Fərqanə Mehmanqızı: " Həyatını yaşayıb, özünü təsdiq etməyənlər ölümlə özünü sübut etməyə çalışır"
"İnsan gün ərzində ən azı 2 saat özü ilə başbaşa qalmalı, ruhundakı aclığı hiss etməlidir"
"İntiharlar ənənə halını alıb”.
Bunu "Sherg.az”a ötən həftə ərzində bir gündə 4 intihar hadisəsinin baş vermə səbəblərini izah edərkən psixoloq Fərqanə Mehmanqızı deyib. O bildirib ki, bu gün eqosu əzik olanlar, özünə inamı olmayan insanlar intihar edir:
"İntihar "dəbli ölüm” kimi anlaşılır. Həyatını yaşayıb, özünü təsdiq etməyənlər ölümlə özünü sübut etməyə çalışır. İntihar edən şəxslər arasında məşhurlar da var. Lakin məşhur olmaq, xalq tərəfindən sevilmək heç də öz eqonun təmin olunması demək deyil.
Bu gün insanlar hara gedir şəkil çəkdirir, sosial şəbəkələrdə paylaşır. Bu, artıq mənəvi aclıqdan xəbər verir. Belə aktiv paylaşımlarla onlar "mən də varam” – mesajı ilə özlərini təsdiq etməyə çalışır. Sosial şəbəkələrdə şəkillər, maraqlı fikirlər paylaşmaq olar, lakin hər anı bu qədər ictimailəşdirmək düzgün deyil.
Bir insanın profilinə baxın. Əgər hər anını obrazlı şəkildə ictimaiyyətin önünə qoyursa, hər addımını nümayiş etdirirsə, bilin ki, əvvəl-axır intihar edəcək. Belə hərəkətlər aclıqdan yaranır və bu aclıq intihara gətirib çıxarır.
İnsanlar müxtəlif məclislərə, toylara, doğum günlərinə, partilərə gedirlər, amma orada həzz almırlar. Çünki bütün məclis boyu şəkil çəkir, canlı yayım edir, paylaşırlar.
İnsanın 5 duyğu orqanı var. Bunlar əslində ruhumuzun qida vasitəsidir. Məsələn, bir musiqiyə qulaq asırıq, yumşaq bir şeyə toxunuruq, xoş bir qoxu duyuruq və ruhumuz bununla qidalanır, doyur. İnsan ruhu bu şəkildə doymadıqda, başqa şəkildə bunu təmin etməyə çalışır.
İnsan özünü tanımalıdır və ruhunun nə ilə doyduğunu bilməlidir. Özünü tanımamaq əslində, aqressiyanın, baş verən bütün mənfi hadisələrin əsl səbəbidir. Duyğu hisslərindən yetərincə istifadə etmirik. Hətta musiqini belə ancaq insanlara nümayiş etdirmək üçün dinləyirlər”.
Bu şəkildə həyat tərzi sürənlərə məsləhətlərini verən psixoloq deyib ki, insan gün ərzində ən azı 2 saat özü ilə başbaşa qalmalı, ruhundakı aclığı hiss etməlidir:
"Bir problemi həll etmək üçün ruhunun nəyə ehtiyacı olduğunu insan bilməlidir. Belə olmadıqda insanın beyni gərginləşir, internetlə məhv olur. Çünki sosial şəbəkələrdə, səhifələri çevirərkən dəqiqə ərzində bir-biri ilə əlaqəsi olmayan nə qədər məlumat alırıq. İnsanın beyni eyni anda bəd xəbərə, şad xəbərə, müsbət və mənfi hadisələrə reaksiya vermək üçün işləyir. Bu isə yığılır və bir növ partlamaya gətirib çıxarır. Yaranmış gərginlik əvvəl axır xaric edilməlidir və edilir də.
Bir abituriyent özünə qəsd edirsə, səbəbi ali məktəbə daxil olmaması deyil. Ona qədər həmin şəxsin mənəviyyatının ac qalması, yığılıb, qalmış mənfi enerjisi üzə çıxır".
Qeyd edək ki, bu günlərdə Bakının Nizami rayonunda 1994-cü il təvəllüdlü Həzrət Əsədulla oğlu Musayev yaşadığı binanın 10-cu mərtəbəsindən özünü atıb. Bundan başqa Göyçay rayonu İnçə kəndində də intihar hadisəsi baş verib. Belə ki, kənd sakini, 1988-ci il təvəllüdlü Qəhrəmanov Fərman İnqilab oğlu yaşadığı evin həyətindəki yardımçı tikilidən özünü kəndirlə asaraq intihar edib.
Xatırladaq ki, ötən həftə baş verən ən faciəvi intihar hadisəsi Sabunçu rayonu, Ramana qəsəbəsi Südçülük sovxozu deyilən ərazidə baş verib. Cəmil adlı gənc qəbul imtahanında lazımi nəticəni göstərə bilmədiyi üçün özünü yaşadığı mənzildə kəməri vasitəsilə tavandan asıb.
Aysel Aslan
Aysel Aslan