İqtidar ATƏT-i seçkini izləməyə çağırdı...

Niyaməddin Orduxanlı: “Seçkinin nəticələrinə kölgə salmaq istəyən qüvvələrə əsas vermək olmaz”
Xəzər Teyyublu: “Görünür, Azərbaycanın siyasi rəhbərliyi bütün bu amilləri nəzərə aldığı üçün Avropanın böyük qurumlarını ölkəyə dəvət edib”

Əli Oruclu: "Seçkiləri elə təşkil etmək lazımdır ki, nə xarici müşahidəçilərə, nə də qarşılıqlı şübhələrə və inamsızlığa ehtiyac qalmasın”

Milli Məclisin sədri Oqtay Əsədov ATƏT-in müşahidəçilərini Azərbaycanda keçiriləcək parlament seçkilərini izləməyə dəvət edib. Bu barədə Milli Məclis sədrinin müavini Bahar Muradova bildirib. Muradova deyib ki, qurumun 5-9 iyulda Helsinkidə keçiriləcək illik sessiyasında bu məsələ açıq elan olunacaq və parlamentarilərdən müşahidəçi kimi iştirak etmək istəyənlər qeydə alınacaq.

Spikerin dəvətinə münasibət bildirən Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) sədrinin müavini Niyaməddin Orduxanlı bu ilin noyabr ayında keçiriləcək parlament seçkilərinə beynəlxalq müşahidə missiyasının dəvət edilməsini çox müsbət addım kimi xarakterizə edib: "Bütün beynəlxalq təşkilatların bu cür arzu və istəyi varsa, parlament seçkilərində həmin qurumlarla əməkdaşlıq olunmalıdır. Bu, keçiriləcək seçkilərin şəffaflığının təmin olunmasında müəyyən rol oynayar. Beynəlxalq təşkilatların açıq şəkildə seçkiləri qısa və uzun müddətlə müşahidə etməsi mühümdür”. N.Orduxanlı deyib ki, seçkinin nəticələrinə kölgə salmaq istəyən qüvvələrə əsas vermək olmaz: "Hansısa bir bəhanə ilə seçkinin nəticələrinə təsir edilməsinə imkan verilməməlidir. Məncə, parlament seçkilərində ən güclü namizədlər qalib gələcək. Beynəlxalq müşahidəçilər də seçkiyə qərəzsiz və obyektiv yanaşsa, daha doğru olar”.

Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədr müavini Xəzər Teyyublu da bəyan edib ki, ölkəmizin siyasi durumu, demokratik mövqeyinə uyğun olaraq parlament seçkilərinin şəffaf və demokratik qaydada keçirilməsi siyasi gələcəyimiz üçün önəmli məsələlərdən biridir: "Seçki vaxtı dünyanın gözü Azərbaycanda olacaq. Azərbaycan Avropanın tərkib hissəsi olduğuna görə Qərb dünyası ölkəmizdəki bütün proseslərə maraq göstərir. Şübhəsiz ki, onlar Azərbaycanda keçirilən seçkilərin demokratik qaydada keçirilməsində maraqlıdır. Görünür, Azərbaycanın siyasi rəhbərliyi bütün bu amilləri nəzərə aldığı üçün Avropanın böyük qurumlarını ölkəyə dəvət edib. Mən şəxsən bunu bir bəyanat kimi qəbul edirəm. Bilirsiz ki, seçkilərdə müəyyən problemlər olur. Bu baxımdan ölkənin üçüncü şəxsinin belə bir çağırış etməsi göstərir ki, hakimiyyət parlament seçkilərinin demokratik və şəffaf şəkildə keçirilməsində maraqlıdır”.

Azərbaycan Milli İstiqlal Partiyasının Siyasi Şurasının üzvü Əli Oruclu isə bildirib ki, seçkilərə ümumilikdə münasibət dəyişməlidir: "Seçkiləri elə təşkil etmək lazımdır ki, nə xarici müşahidəçilərə, nə də qarşılıqlı şübhələrə və inamsızlığa ehtiyac qalmasın. Seçkilərin demokratik və şəffaf keçirilməsi hamının arzusudur. Ölkədəki problemlərin əsas çözümü də birmənalı olaraq hakimiyyət qollarının legitimləşdirilməsi ilə bağlıdır. Bunun üçün hamının, ələlxüsus da hakimiyyətin üzərinə böyük yük və məsuliyyət düşür”. Partiya rəsmisi deyib ki, seçkiləri izləməyə gələnlərin doğrudan da tərəfsiz, demokratiya naminə gəldiklərini düşünmək sadəlövhlük olardı: "Bəzən görürsən ki, maraqlar seçkilərin düzgün qiymətləndirilməsinə kölgə salır. Amma bununla belə müşahidə etmək istəyənə şərait yaratmaq lazımdır. Ən azından beynəlxalq müşahidəçilərin olması məsuliyyət hissini artırmış olur”.

Müsavat Partiyası başqanının müavini Elman Fəttah isə spikerin dəvətini ümumi açıqlama adlandırıb: "Müşahidə missiyasının heyəti və rəhbərliyi məlum olandan sonra ona qiymət vermək daha düzgün olar”.

İsmayıl