İqtidar da, müxalifət də eyni sözü deyir

Minsk Qrupu Dağlıq Qarabağ münaqişəsinin həllində heç bir müsbət rol oynamayacaq



Minsk Qrupunun Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətindəki fəaliyyətsizliyi ilə bağlı ciddi tədbirlərin görülməsi zərurəti yaranıb. Çünki Rusiya, ABŞ və Fransadan ibarət olan həmsədrlər 20 ildir münaqişənin həlli yolunda "ayaq döysələr” də, heç bir nəticə yoxdur.

Eyni zamanda, həmsədrlərin AŞ PA-nın sessiyasında Robert Volterin müəllifi olduğu qətnamə ilə bağlı narahatlıqlarını ifadə etmələri də vasitəçilərin Ermənistanı müdafiə etmək üçün necə çalışdıqlarına bir sübut oldu. Ötən gün gənclərlə görüşü zamanı çıxışında ölkə başçısı İlham Əliyev də Minsk Qrupunun həmsədrlərinin fəaliyyətini kəskin tənqid etdi. Prezident onları münaqişənin həllinə yox, dondurulmasına çalışmaqda günahlandırdı. Yeni Azərbaycan Partiyası sədrinin müavini, baş nazirin müavini Əli Əhmədov da jurnalistlərə açıqlamasında Minsk Qrupunun həmsədrlərini Azərbaycana qarşı mövqe sərgiləməkdə qınadı. Göründüyü kimi, artıq ölkə rəhbərliyi səviyyəsində həmsədrlərin ermənipərəst fəaliyyəti ciddi etirazla qarşılanır. Bəs müxalifət düşərgəsi Minsk Qrupunun yarıtmaz fəaliyyəti ilə bağlı nə düşünür, nə təklif edir? Məsələ ilə bağlı "Şərq”ə danışan Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu deyib ki, həmsədrlərlə bağlı mənfi fikirlər uzun illərdir gündəmdədir: "Həmsədrləri ittiham edəndə, bizə irad tuturdular ki, "sizin siyasətdən, diplomatiyadan başınız çıxmır”. Minsk Qrupunun tərkibi növbəti dəfə müəyyənləşəndən sonra təklif etdik ki, vasitəçi dövlətlər Dağlıq Qarabağ münaqişəsinin həllində maraqlı olan ölkələrdən seçilsin. Problemi yaradan Rusiya ilə arxasında qərəzli beynəlxalq təşkilatların dayandığı ermənipərəst Fransanın həmsədrliyi Azərbaycana müsbət nə verə bilər? Biz qəti şəkildə bu formatın əleyhinəyik. Həmsədr dövlətlərin tərkibində Almaniya və Türkiyə kimi ölkələr olmalıdır. İndi dövlət başçısı tərəfindən həmsədrlərin fəaliyyəti tənqid olunur və başqa zəruri məsələlər gündəmə gətirilir. Məsələn, din amili vurğulanır. Biz də deyirik ki, burda xristian-islam davası gedir. Erməni məsələsi yeni deyil. Bu, 1850-ci ilin, Paris sülh konfransının məsələsidir. Hesab edirəm ki, hökumət rəhbərliyi tərəfindən Minsk Qrupunun ciddi tənqid olunması "hər kəsin yerində otuzdurulması” baxımından yaxşı təşəbbüsdür”.

Müsavat Partiyası İcra Aparatının rəhbəri Gülağa Aslanlı da bildirib ki, Minsk Qrupuna Türkiyənin daxil edilməsi çox vacibdir: "Nə qədər ki, həmsədr dövlətlər arasında Rusiya var, vasitəçilik missiyasını həyata keçirən Minsk Qrupu Dağlıq Qarabağ münaqişəsinin həllində heç bir müsbət rol oynamayacaq. Çünki münaqişəni yaradan və bu günə kimi uzadan elə Moskvanın özüdür. Kreml açıq şəkildə bu məsələnin həll olunmasında maraqlı deyil”.

Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə isə ümumiyyətlə vasitəçilik missiyasının ləğvini istəyir: "Deməkdən yorulmuşam. ATƏT-in Minsk Qrupu yaralı barmaq kimi bir şeydir. Onu mütləq kəsib atmaq lazımdır. Əgər biz Qarabağı qaytarmaq istəyiriksə, Minsk Qrupuna alternativ format axtarmalı deyilik. Münaqişəni Azərbaycanın xeyrinə həll etməyin yeganə yolu müharibədir”.

İsmayıl