İqtidar-müxalifət dialoquna həmişə ehtiyac var

YAP yenə təşəbbüskarlıq etmək əzmindədir
Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu növbəti iqtidar-müxalifət dialoqundan danışıb. Təşkilat sədri qeyd edib ki, bunu Azərbaycan iqtidarından soruşmaq lazımdır.
Onun sözlərinə görə, dialoq məsələsində söz sahibi iqtidardır: "İstəsələr keçirdərlər, istəməzlər təşkil etməzlər. Dialoq məsələsi müxalifətdən asılı deyil. İqtidarın istək, arzusundan və məsələlərə münasibətindən asılıdır. İqtidar ortaya fikir qoyub münasibət öyrənməyə çalışmalıdır. Amma buna maraqları yoxdur. Marağın olmamasını isə iqtidar aydınlaşdırmalıdır. Bunu biz deyə bilmərik”.
İttihamlara cavab verən Yeni Azərbaycan Partiyasının (YAP) rəsmisi, millət vəkili Aydın Mirzəzadə bildirib ki, iqtidar-müxalifət dialoquna həmişə ehtiyac var: "Çünki dialoq tərəflərin biri-birini daha da yaxından başa düşməsidir. Dialoq qarşı tərəfin fikrinin dərindən öyrənilməsidir. Bu məsələlərə YAP həssaslıqla yanaşır. Məhz bizim təşəbbüsümüzlə vaxtaşırı YAP qərargahında və ya hansısa beynəlxalq təşkilatın ofisində görüşlər keçirilir. Ötən il parlament seçkiləri idi. Bu il isə referendum baş tutdu. Ona görə də siyasi təşkilatların hər biri bu seçki və referendumda öz taktikasının həyata keçməsinə çalışdı. Amma əlbəttə ki, YAP həmişə dialoqun təşəbbüskarı olur və bundan sonra da təşəbbüskarlıq etmək əzmindədir”.
Ayyət Əhməd