdən də əhalinin maarifləndirilməsi işləri sürətləndirilməli və vətəndaşlarda sığortalanmaya marağı artırmaq üçün stimullaşdırıcı variantlardan istifadə edilməlidir. Yəni daşınmaz əmlakın sığortalanması şərtləri yumşaldılmalı, vətəndaşlar üçün güzəştlər tətbiq olunmalıdır. Məsələn, sığorta haqqı əhalinin maliyyə vəziyyətinə uyğun təyin edilməlidir. Bundan əlavə, sığorta bazarında şəffaflıq yüksəldilməlidir. Bunun üçün də sığorta şirkətləri öz işlərini yüksək səviyyədə qurmalıdırlar. Sığorta bazarında güclü rəqabət yaranmalıdır ki, əhalidə də icbari sığortaya maraq oyansın və artsın”.
"NBA LTD” şirkətinin prezidenti Nüsrət İbarihmov da bildirib ki, sivil bazar qurmaq, sığorta bazarının inkişafına təkan vermək, bazarda mövcud olan riskləri azaltmaq və vətəndaşları ehtiyatlandıqları risklərdən qorumaq üçün Azərbaycanda daşınmaz əmlakın icbari sığortası lazımlı və vacib məsələdir: "Vətəndaşın mülkiyyət hüququnun təmin olunmasında və qorunmasında mühüm əhəmiyyət kəsb etdiyindən sığorta vacibdir. Sığorta məsələsi gündəmdə olduğu ərəfədə qeyri-qanuni, yəni sənədləşdirilməyən, yaxud sənədləşdirilməsi problem olan əmlakların məsələsi də ortaya çıxacaq. Ona görə də sığorta prosesi elə həyata keçirilməlidir ki, vətəndaşlar sığortadan yayınmasın, yaxud narazı qalmasın. Sığorta məbləğinin birdəfəlik və ya mərhələlərlə ödənilməsi barədə də ciddi düşünmək lazımdır. Əhalinin ödəmə qabiliyyəti həddən artıq aşağı səviyyədə olan yaşayış massivlərində sığortanın ilkin ödənişini dövlət öz üzərinə götürə bilər. Daşınmaz əmlakın sığortaya cəlb edilməsi zamanı onun qiymətləndirilməsi də əsas problemlərdən biridir. Ona görə də əmlakın qiymətləndirilməsi zamanı peşəkar və müstəqil qiymətləndirmə şirkətlərinin xidmətlərindən bəhrələnmək vacibdir”.
Şəymən